Qırat, Bozat... Çoxəsrlik tariximizdə xalq qəhrəmanlarının yel qanadlı atının yüksək bədiiliklə səciyyələndirilən rəmzləri. Folklorumuzda Azərbaycan atlarının, xüsusilə Qarabağ atlarının rəmzi təsvirinə tez-tez rast gəlinir...
   
   Diqqət yetirsək görərik ki, tarixdə Qarabağ atları haqqında nə qədər dəyərli faktlar, fikirlər var. Hələ eradan əvvəl IV-III əsrlərdə Makedoniyalı İsgəndər, İran hökmdarı Dara öz süvari qoşunlarında Qarabağ atlarının sayını artırırdılar.
   ...Atlar eramızdan əvvəl III minillikdən etibarən əhliləşdirilib. Azərbaycanda da atçılıqla ən qədim zamanlardan məşğul olunub. Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var. Orada çox şahanə atlar bəslənilir. Qədim Albaniyada da atçılıq inkişaf edib. Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə edirlər.
   Qarabağ atları mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olan Manna, Midiya atlarının nəslindən götürüb. Təkamül nəticəsində bu cinsdən iki qol ayrılıb. Onlardan biri türkmən xalqının yetişdirdiyi Axaltəkə atı, digəri Azərbaycan xalqına məxsus olan Qarabağ atıdır. Bunun da dörd tipi mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran ) və Toxmaq.
   Qarabağ atçılığının “qızıl dövrü” XVIII-XIX əsr hesab edilir. Cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib. Bu atlar bir çox beynəlxalq sərgilərdə iştirak ediblər. Məsələn, xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya At Sərgisində, “Xan” ləqəbli Qarabağ atı isə həmin il Fransada keçirilən sərgidə yüksək mükafat alıb.
   Qarabağ atları bir çox keyfiyyətləri ilə bərabər, həm də rənglərinin orijinallığı və cazibədarlığı ilə də diqqət çəkiblər. 1867-ci ildə Parisdə keçirilən at sərgisində fransız qadınları gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atının rənginə valeh olurlar. Onlar öz saçlarını həmin atın rənginə oxşadaraq açıq qızılı-kürən boyayırlar. Bu, sonralar nəinki Fransada, hətta bir çox Avropa ölkələrində də dəb olur...
   Azərbaycan atları müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində dəyişib. Nəticədə bir sıra yerli at cinsləri əmələ gəlib. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılıb. Məşhur Qarabağ atları xalqımızın əsrlər boyu apardığı seleksiyalar nəticəsində yaranıb. Qarabağ atının əsas yayıldığı yer Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və bu rayonlara yaxın ərazidə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Mütəxəssislərin fikrinə görə, Qarabağ atları Rusiya və Avropada atçılığın inkişafına böyük təsir göstərib. Məlumata görə, 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar...
   Qarabağ atı başqa at cinslərindən ilk növbədə rənginə görə fərqlənir. Belə ki, Qarabağ atı çox nadir və qeyri-adi bir rəngə-parıldayan narıncı rəngə malikdir. Sarı-qızılı, qızılı-qonur rənglər də əsasən Qarabağ atlarına məxsusdur. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Çox az hallarda kəhər (qırmızı), boz və çal rənglərə də təsadüf olunur. Bu atlar hədsiz dərəcədə yaraşıqlı olmaları ilə də seçilir. Tipik dağ minik atı olan Qarabağ atının bədəni harmonik, mütənasib və yığcam, arxası və beli düz, döşü və gövdəsi enlidir. Orta boylu, başı balaca, gözləri iri-mənalı, ayaqları yaraşıqlı, temperamentli və oynaqdır. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Quyruq tüklərinin nazik olması bu cins atlara xüsusi gözəllik verir...
   Tədqiqatçıların fikrincə, at cinslərinin ad çoxluğuna baxmayaraq, mahiyyətcə bütün bu cinslərin hamısı Cənubi Qafqazın əsas at cinsi olan Qarabağ atının nəsli dəyişmiş qollarıdır. Qarabağ atları Kabardin və Don at cinslərinin formalaşmasında da əsaslı rol oynayıb. Mənbələrdən məlumdur ki, 1839-cu ildə Dona aparılmış 919 atın əksəri Qarabağ cinsli olub. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilir.
   Orta Asiya ölkələrinin də at cinslərinə Qarabağ atının təsiri olub. Çingiz xan və Teymurləngin Azərbaycana yürüşündən sonra Orta Asiyaya çoxlu sayda at aparılır. Qazaxıstan tədqiqatçılarının fikrincə, bu ölkənin qərb bölgələrində yetişdirilən atların təkmilləşdirilməsinə Qarabağ atlarının müəyyən təsiri olub.
   Məşhur rus rəssamı Vasili Vereşşagin 1870-ci ildə yazıb: “Həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”.
   Artıq ölkəmizdə - Bakı, Şəki və Qazax şəhərlərində atçılıq idmanının inkişafına geniş meydan verilib. Bakıda beynəlxalq tələblərə cavab verən ippodrom yaradılıb. Şübhə yoxdur ki, bu da ölkəmizdə atçılığın inkişafına böyük imkan və şərait yaradır...
   
   Savalan Fərəcov