"RİA Novosti" agentliyinin məlumatına görə, Norveçin məşhur "A-Na" pop qrupu özünün son musiqi albomunu qastrolda olduğu Moskva şəhərinə və moskvalılara həsr edib. Tanınmış KİV-lərin yazdığına görə, artıq öz fəaliyyətinə son vermək qərarına gəlmiş bu musiqi kollektivinin Moskvaya və moskvalılara həsr etdiyi bu musiqi albomu rus pərəstişkarları üçün əsl bayrama çevrilib. Populyar pop kollektivinin bu töhfəsini vida görüşü kimi dəyərləndirənlərin sözlərinə görə, sözügedən musiqi kollektivinin Moskvadakı bütün konsertləri anşlaqla keçib.
   Avropanın ən populyar musiqi kollektivlərindən biri olan "A-Na" ansamblı 1982-ci ildə Osloda Morten Xarket, Pol Vokter-Savoy və Maqne Furuholmen tərəfindən yaradılıb. 1994-cü ildə ansambl buraxılsa da, dörd ildən sonra-1998-ci ildə yenidən təşkil olunub. Ansamblın indi yenidən öz fəaliyyətini dayandırmaq istəyi isə pərəstişkarların böyük təəssüfü ilə qarşılanıb. Ansamblın prodüseri jurnalistlərlə söhbətində qeyd edib ki, "A-Na" özünün sonuncu vida konsertini gələn il, dekabrın 3-4-də Osloda keçirəcəkdir. Lakin artıq gələn il baş tutacaq vida konsertinə olan bütün biletlərin satılıb qurtardığı bildirilir.
   Ansamblın musiqiçiləri bununla bağlı mətbuata verdikləri açıqlamada qeyd ediblər ki, "A-Na" ansamblı onların düşündüyündən daha böyük şöhrət qazanıb. Lakin bütün bu uğurlara baxmayaraq, artıq səhnədən getmək vaxtı çatıb. Lakin bu heç də o demək deyil ki, biz musiqi dünyasını tərk edirik. Kollektivin hər bir üzvü harada olacağından asılı olmayaraq musiqi onlar üçün əsas fəaliyyət sferası olaraq qalacaqdır.