Çinli kinorejissor Lu Çuanın “Ölüm və həyat şəhəri” adlı bədii filmi “Qızıl balıqqulağı” - 57-ci San-Sebastyan kinofestivalının Baş mükafatına layiq görülüb. Onun adıçəkilən filmi münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb. “Qızıl balıqqulağı” kinofestivalında ən yaxşı kişi rolunun ifaçısı nominasiyası üzrə mükafat “Mən də sizin kimiyəm” bədii filminin qəhrəmanı, ispan aktyoru Pablo Pinedə, ən yaxşı qadın rolunun ifasına görə isə Lole Duenyasa verilib. Festivalda İspaniya və Fransanın birgə istehsalı olan “ Pianosuz qadın” filminin quruluşçu rejissoru Xavyer Rebolyo isə ən yaxşı rejissor işi nominaslyasında “Qızıl balıqqulağı”na layiq görülüb.
    Kinofestivalda iştirak edən Endryus Vouel, Melis Rivs, Patrisiya Korneilus, Xristos Siolkas isə ən yaxşı ssenariçi nominasiyasında mükafata layiq görülmüşlər. Qeyd edək ki, 57-ci San-Sebastyan beynəlxalq kinofestivalı ispandilli ölkələr arasında böyük nüfuza malikdir. O, Avropanın Beynəlxalq Kann, Berlin və Venesiya kinofestivallarından sonra öz əhəmiyyətinə görə dördüncü yerdə durur.
   Mətbuatın yazdığına görə, bu il “Qızıl balıqqulağı”Kinofestivalı daha möhtəşəm keçib. Bu mədəniyyət yarışmasında İspaniya, Böyük Britaniya, Fransa, Koreya, Çin və Argentinanın istehsalı olan 15 film nümayiş olunub. Xatırladaq ki, 2008-ci ildə türkiyəli kinorejissor Əsima Ustaoğlunun çəkdiyi film də “Qızıl balıqqulağı”na layiq görülmüşdü.