Dünyaşöhrətli fransız aktyoru Jan-Pol Belmondo və onun keçmiş həyat yoldaşı Natti Tardivel ölümlə hədələnirlər. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
   Tardivel jurnalistlərlə söhbəti zamanı etiraf edib ki, avqustun əvvəlində ona hədə dolu məktub gəlib. Naməlum şəxslər onu və 76 yaşlı Belmondodan olan 6 yaşlı qızı Stellanı öldürməklə hədələyiblər. Bundan sonra qadın polisə müraciət edib: "Mən ərizə ilə müraciət etmişəm və hazırda polisin mühafizəsi altındayam. Çox narahatam və qorxulu yuxular görürəm. Polisdə mənə dedilər ki, Jan-Pol da eyni məzmunlu məktub alıb və polisə ərizə ilə müraciət edib".
   Tardivel etiraf edib ki, sirli hədələr onunla keçmiş həyat yoldaşı arasında mübahisələrin başlamasına səbəb olub. Qadın balaca qızını qorumaq məqsədilə onun atası ilə görüşməsinə icazə vermir. Belmondo isə bu faktdan narazıdır. Tardivel bildirir ki, qızının atası ilə görüşünə icazə verməməsinin yeganə səbəbi hədələrlə bağlıdır: "Mən heç bir zaman Stellanın atası ilə görüşünün əleyhinə olmamışam. Amma bu görüşlərin daha sakit və təhlükəsiz şəraitdə keçməsini istəyirəm".
   "France Presse" agentliyi bildirir ki, polis Belmondonun və onun keçmiş həyat yoldaşının hədə dolu məktublar aldıqlarını təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.