Özbək xalqının xoşbəxt gələcəyi uğurunda fəal mübarizə aparan, ölkəsində maarifçilik hərəkatına mühüm töhfələr verən ziyalı ədiblər arasında Abdulla Avlaninin adı hörmətlə çəkilir. Bədii yaradıcılığı ilə oxucuların sevimlisinə çevrilən ədib eyni zamanda Özbəkistanda teatr mühitinin formalaşması istiqamətində də mühüm işlər görüb.

Abdulla Miravlan oğlu Avlani 12 iyul 1878-ci ildə Daşkənddə toxucu ailəsində dünyaya göz açıb. Atası toxuculuqla məşğul olsa da, dünyaya açıq gözlə baxan və mütərəqqi fikirli bir şəxs kimi maarifə, təhsilə yüksək dəyər verib. Abdulla 12-13 yaşında Ukçi mədrəsəsinə gedir. Bu dövrdə onun həm də istedadlı bir gənc olduğu ortaya çıxır, on beş yaşında ilk şeirini yazır.
Mədrəsəni müvəffəqiyyətlə başa vuran Abdulla yenilikçilər adlanan hərəkata qoşulur. 1904-cü ildə yeni tipli məktəb açır. Burada dini və dünyəvi elmlər tədris olunurdu. Şərq dilləri ilə yanaşı, Avropa dillərini də öyrənmək üçün şagirdlərə şərait yaradılır. Türküstanda ilk dəfə olaraq tərtib etdiyi proqram əsasında şagirdlərin imtahan verərək sinifdən-sinfə keçməsini təşkil edir.
Xalqın çətin güzəranı onu sakit oturmağa qoymur, əzilən soydaşlarının hüquqlarının müdafiəsinə qalxır. Ölkədə həyata keçirilən maarifçilik islahatlarından bəhrələnərək 1907-ci ildə ana dilində “Şöhrət” adlı qəzetin nəşrinə nail olur. Müxtəlif təxəllüslərlə şeir və məqalələr qələmə alır. Lakin qəzetin ömrü o qədər də uzun olmur, cəmi 10 sayı işıq üzü görür və çar məmurları tərəfindən fəaliyyəti dayandırılır.
1909-cu ildə A.Avlaninin rəhbərliyi ilə “Cəmiyyəti-xeyriyyə” təşkilatı qurulur. Proqram və nizamnaməsində xeyriyyəçilik məqsədi göstərilsə də, təşkilat getdikcə ictimai işlərə də can atır və sonra siyasi fəaliyyətə keçir.
Folklorşünas Əli Şamil araşdırmasında yazır ki, “Cəmiyyəti-xeyriyyə” ətrafında toplaşanlar öz fikir və məqsədlərini xalqa çatdırmaq üçün belə qərara gəlirlər ki, teatr truppası yaratsınlar və bu yolla xalqın içərisinə getsinlər. Onlar Azərbaycan ziyalılarının təcrübəsindən istifadə edərək 1909-cu ildə A.Avlani və Mahmudxoca Behbudinin rəhbərliyi altında “Turan” adlı teatr truppasını təşkil edirlər. Abdulla Qədiri, Həmzə Həkimzadə Niyazi və başqaları da onlara qoşulur. Truppa üzvlərinin tamaşaya qoyduqları ilk əsər M.Behbudinin “Padarkuş” faciəsi olur. Tamaşa Daşkənddə böyük maraqla qarşılanır.
A.Avlani dövri mətbuat səhifələrində pyeslər, şeir və məqalələr çap etdirir, tamaşalarla xalqını cəhalət yuxusundan oyatmağa çalışır. Dostları ilə birlikdə “Nəşriyyat” adlı mətbəə qururlar. Dərsliklər çap etməyə başlayır, “Məktəb kitabxanası” adlı mağaza açırlar. O, yeni tipli məktəblər üçün “Birinci müəllim”, “Türkü Gülüstan, yaxud əxlaq”, “Məktəb gülüstanı”, “Ədəbiyyat, yaxud milli şairlər” kitablarını nəşr etdirir. Qələmə aldığı “Toy”, “İki məhəbbət”, “Biz və siz”, “Tufan”, “Portuqaliya inqilabı” və s. pyesləri uzun müddət teatrların repertuarından düşmür.
1913-cü ildən nəşr olunan “Turan”, “Sadoi Türkiston” və “İştirakiyun” qəzetləri ilə sıx əməkdaşlıq edir. Köhnə quruluşun dəyişməsi üçün çox böyük səy göstərir. Uğrunda mübarizə apardığı cümhuriyyətlə bolşeviklərin qurmaq istədiyi hökumət arasında kəskin fərqlər olduğunu görür. Buna görə də bir ara vətənindən uzaqlaşmalı olur. 1919-1920-ci illərdə Əfqanıstanda yaşayır, maarif naziri və RFSSR-in bu ölkədə konsulu vəzifələrində çalışır.
Sonra vətənə dönərək, Daşkənddəki Ölkə Özbək Məktəbində, 1923-cü ildə Daşkənd Xatın-Qızlar Məktəbində, 1924-cü ildə Daşkənd Hərbi Məktəbində dərs deyir. 1925-1930-cu illərdə Orta Asiya Dövlət Universitetində və Orta Asiya Ali Kişi Pedaqoji İnstitutunda işləyir. Universitetdə dərs deyərkən fəhlə fakültəsini yaradır. Özbək gənclərinin ali təhsil alması üçün 20 nəfərdən ibarət bir qrup yaradır. Qrupda dərslərin özbək dilində keçirilməsinə nail olur.
Abdulla Avlani 1925-ci ildə “Möhnət qəhrəman” mükafatına, 1930-cu ildə isə “Özbəkistanın xalq maarif zərbəçisi” adına layiq görülür. Ömrünün sonunadək Orta Asiya Dövlət Universitetində dil və ədəbiyyat kafedrasının müdiri işləyən böyük maarifçi 1934-cü ildə dünyasını dəyişib.

Savalan Fərəcov