ABŞ-ın Texas ştatında keçirilən Ven Klaybern adına 13-cü beynəlxalq pianoçular müsabiqəsinin iki laureatından biri 20 yaşlı kor yaponiyalı musiqiçi Nobuyuki Tsudji olub. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb. Tsudji müsabiqənin 47 illik tarixi ərzində qalib gələn ilk kor pianoçudur. 13-cu müsabiqə başqa bir əlamətdar hadisə ilə də yadda qalıb. Müsabiqənin tarixi ərzində ikinci dəfə 2 nəfər eyni zamanda qalib olub. Tsudjidən əlavə çinli Xaoçen Çjan da əsas mükafata layiq görülüb.
   Adları çəkilən musiqiçilərdən əlavə, çinli Di Vu, bolqarıstanlı Yevgeni Bojanov, italiyalı Mariancela Vakatello və koreyalı Yeol Eum Son da finala çıxıblar. Son gümüş medal qazanıb. Finalçıların hamısına, o cümlədən qaliblərə növbəti üç il ərzində konsert proqramları ilə çıxış etməyə imkan yaradılacaq. İlk üç yeri tutanların hər biri 20 min dollar alacaq və özlərinin diskini də buraxa biləcəklər.
   Texasdakı ifaçılar müsabiqəsi Ven Klaybernin 1958-ci ildə Moskvada keçirilən Çaykovski adına Beynəlxalq Müsabiqədə qalib gəlməsindən sonra təsis edilib. Klaybern bu müsabiqənin ilk qalibi olub. Onun adını daşıyan müsabiqə isə hər 4 ildən bir keçirilir.