Edam olunmuş mütəfəkkirlərimiz

Azərbaycan tarixən böyük dahilər yetirib, ancaq ictimai-siyasi proseslər onların özlərini və yaratdıqları zəngin irsi yurdlarından çox-çox uzaqlara aparıb. Ona görə mədəni, mənəvi sərvətlərimizin önəmli bir qismi müxtəlif ölkələrdədir.
Orta yüzillərdə Azərbaycanın üç böyük filosofunun çağının yiyələri, qaragüruh tərəfindən öldürülməsi də tariximizə, mədəniyyətimizə vurulmuş dəhşətli zərbələrdəndir.

Eynəlqüzat Miyanəci Güney Azərbaycanın Miyanə şəhərində doğulub. Miyanəcilər XI-XII yüzillərdə şairlər, alimlər yetirmiş böyük soydur. Eynəlqüzat Miyanəci Ömər Xəyyam, Əhməd Qəzali, Məhəmməd Cüveyni və başqalarından elmin müxtəlif sahələrini öyrənib. 28 yaşında azad düşüncələrinə görə dindarlar tərəfindən ölümə məhkum edilib. Ayrı-ayrı yerlərdə onu kafir elan edərək ölümünə fətva veriblər. Özü 1127-ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə məktub yazmışdı: “Deyirlər ki, Eynəlqüzat Allahlıq iddiasına düşüb. Mənim qətlimə fətva veriblər. Ey dost, əgər səndən fətva istəsələr, sən də fətva ver”. Filosof 1131-ci ildə, 32 yaşında Həmədanda edam edilib.
E.Miyanəci panteistdir. O, Allah ilə varlıq arasındakı ilişkini Günəş ilə onun şüaları timsalında araşdırır. Günəş ilə şüalar arasındakı münasibət xaliq ilə məxluqat arasındakı münasibətdən seçilir. Xaliq ilə məxluqat bir-birindən zamanca ayrılır, ona görə ki, məxluqat sonradan yaranıb. Günəş ilə şüalar isə birgə mövcuddur, lakin hər ikisi bir-birindən ayrılmazdır, vahid tamdır. Varlığı vacib (yaradan) və mümkün (yaradılan) kimi iki yerə bölən Şərq Onun “Həqiqətlərin məğzi”, “Müqəddimələr”, “Qəribin şikayəti”, “Fəlsəfi məktublar” kimi məşhur əsərləri var.
* * *
Şihabəddin Yəhya Sührəvərdi 1154-cü ildə Marağa şəhərində doğulub, işraqilik fəlsəfəsinin yaradıcısıdır. Onun orta əsrlərdə Şərqdə geniş yayılmış sehrkarlıq, magiya ilə məşğul olduğunu qeyd edirlər. Yetirməsi Şəmsəddin Şəhrəzuri yazırdı: “O, kəramətlər və möcüzələr sahibi idi”.
Filosof müsəlman hüquqşünaslarının ciddi tələblərinə görə, Misir, Yəmən və Suriyanın hökmdarı Səlahəddin Əyyubinin (1169-1193) əmri ilə 1191-ci ildə 37 yaşında Hələbdə öldürülüb.
Ş.Sührəvərdinin zəngin irsi XII yüzildən ərəb, fars, qismən də türk dillərində müsəlman, Şərq xalqlarının fəlsəfəsi tarixində xüsusi yer tutub. Onun əsərlərinin orta əsrlərdə köçürülmüş əlyazma nüsxələri Dəməşq, Sankt-Peterburq, Tehran, Bağdad, Qahirə, İsgəndəriyyə, İstanbul, Paris, London kitabxanalarında qorunur.
Alimin irsinin yayılmasında görkəmli fransız şərqşünası A.Korbinin hazırladığı üçcildlik toplunun önəmi ölçüyəgəlməzdir. 1945-ci ildə İstanbulda buraxılan birinci məcmuədə peripatetizmə dair əsərlərin metafizika hissələri toplanıb.
1952-ci ildə Tehranda çıxmış ikinci məcmuədə “İşraq fəlsəfəsi”, “Filosofların görüşləri”, “Qərb qürbəti” əsərləri verilib. Filosofun on dörd traktatının yer aldığı məcmuəsi də 1970-ci ildə Tehranda işıq üzü görüb.
Müəllifin “Aşiqlərin munisi” əsəri 1934-cü ildə Ştutqartda və Dehlidə, “Quş haqqında traktat”ı 1935-ci ildə Ştutqartda çap edilib. “İşıq heykəlləri” traktatı holland dilində 1916-cı ildə nəşr edilib.
Ş.Sührəvərdi mütləq biliyin qaynağını maddi aləmdən qıraqda axtarırdı. Onun fikrincə, “İşraq fəlsəfəsi” kitabını intuisiyanın yardımıyla dərindən anlamaq mümkündür. İşraqilik fəlsəfəsinə görə, hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana işıqlar aləminin gizlinlərini açır, mütləq doğrunu üzə çıxarır.
* * *
Təbrizli Fəzlullah Nəimi peyğəmbər xislətli böyük şəxsiyyət olub. O, hürufilik təliminin əsas mahiyyətini özündə əks etdirən bir neçə əsərin müəllifidir. Təlimin baş kitabı “Cavidannamə”dir. “Vəsiyyətnamə”, “Nəsihətnamə”, “Növmnamə”, “Afaqnamə” kimi kitabları da var.
Nəiminin əsərlərinin çoxu Misirin “Darül-kitab” muzeyində saxlanılır. Bir neçə il öncə mütəfəkkirin 900 səhifəyə yaxın həcmi olan “Cavidannamə”sinin surəti ölkəyə gətirilib. Yalnız kiçikhəcmli “Vəsiyyətnamə”si dilimizə tərcümə olunub.
Nəimi insanın kamilləşərək Allaha qovuşa biləcəyini deyirdi, insanı gerçəkdə olduğundan artıq sayırdı. Onun ideologiyası çağının hakimlərinə sərf etmirdi: insan özünü dərk edərsə kamil olar, kamil olsa, hökmdara baş əyməz... Ona görə də Əmir Teymurun oğlu Miranşah 1394-cü ildə Nəimini dörd qatırın quyruğuna bağlatdırıb tikə-parça etdirdi. Məqbərəsi Naxçıvanın Culfa rayonunun Xanəgah kəndinin yaxınlığında, Əlincə qalasının qarşısındadır.

S.Soltanlı