İtaliyanın mədəniyyət naziri Francesko Ciro və Roma şəhərinin meri Canni Alemanno dünya mədəniyyətinin nadir incilərindən sayılan məşhur Flavi amfiteatrının - Roma Kolizeyinin təcili olaraq bərpaya ehtiyacı olduğunu bildiriblər. Onların sözlərinə görə, bu qədim və əvəzsiz tarixi abidənin indiki durumu olduqca kritik bir həddə çatıb. Vəziyyət təcili olaraq bərpa işlərinə başlanılmasını tələb edir. Lakin indiki halda olduqca böyük məbləğ tələb edən bu layihənin həyata keçirilməsi üçün sponsor tələb olunduğu bildirilir. Şəhərin meri Canni Alemanno belə bir sponsorun ölkə daxilindən daha çox xaricdə tapılacağına ümidli olduqlarını vurğulayıb. O, məşhur Roma Kolizeyinin yalnız üçmərtəbəli arkalarının tam şəkildə bərpası üçün ən azı 5 milyon avronun tələb olunduğunu bildirib.
   Dünya şöhrətli misilsiz abidənin son dərəcə acınacaqlı bir durumda olduğunu, onun tamamilə uçmaq təhlükəsi ilə üzləşdiyini önə çəkən mer eyni zamanda digər tarixi abidələrin də əsaslı bərpaya ehtiyacı olduğunu və bütün bu işlərə təcili olaraq əncam çəkilməsi üçün təxirəsalınmaz tədbirlər görməyin vaxtı çatdığı barədə həyəcanlı açıqlama verib. Mədəniyyət naziri Francesko Ciro ölkədə tarixi abidələrin ən azı 60 faizinin bərpaya ehtiyacı olduğunu bəyan edib. Nazir həmçinin ölkədəki muzeylərin və tarixi yerlərin ildə ən azı 34 milyon avro gəlir gətirdiyini, əgər bərpa işləri tam başa çatdırılarsa bu rəqəmin iki dəfə artıq olacagını da gizlətməyb. Ümumilikdə bərpa işlərinin aparılmasına lazım olan 40 milyon avronun tapılacağı təqdirdə problemin uğurlu həllinin mümkünlüyünü bildirən nazir və şəhər meri, eramızın 72-79-cu illərində imperator Vespasian Flavinin inşa etdirdiyi əzəmətli Kolizeyi təkcə İtaliyanın deyil, həm də bütün bəşəriyyətin nadir abidəsi adlandırıb. Roma Kolizeyi yer kürəsində turistləri ən çox cəlb edən tarixi abidələrdən biridir. Qədim qladiatorların döyüşdüyü bu tikilini hər il ən azı 4 milyon turist ziyarət edir.