Roma Papası XVI Benedikt katolik kilsəsini çağdaş incəsənət aləmi ilə barışdırmaq niyyətindədir. O, bu məqsədlə noyabrın 21-də Romadakı məşhur Sikstin kapellasında möhtəşəm art- sammit təşkil ediləcəyini bildirib. Bu tədbirə dini və siyasi mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün ölkələrindən 500 nəfərə yaxın rəssamın qatılacağı gözlənilir. Artıq Hollivud bəstəkarı Ennio Morrikone, avanqardist teatr rejissoru Bob Uilson və digər 75 nəfər incəsənət xadimi art-sammitdə iştirak etməyə razılıq verib. Vatkana gəlməkdən imtina edən sənətçilərin isə adları hələlik açıqlanmayıb.
   Katolik rəhbərləri belə hesab edirlər ki. bu tədbir incəsənətlə kilsə xadimləri arasında yeni və məhsuldar bir mərhələnin əsasını qoyacaq. Vatikan muzeylərinin direktoru Antonio Paoluççi isə bu əlamətdar hadisəni “Böyük ayrılıqdan sonrakı barışıq” adlandırıb.
   Qəzetlərin yazdığına görə sözü gedən tədbirin II İohan Pavelin “ Sənətkarın məktubu” yazısının 10 illiyi və Roma Papası VI Pavelin 1964-cü ildə sənət adamları ilə görüşünün 45-ci ildönümü ilə bir vaxta salınması nəzərdə tutulub. Xatırladaq ki, VI Pavel (1897-1978) papa olduğu dövrdə müasir rəssamlığa böyük maraq göstərib. O hətta Vatikan muzeylərindən birində modernizm ekspozisiyasının açılmasının təşəbbüskarı olub. Burada Pikassonun, Kandinskinin, Şaqalın və Rodenin əsərlərindən ibarət sərgi təşkil edib.
   Bütün bunlara baxmayaraq, çağdaş sənət aləmi ilə Vatikan arasındakı soyuqluq hələ də davam edir. Bu münasibətlər ildən-ilə daha da pisləşir və ara-sıra hətta konflikt həddinə çatır. Məsələn, ötən il Vatikan rəhbərləri heykəltəraş Martin Kipperberqin “Çarmıxa çıkilmiş qurbağa” əsərini kəskin tənqid edib. Eyni sözü Roma Papasını qadın qiyafəsində təsvir etmiş digər sənətkar - heykəltəraş Paolo Şmidlinu haqqında da demək olar. İş o yerə çatıb ki, bu əsərlərin Milanda keçirilən incəsənət sərgisində nümayiş olunmasına qəti qadağa qoyan katolik xadimləri tədbirin təşkilatçılarını dövlət başçısının nüfuzuna ləkə gətirən belə bir rüsvayçılığa şərait yaratdıqları üçün məzəmmət ediblər.
   Katolik kilsəsi incəsənət xadimləri ilə dostluq münasibətlərini bərpa etmək, hətta 2011-ci ildə keçiriləcək Venesiya festivalında iştirak etmək niyyətindədir.