Adamlar, kitablar və kitabxanalar


İnsan təfəkkürünün məhsulu olan kitab tarixə güzgü salır, bizi keçmişlə ünsiyyətə vadar edir. Keçmiş isə sirli-sehrli aləmi özündə yaşadan kitabxanalarda cəmləşib. Kitabxanalar müxtəlif məlumatların (ədəbi, fəlsəfi, elmi, tarixi və s.) yer aldığı kitabların toplandığı məkandır. Bu yazımızda orta əsrlərin ilk kitabxanaları haqqında oxucularımıza məlumat verəcəyik.

Din və kitabxanalar

Kitabxanaçılığın tarixi ilkin orta əsrlərə qədər gedib çıxır. Qərbdə orta əsrlər dünya kitab və kitabxana tarixində yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Bu mərhələ qədim dünya elmi, kitab və kitabxanalar üçün mürəkkəb bir dövr hesab edilir. Çünki bu zaman dini baxışlar sisteminin bəzən haçalanması, bəzən də tam ziddiyyətli bir vəziyyət alması bu məzmunlu ədəbiyyatların rolunu və təsir imkanlarını artırmışdır. Qərbdə tədricən cəmiyyət həyatına, insanların dünyabaxışına, mədəniyyət və sənət sahələrinə daxil olmağa başlayan din, qədim dünya adətlərinə, yaşayış tərzinə yeni qaydalar tətbiq edirdi. Mənbələrdə qeyd olunur ki, orta əsrlərdə xristian fanatikləri antik dünyanın elmi və mədəni ənənələrini məhv etməkdən çəkinmirdilər. Bu səbəbdən də orta əsrlərdə kitabçılıq və kitabxanaçılıq işində geriləmə baş verirdi.
Qərb ölkələrində kitabxana sahəsində baş verən əsas yenilik xristian dini ehkamlarını təbliğ edən, din xadimlərinin əsərlərindən ibarət kitabların qorunub saxlanılması, başqa sözlə, dini kitabxanaların meydana gəlməsi oldu. Bu kitabxanalar o dövrdə həm də dini məktəb kimi fəaliyyət göstərirdilər. Buna görə də kilsələri çox vaxt təhsilli ruhanilər idarə edirdilər. Kilsələrin təbliğatçılıq fəaliyyətini həyata keçirmək üçün kitabların üzünün köçürülüb çoxaldılmasına ehtiyac yarandı. Beləliklə, kilsələrin sayı çoxaldıqca kitab fondları yarandı. Dini təhsil sahəsində fəaliyyət genişləndikcə kitab fondu da zənginləşdi. Kitabxanaçılığın tarixinə nəzər salanda Boris Qorbaçevskinin “Adamlar, kitablar və kitabxanalar” (1963) adlı kitabında belə bir fikrə rast gəlirik: “Orta əsrlərdə dini kitabxanalar içərisində ən mühüm yeri monastr kitabxanaları tuturdu”. Tanınmış alim, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun kitabxana işinə dair əsərlərində isə deyilir: “Kitabxana tarixində ilk kilsə, monastr kitabxanalarının hansı xristian ölkəsində meydana gəlməsi haqqında məlumat olmasa da, belə bir tarixi fakt mövcuddur ki, erkən orta əsrlərdən ilk dini kitabxanalar şəbəkəsi formalaşmağa başlamışdı. Mütəxəssislər xristian dünyasının ilk və ən böyük kitabxanası kimi şöhrət qazanmış Vatikan - Papa kitabxanasının 700-cü ildən fəaliyyət göstərməsi barədə məlumat verirlər. Həmin dövrlərdə kitabın yaranmasında və üzünün köçürülüb saxlanmasında iştirak edən dini müəssisələrin fəaliyyəti genişləndikcə həmin ərazilər bilavasitə kitabçılığın mərkəzinə çevrilirdilər”.
Kitabçılığın inkişafı genişləndikcə, təbii ki, istedadlı, qabaqcıl fikirli, dini kitablarla yanaşı, dünyəvi kitablara da önəm verən, cəmiyyətin inkişafında kitabın əhəmiyyətini başa düşən din xadimlərinin sayı da çoxalırdı. Zəngin monastr kitabxanaları yaratmaqla adı tarixə düşən yepiskor İsadorun kitabxanaların idarə edilməsi və kitabxana kadrlarının hazırlanmasında xidmətləri böyük olmuşdur. Onun kitabxanaların idarə edilməsinə aid ideyaları kitabxanaçılığın inkişafına mühüm təsir göstərmişdir.
