Ser Pol Makkartni vaxtilə üzvü olduğu «The Beatles» qrupunun «Now And Then» adlı raritet kompozisiyası üzərində işi bitirib və yaxın vaxtlarda onu disk şəklində buraxmaq niyyətindədir.
   Bu barədə «ContactMusic» məlumat yayıb. «Now And Then» mahnısını 1978-ci ildə Conn Lennon yazıb. O, 1980-ci ildə güllələnənə qədər onu lentə yazdıra bilməyib və mahnı demo-versiya şəklində mövcud olub. Onun dul qadını Yoko Ono 1995-ci ildə «Now And Then»i, eləcə də «Free As A Bird» və «Real Love» treklərini «Anthology» layihəsi üzərində iş üçün qrupun sağ qalan digər üç üzvünə verib. Pol Makkartni, Corc Harrison və Rinqo Starr «Free As A Bird» və «Real Love»dəki partiyalarını yazıblar və sonradan onları «The Beatles» markası altında buraxıblar. Amma musiqiçilər arasındakı fikir ayrılığı səbəbindən «Now And Then» yenə də yarımçıq qalıb. Makkartni isə son 2 il ərzində kompozisiya üzərində bütün işləri tamamlayıb və qrupun dörd üzvünün hamısının partiyasını mahnıya daxil edib. «Now And Then» mahnısı işıq üzü görsə, bu, 1996-cı ildən bu yana «The Beatles»in ilk yazısı olacaq. Məlumdur ki, Pol Makkartninin arxivində ancaq «Carnival of Light» adlı 14 dəqiqəlik avanqard kompozisiya qalıb. O, müəyyən zaman keçdikdən sonra həmin kompozisiyanı da buraxmaq niyyətindədir.