Bu gün dünya ölkələrində iqtisadi yüksəliş və rifahın mühüm göstəricilərindən biri müasir nəqliyyat infrastrukturunun, yüksək servisli hava limanlarının mövcudluğudur. Avropa-Asiya, Şimal-Cənub kommunikasiya dəhlizlərinin əsas tranzit ölkəsi olan Azərbaycan üçün bu həm də büdcə üçün önəmli gəlir mənbəyidir.

“Neft sektorundan sonra nəqliyyat ölkəmiz üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. İqtisadiyyatın bu sektoru Azərbaycana uzunmüddətli gəlirlər gətirəcəkdir. Bu, necə deyərlər, neft, qaz deyil ki, bir gün tükənib qurtarsın. Bu sektor həmişə ölkəmizə xidmət edəcəkdir. Azərbaycanda aeroportlar tikilir, nəqliyyatın digər sahələri inkişaf etdirilir. Biz istəyirik ki, bu aeroport da ən yüksək dünya standartlarına uyğun olsun”.
Prezident İlham Əliyevin 2005-ci il mayın 19-da Gəncədə hava limanının yenidən qurulmasına həsr olunmuş müşavirədə dediyi sözlər ölkənin mülki aviasiyasının inkişafında yeni mərhələnin başlandığından xəbər verirdi.

İki pilot, dörd sərnişinlə başlanan yolçuluq

Bu inkişafın miqyasını müqayisəli şəkildə təsəvvür etmək üçün Azərbaycanda mülki aviasiyasının tarixinə nəzər salmaq gərəkdir. O tarixin bir ucu 1923-cü ilə gedib çıxır. Həmin il keçmiş SSRİ-də ilk hava reysi (Moskva-Nijni Novqorod) açılmış, Rusiyada “Dobrolet”, Cənubi Qafqazda “Zakavia” (üç sovet respublikası Zakfederasiyada (ZSFSR) birləşmişdi), Ukraynada “Ukrvozduxput” adlı avianəqliyyat müəssisələri yaranmışdı.
1923-cü ilin aprelində Almaniya istehsalı olan “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə ilk uçuş həyata keçirildi. 1925-ci ildə Keşlədə aerodrom tikildi və mülki hava stansiyası yaradıldı. Həmin il SSRİ-də 9 marşrut üzrə hava xətti fəaliyyət göstərirdi və onlardan biri Bakı-Tiflis xətti idi.
Bu gün lüks laynerlərdə dünya səyahətinə çıxan insanlar üçün o dövrü təsəvvür etmək yəqin ki, çətindir. Təyyarələrin ekipajı iki, sərnişin sayı dörd nəfər idi. Uçuşun müvəffəqiyyəti pilotların ustalığından asılı idi, çünki təyyarələrdə heç bir naviqasiya cihazı mövcud deyildi. Pilotlar ərazinin relyefinə istinad edərək, necə deyərlər, dərə-təpə düz gedib mənzil başına yetişirdilər. Məsələn, səhər tezdən Bakıdan havaya qalxan təyyarə günorta Tbilisiyə (təxminən 500 km) çatırdı.
1933-cü ildə paytaxtın Binə qəsəbəsində aeroport istifadəyə verildi. Həmin il ilk dəfə Qafqaz dağlarının üzərindən keçərək Moskvaya (yolüstü bir neçə şəhərdə eniş etməklə) uçuş həyata keçirildi. Təyyarələrin maksimal sürəti 150-170 km/saat idi. 1937-ci ildə 15 sərnişin daşıyan “XAİ-1” və “Stal-3” təyyarələri ilə müntəzəm Bakı-Moskva reysi açıldı.
1932-ci ildən ittifaq aviadaşıyıcıları “Aeroflot” adı altında fəaliyyət göstərirdi və o, SSRİ üzrə 12 müəssisəni birləşdirirdi. 1936-cı ildə Zaqafqaziya federasiyasının ləğv olunması ilə regional təsərrüfat subyektləri, o cümlədən “Zakavia” üç respublika arasında bölündü. 2 iyun 1938-ci ildə Azərbaycanda aviasiya idarəsi yaradıldı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə məhz bu tarix Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
1940-cı illərin birinci yarısında mülki aviasiyanın imkanları “Hər şey cəbhə üçün” devizi altında səfərbər olmuş, pilotların böyük qismi hərbi təyyarələrin şturvalı arxasına keçmişdi. 1945-ci ildə müharibə sona yetdi və təyyarəçilər dinc əmək fəaliyyətinə qayıtdılar. 50-ci illərdə mülki aviasiya sərnişin daşınması və təsərrüfat işlərində əhatə dairəsini genişləndirməkdə idi. AN-2 (“Kukuruznik”) təyyarələri əkin sahələrində ziyanvericilərə və bitki xəstəliklərinə qarşı mübarizədə kənd təsərrüfatına kömək göstərirdi. Xəzərdə neftçıxarma və “Neft daşları”nın salınması estakadalara yük və insan daşınmasında vertolyotların rolunu artırmışdı.