Şərq ölkələrində elm və mədəniyyətin yayılmasında İslam dininin meydana gəlməsi (610) böyük hadisə oldu. İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”də biliyə yüksək qiymət verilirdi və bununla da İslam aləmində elm və təhsilin inkişafının əsası qoyuldu. Məhəmməd peyğəmbərin elmə, savada dair kəlamları bu dinin yayıldığı ərazilərdə təhsilin inkişafına böyük təsir göstərirdi. İslam dini tez bir zamanda Şərq aləmində yayıldı və bunun nəticəsində də ərəb dövlətləri böyük gücə malik olmaqla yanaşı, elm və təhsilin inkişaf etdiyi məmələkətlərə çevrilmişdilər. Təhsil və elmin yayılmasında əsas silah isə yenə də kitablar idi. “Qurani-Kərim”in üzünün köçürülməsi, alimlər tərəfindən şərhlərin yazılması yeni-yeni kitabxanaların meydana gəlməsinə və zənginləşməsinə şərait yaradırdı. Məscid kitabxanaları da böyük kitabxanalar üçün zəngin baza rolunu oynayırdı. Daha sonra isə məscidlər təkcə ibadət yeri kimi deyil, İslam dinini yayan, tədris edən müəssisələrə çevrildilər. Beləliklə, məscidlərdə dini məktəblər yarandı. Məscidlərin yanında mədrəsələr fəaliyyət göstərməyə başladı. Bu zaman məktəblərdə kitab üzü köçürən emalatxanalar və kitabxanalar inkişaf edirdi. Savadın yayılmasında, kitabların qorunub saxlanılmasında əsas vəzifə bilavasitə məscidlərin üzərinə düşmüşdür. Məlumdur ki, İslam aləmində ilk elmi-tədris kitabxanaları məhz mədrəsələrdə yaradılmışdır. Orta əsrlərdə ərəb ölkələrində dövlət xadimləri tərəfindən yaradılmış kitabxanalar da üstünlük təşkil edirdi.
Bu dövrdə ərəb ölkələrində kitab və kitabxanaçılıq işinin inkişafı dünya tarixində ilk dəfə Çində kəşf edilmiş ucuz, yazı işini asanlaşdıran kağızın isə Avropadan çox əvvəl ərəb ölkələrində istehsalı ilə bağlı olmuşdur. VIII əsrdə kağız hazırlamağı öyrənən ərəblər kitab yaradılması sahəsində böyük nailiyyətlər əldə etmişlər. Xilafətin çiçəkləndiyi dövrdə əlyazma kitab nüsxələrinin sayı xeyli çoxalmışdı. Ərəblərin zəngin kitabxanaları vardı. X-XI əsrlərdə Qahirə saray kitabxanası, Tripolidə Banu Amar kitabxanası məşhur idi. Özbəkistanda Buxara kitabxanası da öz zəngin kitab fondu ilə tanınırdı. Mənbələrdə İbn Sinanın bu kitabxana ilə əlaqələri barədə məlumatlar əksini tapıb. Bağdad Universitetinin kitabxanası da orta əsrin məşhur kitabxanaları sırasındadır. Orta əsrlərdə ərəb ölkələrində təbiət, riyaziyyat, fəlsəfə, ədəbiyyat və s. elmlər inkişaf edərək elmi məktəblər yaradılırdı. Buna görə də Şərq xalqlarının mədəniyyətində baş verən inkişaf kitab və kitabxana işinə də töhfələrini verirdi.

Şərqdə kitabxanaçı olmaq ən şərəfli iş sayılırdı

Onu da qeyd edək ki, orta əsrlərdə Şərqdə fəaliyyət göstərən kitabxanalar tiplərə bölünürdü. Bu sıraya dini (mədrəsə kitabxanaları), dövlət (saray kitabxanaları), şəxsi (alimlərin kitabxanaları) və universitet kitabxanaları daxil idi. Şərqdə kitabların bədii tərtibatına, miniatürlərlə bəzədilməsinə, yazı mədəniyyətinin təkmilləşməsinə ciddi yanaşılması kitabxanaçılıqda elmi nailiyyətlərin əldə edilməsinə imkan yaratdı. Orta əsr Şərqində kitabxanaçı olmaq ən şərəfli iş sayılırdı. Kitabxanalara rəhbərlik dövrünün ziyalı alimlərinə həvalə edilirdi. Orta əsr kitabxanaçılığı haqqında məlumatlarla tanışlıq onu deməyə əsas verir ki, kitabxanalar mədəni sərvət kimi cəmiyyətin inkişafına mühüm töhfələr vermişlər.

Lalə Azəri