Bir müddət öncə kinodakı karyerasını başa vurmağa hazır olduğunu bəyan edən kinorejissor Stiven Soderberq 2009-cu ilin dekabrında Avstraliyanın «Sydney Theatre Company» teatrında rejissor kimi debüt edəcək. «The New York Times”in məlumatına görə, pyesin hələ adı yoxdur. Amma süjet ABŞ-da baş verən real qətl hadisəsi üzərində qurulub. Maraqlıdır ki, bu cinayət hadisəsinə hələ də məhkəmədə baxılır.
   Tamaşada ancaq avstraliyalı aktyorlar rol alacaqlar. Soberberq aktyorların seçilməsinə sentyabr ayında başlayacaq. Rejissor qeyd edib ki, «Sydney Theatre Company»nin direktorlarından biri, məşhur aktrisa Keyt Blanşet onun əsərində oynaya bilməyəcək. Çünki onun iş qrafiki buna imkan vermir. Maraqlıdır ki, məhz Blanşet 2006-cı ildə «Yaxşı alman» («The Good German») filminin çəkilişləri zamanı Soderberqi öz teatrına dəvət edib. Aktrisa bu filmdə baş qadın qəhrəmanı obrazını yaradıb.
   Soderberqin 2001-ci ildə eyni zamanda 2 filmə - «Erin Brokoviç» və «Traffik» filmlərinə görə «Oskar» mükafatına namizədliyi irəli sürülüb. Münsiflər heyəti ona «Traffik» filmindəki rejissor işinə görə «Oskar» verib. 1989-cu ildə isə o, «Seks, yalan və video» filminə görə Kann kinofestivalında «Qızıl palma budağı» alıb.