Zirvədən zirvəyə uçuşlar

50-ci illərdə aviaparka İL-14 (24-36 sərnişin, 200 km/saat sürət), 60-cı illərdə AN-24 və İL-18 (50-80 nəfər, 400-500 km/saat) təyyarələrinin daxil edilməsi sərnişin daşınmasına əsaslı təsir göstərdi. 1950-ci ildə respublikada bu göstərici 21 min nəfər olduğu halda sonrakı 20 ildə 45 dəfədən çox artaraq 1970-ci ildə 969 min nəfərə çatmışdı (Mənbə: Azərbaycan tarixi. Yeddi cilddə. 7-ci cild. Bölmə II. I fəsil).
1963-cü ildə SSRİ-də mülki aviasiyanın 40 illiyi münasibətilə bu sahədə çalışan 10 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Onların arasında Azərbaycan mülki aviasiya idarəsinin İL-18 təyyarəsinin kapitanı Əli Novruzov da vardı. 1964-cü ildə Bakıda (Binə hava limanı) yeni aerovağzal istifadəyə verildi, sərnişinlərə xidmət və uçuşların idarə olunmasında keyfiyyət artdı.
Mülki aviasiya tariximizdə yeni inkişaf mərhələsi 70-80-ci illərə təsadüf edir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu illər mülki aviasiyada da yüksəliş dövrü oldu. O dövrdə Bakının 11 şəhər və rayon mərkəzi (Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Xankəndi, Beyləqan, Ağstafa, Şəki) ilə hava əlaqəsi var idi. Yerlərdə yeni aerovağzallar tikilirdi. 70-ci illərdə Bakı hava limanı da yenidən quruldu, təyyarə parkı təzələndi. Azərbaycanın avialayner parkı əksər müttəfiq respublikalardan öncə TU-134 və TU-154 kimi iri təyyarələri almışdı (Azərbaycan tarixi. 7-ci cild. Bölmə II. IV fəsil).
Uçuş və xidmət keyfiyyətini beynəlxalq standartlara çatdırmaq üçün yeni aerovağzal kompleksinə ehtiyac vardı. Buna mərkəzdən razılıq almaq isə asan məsələ deyildi. Uzun müzakirələrdən sonra layihə təsdiq edildi, 1981-ci ildə yeni aeroportun təməli qoyuldu. Ancaq vəsait ayrılması ləngiyirdi. İttifaqda maliyyə sıxıntıları başlamışdı, Moskva tikintiyə milyonlar xərcləmək istəmirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ittifaqın nəqliyyat sahələrini kurasiya edən Heydər Əliyev bu məsələnin həllinə də nail oldu. 1985-ci ildə inşaat başlandı. Lakin 1988-ci ildən sonra respublikada başlanan məlum proseslər və iqtisadi geriləmə bu layihəni yarımçıq qoydu.

