Böyük Britaniyanın «Billi Elliot» müziklinin Brodvey versiyası 10 «Toni» mükafatı alıb. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb. «Ən yaxşı aktyor» nominasiyasında eyni zamanda 3 aktyor qalib gəlib. Onlar «Billi Elliot»da baş rolu eyni zamanda ifa edən Devid Alvarez, Trent Kovalik və Kirill Kulişdir. Bundan əlavə, müzikl ən yaxşı rejissor işi, xoreoqrafiya, ssenari və digər nominasiyalarda qalib gəlib.«Billi Elliot» müzikli 2005-ci ildə Stiven Doldrinin eyniadlı filmi əsasında yaradılıb. Burada şaxtaçı ailəsindən olan oğlanın baletə sevgisindən bəhs edilir. Tamaşanın musiqisini Elton Con yazıb. Nyu Yorkda müzikli ilk dəfə 2008-ci ildə göstəriblər.
   «Ən yaxşı musiqi» nominasiyasında «Toni»ni «Normaya yaxın» müzikli alıb. Bu tamaşada psixi xəstəliklə mübarizə aparan qadın rolunu oynayan aktrisa Elis Ripli də mükafat alıb.
   Dramatik nominasiyada «Ölüm Allahı» adlı komediya qalib gəlib. Tamaşanın rejissoru Metyu Varçus və aktrisa Marsiya Qey Harden də xüsusi mükafata layiq görülüblər.