Məşhur Hollivud aktyoru Mel Gibson növbəti dəfə qalmaqalla üzləşib. Çılğınlığı ilə məşhur olan aktyor bu dəfə böyük miqdarda cərimə və hətta həbs cəzası ilə üzləşə bilər. «WorstPreviews»in məlumatına görə, aktyor paparassini döyüb və sonuncu onu məhkəməyə verib.
   Amerikalı paparassi ötən həftənin sonunda polisə müraciət edib. O, Gibsonun ona hücum edərək bədən xəsarətləri yetirdiyini iddia edib. Məlumata görə, Gibson paparassinin ona və sevgilisinə həddən artıq diqqət yetirməsindən qəzəblənib.
   Məsələ belə olub: Gibson və onun hamilə sevgilisi Oksana Qriqoryeva Los-Ancelesdəki «Playhouse» gecə klubuna gediblər. Girişdə onları «Life and Style» jurnalının qadın müxbiri qarşılayıb və dərhal onların şəklini çəkib. Aktyorun mühafizəçiləri isə onun əlindən kameranı alaraq çəkdiyi şəkilləri məhv ediblər.
   Lakin müxbir qadın Gibsonu sakit buraxmaq istəməyib və kömək üçün dostu Karlis Hacevskisə müraciət edərək onların şəklini çəkməyi xahiş edib. Bu zaman Gibson artıq özündən çıxıb. O, fotoqrafın üstünə atılıb və onların arasında dava baş verib.
   Hacevskis cırılmış köynək və bir neçə qançırla yaxınlıqdakı polis idarəsinə gedərək aktyordan şikayət ərizəsi yazıb. Gibson isə Oksana ilə birlikdə dərhal hadisə yerini tərk edib.