Şampun, pepsodent, kitab....
   
   Ötən həftə diqqətimə və sevincimə səbəb olmuş bir mənzərənin təəssüratları ilə yazıma başlamaq istərdim. Təsəvvür edin, hər gün istifadə etdiyimiz metro stansiyalarında bir gün kitab reklamını görürsünüz. Artıq stansiyalarda reklam plakatları ilə qarşılaşmaq adi bir haldır. Lakin kitab reklamı... Bax, bu başqa və düşündürücü bir mənzərədir. Nəhayət, müxtəlif şirələrin, şampunların, diş fırçalarının rəngarəng reklamları arasında ilk buraxılışları nəşr olunmağa başlayan 150 cildlik dünya ədəbiyyatı seriyasına daxil edilmiş kitablara abunə yazılışına çağırış reklamına da rast gəldik. Şükürlər olsun! Bizə sağlam dişlər, saçlar, vitaminli içkilər də lazımdır. Bunları fiziki göstəricilərin ayağına yazaq. Lakin kitab yoxdursa, mənəviyyat da yoxdur. Bunsuz isə insanın fiziki mövcudluğu cəmiyyətin nəyinə gərəkdir? Qarşılaşdığım kitab reklamında deyildiyi kimi, dünyanı öyrənmək istəyirsənsə, bu dünyanı sənə tanıtdıracaq kitabları oxu. Həqiqətən də, əgər biz dünya mədəniyyətini, onda baş verən prosesləri bilməsək, böyük mədəni axının içərisində özümüzü necə təsəvvür edərik? Bu gün pul qazanmaq istəyən biznesmenin də xaricə çıxışı yetərincə dünyagörüşlü olmaqdan keçir. Məhdud adamlar hər hansı cəmiyyətdə, ictimai mühitdə qəbul edilmir. Qarşılaşdığım kitab reklamında Borxesin, Ekonun, Soljenitsinin, Taqorun və başqa yazarların adları var. O yazarlar ki, dünyanın hər bir biznesmeni, reklamları yeri-göyü tutan firma rəhbərləri belə onlarla üzbəüz söhbət imkanına sevinərdilər. Çünki hər şey kitabdan başlanır. Biz kitaba and içən xalqıq. Son illər cəmiyyətimizdə mütaliə problemlərinin bir çox tərəfləri, satış məsələləri ciddiliklə müzakirə edilir. Hərdən deyirlər ki, biz kitab oxumuruq. Bu mövzuya bir qəzet olaraq müəyyən qədər biz də toxunmuşuq. Amma bu reklam bir məsələyə də toxunmaq imkanı yaradır. Son bir ildə səfər etdiyim bölgələrimizdə mən kitab satışı ilə bağlı hər hansı şəbəkəyə, obyektə rast gəlmədim. Yüz minlərlə insan kitab məfhumundan uzaq düşüb. Halbuki mən uşaqlıqda rayon ziyalılarının kitab mağazasında növbədə dayanmasını çox görmüşəm. Həmin illərin uşaqlarının idealları məhz bu kitablardan formalaşdı. Bəs indi? Buyurun, kitabdan uzaq düşən biznesmenlər və sairələr. Uşaqlarınızın formalaşmasında zehniyyət və mənəviyyat tələb etməyən nə qədər faktorlar var. Boş əyləncələr bu uşaqlardan yalnız fiziki mövcudluğu olan robotlar düzəldir. Əlbəttə, bu problem ciddi araşdırma tələb edir. Lakin rastlaşdığım kitab reklamının qarşısında ayaq saxlayanlar da bu sahəyə hərtərəfli, güzəştli imkanların yaradılmasının vacibliyini düşünürlər. Kitab reklamına yaşıl işığın yandırılma vaxtı çatıb.
   
   Cərəyan, yoxsa...
   
   Ötən həftə “Turan” ədəbi birliyi şair Qulu Ağsəslə görüş təşkil etmişdi. Oxucu və yazar polemikası, şeirə münasibət baxımından maraqlı keçən məclisdə tənqidçi Bəsti Əlıbəyli də çıxış etdi. Tənqidçi xanım əvvəlcə elan etdi ki, indi şairlərə yarlıq yapışdırmaq, yəni hansısa cərəyana calaq etmək moda minib. Bir az keçmiş öz fikirlərinə zidd gedən Bəstixanım Qulu Ağsəsi ekzistensialist şeirlərin müəllifi adlandırdi. Deyəsən, şair özü də bu yarlıqdan diksindi. Bəsti xanımın faktsız olaraq etdiyi bu «calağa» etiraz edən oxucular ondan fikrini sübut etməyi tələb etdilər. Tənqidçi şeir yadda saxlamadığını deyəndə, ona Q.Ağsəsin şeirlər kitabı uzadıldı. Buyurun, xanımın ekzistensialist şeir saydığı parçanı siz də oxuyun:
    Üzdü ayaqlarımı Vətən yolu
   qayıtdım üzüqoylu…
   qayıtdım
   qurşağımın yuxarı qatıyla,
   qayıtdım
   əlil arabasının atıyla…
   İki balam gözüyaşlı
   arvadım başıdaşlı…
   Düzü, soraqladığım ədəbiyyat adamlarından heç kim nəinki bu şeir parçasını, ümumiyyətlə, Q.Ağsəsin heç bir şeirini bu fəlsəfi-nəzəri cərəyana aid etmədi. İndi oturub bu cərəyanı izah etmək və Bəsti xanımın fikirlərinə qarşı arqument qoymaq fikrində deyiləm. Amma yanaşma düz deyil. Bu yanaşma ilə Qulunu vətən haqqında şeirinə görə milli şeirin nümayəndəsi, şəhər haqqında yazdığına görə urbanizasiyanın carçısı, hissi şeirlərinə görə absurdizmdə (ekzentializmin əleyhinə olan cərəyan), etiraz çalarlarına görə avanqardizmdə, ilkin şeirlərinə görə aşıq yaradıcılığında və romantikada “günahlandıra” bilərik. Faktsız, sübutsuz. Belə getsə, bizdə absurd bir tənqid yaranacaq və nə vaxtsa tənqidçilərimiz ekzistensializmin tanınmış nümayəndəsi Kamyunun düz sifətinə “sən simvolist nasirsən” desələr təəccüblənməyin. Digər tərəfdən, Bəsti xanım Qulunu ağ şeir yaradıcısı adlandırdı. Amma məlum oldu ki, bu da belə deyil və xanım buna da arqumentlər tapa bilmədi. Çünki şair dostumuz yaradıcılığında sərbəst şeirlər yazıb, amma ağ şeir məsələsində onun vərəqləri eləcə ağappaqdır. Bu tənqid hadısəsinə elə Bəsti xanımın öz sözü ilə son qoyuram: “İndu şairləri cərəyanlara aid etmək moda minib”.
   
   Sabutay