«Qaranlıqdan qorxma» filminin çəkilişləri zamanı təhlükəli insident baş verib. «WorstPreviews» resursunun məlumatına görə, məşhur aktrisa Keti Holms çəkiliş meydanında maşından düşəndən cəmi bir neçə saniyə sonra avtomobilin akkumlyatoru partlayıb.
   
   Avtomobil qara tüstü ilə yanmağa başlayıb, çəkiliş meydanında olan insanlar isə növbəti partlayışın baş verəcəyindən qorxaraq təhlükəsiz yerdə gizləniblər. Hadisə yerinə çağırılan xilasedicilər yanğını tez bir zamanda söndürüblər. Hələlik avtomobilin partlaması və yanmasının səbəbləri məlum deyil.
   Bu epizodun çəkilişlərini bir müddət təxirə salmaq lazım gəlib. Şahidlər bildirirlər ki, buna hadisədən ciddi şəkildə qorxan Keti Holmsun uzun müddət çəkiliş meydanına qayıda bilməməsi səbəb olub.
   Xatırladaq ki, Tom Kruzun həyat yoldaşı olan Keti Holmsun çəkildiyi filmin əsasında 70-ci illərin əvvəlində populyar olan telefilm durur. Filmdə atası və onun yeni sevgilisi ilə bir yerdə qədim malikanəyə köçən qızdan söhbət açılır. O, yeni evlərində bağlı otaq tapır. Həmin otaqda isə dəhşətli məxluqlar yaşayır. Keti Holmsdan əlavə filmdə Qay Pirs də çəkilir. Filmin rejissoru və ssenari müəllifi Qilyermo del Torodur.