Kitablar və kitabxanalar 


Ötən sayımızda orta əsrlər kitab və kitabxanaları haqqında məlumat vermişdik. Budəfəki yazımızda qədim Şərqdə kitabxanaçılığın inkişafından söz açacağıq.
Bəlli olduğu kimi, Şərq qədim dövrlərdən ədəbi, fəlsəfi, elmi, mədəni zənginliyi ilə sirli bir aləm kimi insanların diqqətini cəlb edib. Burada kainata özünəməxsus baxış, təbiət və cəmiyyət qanun və qanunauyğunluqlarına fərqli yanaşma mövcud olmuşdur. Nəinki biliklərin elmə çevrilməsi, həmçinin elmlərin sərhədlərinin müəyyənləşdirilməsi, təsnifatının verilməsi də Şərqdə baş vermişdir. Bütün bunlar isə, təbii ki, kitab və kitabxanaların inkişafı üçün münbit zəmin demək idi.
Bəşər sivilizasiyasında ilk mədəniyyətin şumerlərə aid olduğu qeyd olunur. Əgər ilk dövlət Şumer dövlətidirsə və bu dövlətin tarixi bizim eradan əvvəl III minilliyə təsadüf edirsə, demək kitabxanaçılığın tarixini də həmin dövrdən hesablamaq gərəkdir. Şumer dövləti ilk kitabın məskəni sayılır. İlk mixi yazılar Şumerdə yarandığı üçün kitab nəşri, ilk informasiyanın maddiləşmə prosesinin də bu dövlətdə meydana gəlməsinə şübhə yeri qalmır. Görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfov yazır: “Dünyada ilk kitabxanaların vətəni qədim Şərq olmuşdur. Qədim dünya mədəniyyətinə dair son tədqiqatlardan məlum olmuşdur ki, ilk kitabxanalar b.e.ə III minillikdə Şumer dövlətində meydana gəlmişdir”.
Şumer dövlətində yazı materialı kimi gil lövhəciklərdən istifadə edilir və məktəblərdə tədris olunurdu. Bununla da tədricən belə yazların yayılması baş verirdi. Yazıların yayılmasına şərait yarandığı zaman kitablar yaranırdı. Şumerdə yazının yaranması kitabçılığın inkişafına səbəb oldu. Kitab yaranan zaman onu yazan insanlar, gil lövhələri hazırlayanlar və bu yazıları qoruyub saxlayan kitabxanaçılar da meydana gəlirdi. Dünya alimləri ilk kitabxana fondlarının və kataloqlarının da Şumerdə meydana gəldiyini bildirirlər. Qədim dünya tarixini öyrənən (xüsusən şumerləri) alim Stiven Kramer ABŞ-ın Pensilvaniya və Parisin Luvr muzeylərində saxlanılan gil lövhəciklərin kitabxana kataloqu olduğunu təsdiq edir. Beləliklə də bəşər tarixində ilk dəfə olaraq Şumerdə yaranan kitablar kitabxanaçılıq ideyalarının yaranmasına təkan verib.

Lalə Azəri