Müstəqilliyin hava yolu

Yeni hava limanının inşası ulu öndərin respublika rəhbərliyinə qayıdışından sonra təkrar gündəmə gəldi. Müharibə və iqtisadi böhranın çətinlikləri dəf edildikdən sonra nəqliyyat sektorunda həyata keçirilən ilk böyük layihə bu oldu. 1997-ci ildə Britaniya və Türkiyə şirkətlərinin iştirakı ilə inşaat başlandı və 1999-cu ilin 30 sentyabrında kompleksin açılışı keçirildi. “Bu gün özümü çox xoşbəxt hiss edirəm ki, bu aerovağzal kompleksinin təməlini mən qoymuşam, illər sonra kompleksin tikilib yüksək səviyyədə istifadəyə verilməsini də mən təmin etmişəm”, - deyə ulu öndər həmin mərasimdə bildirmişdi.
İttifaqın iqtisadi sistemi dağıldıqdan sonra Azərbaycanın mülki aviasiyası da ağır vəziyyətdə idi. Təyyarələr köhnəlmişdi, təcrübəli işçilər gedirdilər, yeni mütəxəssislər hazırlanmırdı. Prezident Heydər Əliyevin tapşırığı ilə hər iki istiqamətdə tədbirlər görüldü. Yeni “Boeing” təyyarələri alındı, uçuşların idarəetmə vasitələri yeniləndi. 1994-cü ildə bir fakültə, iki ixtisasla fəaliyyətə başlayan Milli Aviasiya Akademiyası beş il sonra ilk məzunlarını sənayeyə təqdim etdi. Bu gün akademiya 6 fakültədə 20 ixtisas üzrə kadrlar hazırlayır. 90-cı illərin ikinci yarısından sovetdən qalan təyyarələr tədricən istismardan çıxarıldı, “Boeinq”, “Airbus”, “Gulfstream”, “ATR”, “Embraer” kimi müasir hava gəmiləri təyyarə parkına daxil edilməyə başlandı.
Bakının dünya şəhərləri hava əlaqəsi şəbəkəsinin genişlənməsinə paralel olaraq son 10 ildə regionlarda da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə beynəlxalq hava limanları istifadəyə verilib, 2013-cü ildə Yevlax hava limanında yenidənqurma işləri başa çatıb, müasir uçuş-enmə zolaqları yaradılıb. Bir neçə il öncəyədək kiçik təyyarələri qəbul edən regional aeroportlar indi nəhəng laynerləri qəbul etmək imkanındadır.
Bölgələrdə müasir hava limanlarının inşası əhalinin rifahına xidmət etməklə yanaşı, turizmin inkişafına da əlavə imkanlar açır. Prezident İlham Əliyev bu vacib məqamdan bəhs edərək deyir: “Xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir. Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir”.
Mülki aviasiyanın inkişafı iqtisadi cəhətdən vacib olan karqo reyslər şəbəkəsində də özünü göstərir. 2005-ci ildə istifadəyə verilən Bakı Yük Terminalı paytaxtımızı Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində aviasiya yüklərinin daşınması üçün ən böyük qovşağa, logistika mərkəzinə çevirib. “SW Airlines” yük aviaşirkətinin hava yolları bu gün 100-dək ölkəyə uzanıb.

Arzuların qanadında

Dövlət başçısının göstərişi ilə 2012-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının aerovağzalı əsaslı şəkildə yenidən qurulmuşdu. Lakin ölkəmiz sürətlə inkişaf edir və bu, aviasiyada da ən yeni standartların tətbiqini, modernləşməni zəruri edir. 2011-ci ildə hava limanında ultramüasir beynəlxalq terminalın inşası başlandı. 2014-cü il aprelin 23-də açılışı keçirilən kompleks dünya miqyasında ən gözəl, geniş funksional imkanlara malik aerovağzaldır.
Prezident İlham Əliyev həmin mərasimdə duyduğu fəxarəti belə ifadə etdi: “Bu, dünyanın ən gözəl aeroportlarından biridir. Yuxarıdan baxanda bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir. Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Mən fəxr edirəm ki, bizim belə gözəl aeroportumuz var”.
Yeni kompleks ildə 6 milyon sərnişinə xidmət edə biləcək. Artıq yerli reyslərə verilən köhnə aerovağzal 3 milyon sərnişini qəbul etmək imkanına (2013-cü ildə 2 milyon 857 min sərnişin daşınıb) malikdir. Bu o deməkdir ki, ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə edə bilər.
Dünyanın 40-dək şəhərinə birbaşa uçuşlar keçirən "Azərbaycan Hava Yolları" 2015-ci ildə aviaşirkətlərin xidmət səviyyəsini qiymətləndirən "Skytrax" şirkəti tərəfindən "4 ulduz" reytinqinə layiq görülüb. Dünyada bu reytinqli 35 aviaşirkət qeydə alınıb ki, onların arasında “Air France”, “Turkish Airlines”, “British Airways” kimi nəhəng aviadaşıyıcılar var.
2014-cü ilin sentyabrında AZAL Bakıdan Nyu-Yorka birbaşa uçuşlara başlamaqla mülki aviasiya tariximizdə yeni səhifə açdı. 9400 km hava yolu 13 saata qət edilir. Ötən il dekabrın 24-də AZAL-ın parkına MDB məkanında ilk olaraq dünyanın ən komfortlu təyyarəsinin - “Arzular layneri” adlandırılan “Boeing-787 Dreamliner”in daxil edilməsi isə artıq gələcəyin üfüqlərindən xəbər verir.
92 il əvvəl bu yolçuluq indi muzeylərdə olan kiçik təyyarə ilə başlamışdı. Ortadakı fərq sadəcə zamanın və sürətin ölçüsü deyil. Bu həm də inkişafın və yüksəlişin göstəricisidir. Qarşıda fəth olunacaq hələ çox zirvələr var.

Vüqar Əliyev

Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.