Kitab - BDU-nun 90 illik yubileyinə həsr olunmuşdur
   
   Xalqın «qan yaddaşı»nda qorunan hər hansı bir söz, sazla-sözlə söylənilən nağıl və dastanlar, həzin bayatılar, oxşamalar, əzizləmələr, deyişmələr, el ağsaqqalının, el ağbirçəyinin öyüdü, nəsihəti, atalar sözü və s. bu kimi incilər həmin xalqın varlığının, qədimliyinin, müdrikliyinin, ucalığının, qəhrəmanlığının aynasıdır. Bu baxımdan «Koroğlu» qəhrəmanlıq dastanı həyat haqqında bitkin bir «elmdir». Eposda xalq deyimlərinin sıx vəhdətində həyat fəlsəfəsinin müxtəlif çalarları oxucuda xüsusi maraq oyadır.
   Bütün bunlar barədə Sevil Ağabəylinin «RS Poliqraf» mətbəəsində nəşr olunmuş «Koroğlu» dastanında xalq inciləri» adlı kitabında ətraflı bəhs olunur.
   Kitabda «Koroğlu» dastanının Azərbaycan variantının müxtəlif nəşrlərindən seçilmiş xalq deyimləri qruplaşdırılaraq «Adqoymalar», «Alqışlar», «Andlar», «Atalar sözü və məsəllər», «İnanclar», «Türkəçarələr», «Oyunlar» və başqa bölmələrdə verilmişdir.
   Kitabdan həm ali məktəblərdə Azərbaycan folkloru üzrə ixtisas kursları, həm də orta məktəblərdə ədəbiyyat fənninin tədrisində faydalanmaq olar.
   Yeni nəşrə filologiya elmləri doktoru, professor İsrafil Abbaslı rəy vermişdir. Nəşrin redaktorları filologiya elmləri namizədləri Cavanşir Muradov və Afaq Ramazanovadır.
   Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilməsinin və tədqiqinin geniş vüsət aldığı bir zamanda bu kitabın işıq üzü görməsi nəinki müəllim və tədqiqatçılara, həmçinin öz milli-mənəvi dünyasını sevən və onu yaşadan geniş oxucu dairəsi üçün gözəl hədiyyədir.