“Həssas, incə zövqlü, ədəbi, musiqi duyumu ilə fərqlənən bu insanlar nəşriyyatımızın həmişə diqqət mərkəzindədir”

Kitab nəşrinin və yayımının müasir tələblər səviyyəsində qurulması bu sahədə inkişafı təmin edən amillərdəndir. Bazar münasibətləri reallığı hər nə qədər bu işi ticarət müstəvisinə gətirsə də, kitabın sadəcə bir əmtəə olmadığı da yəqindir.

“Ərgünəş” FM nəşriyyat-poliqrafiya müəssisəsi 2000-ci ildən kitab və jurnal çapı ilə məşğuldur. Bundan başqa, görmə qabiliyyəti məhdud insanlar üçün Brayl əlifbası ilə və zəif görənlər üçün iri şriftlərlə xüsusi kitabların sifarişini yerinə yetirir. Müəssisə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bu nəşrləri də təqdim edəcək.
Nəşriyyatın direktoru, yazıçı-publisist Oqtay Əliyev bu cür profilli nəşrlər sahəsində boşluq olduğunu bildirdi: “Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi sərgi-yarmarkaları, eləcə də bu qəbildən olan digər tədbirlər kitabın təbliği, oxucularda elmi-bədii əsərlərə marağın oyadılması, nəsillərin intellektual səviyyəsinin yüksəldilməsi və nəhayət, kitabşünaslığın, nəşriyyat-poliqrafiya işlərinin inkişafı baxımdan böyük əhəmiyyət kəsb edir. Müasir zamanda hər bir sənət sahəsində beynəlxalq təcrübə mübadiləsi vacibdir. Bu cür sərgi-yarmarkalarda da xarici nəşriyyatlarla ünsiyyət yaranır, onların təqdim etdikləri müəlliflərin, dünya ədəbiyyatının yeni əsərləri, eləcə də nəşriyyat sahəsində müasir texnoloji metodların tətbiqi, nəşr məhsulunun keyfiyyətli, tərtibat, dizayn üsulları diqqəti cəlb edir. Sərgi çərçivəsində nəşriyyatımız oxucularla birbaşa ünsiyyətə, onların arayıb-axtardığı ədəbi nümunələrin nümayişinə çalışacaq”.
Həmsöhbətim bildirdi ki, respublikamızda nəşriyyat-poliqrafiya sənayesi, kitabşünaslıq iqtisadi yüksəlişlə bərabər inkişaf edir. Dünyadakı texniki yeniliklər fonunda ildən-ilə təkmilləşən, püxtələşən, yenilikləri öyrənib həyata keçirməyə çalışan mütəxəssislərin sayı da artır. Təsadüfi deyil ki, Azərbaycanın çap məhsulları keyfiyyətinə görə yaxın-uzaq ölkələrin məhsulları ilə bir sırada qoyulur.
Nəşriyyatlarımızda oxucuların maraq dairəsini əhatə edən çoxsaylı ictimai-siyasi və bədii ədəbiyyatlar da çap olunur. Fərəhli haldır ki, yazıçılarımız öz əsərlərində xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin təbliğinə, xalqımızın adət-ənənələrinin göstərilməsinə böyük önəm verirlər.
Naşir son vaxtlar çap etdikləri məhsullardan söz açdı: “Son illər “Ərgünəş” nəşr müəssisəsi oxuculara bir sıra dəyərli nəşrlər təqdim etmişdir. Hazırda bir neçə elmi-publisistik kitab üzərində iş gedir. Xalqımızın qəhrəmanlıq tarixini əks etdirən kitablar bizim üçün həmişə prioritet təşkil edir. Biz eyni zamanda xüsusi təyinatlı dərsliklərin və ədəbi-bədii kitabların nəşri ilə məşğuluq. Görmə qabiliyyəti məhdud, gözdən əlil insanların elmi biliklərə yiyələnməsi, həyat fəallığının təmin olunması, həssas, incə zövqlü, ədəbi, musiqi duyumu ilə fərqlənən bu insanlar kollektivimizin həmişə diqqət mərkəzindədir. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə, o cümlədən, xüsusi internat məktəblərinə göstərdiyi böyük qayğının nəticəsidir ki, məktəblərin maddi-texniki bazası möhkəmləndirilməklə yanaşı, internat məktəblərinin şagirdlərinə dərsliklərin hazırlanmasına böyük önəm verilir. Nəşriyyatımız Təhsil Nazirliyinin sifarişi əsasında xeyli xüsusi dərsliklər çap olunaraq təhvil vermişdir”.
Direktor qeyd etdi ki, son illərdə yeni kurikulum dərslikləri əsasında internat məktəbin şagirdlərinə müxtəlif dərsliklər nəşr olunub. Bu tipli nəşrlər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli respublika internat məktəbinin müəllim və pedaqoji kollektivi ilə sıx əlaqə və məsləhətləşmə əsasında hazırlanır. Belə ki, bu dərsliklər hazırlanarkən şəkillərin, diaqramların, cədvəllərin təsviri müəllimlər tərəfindən əlavə olaraq sözlə ifadə olunur, şagirdlərin aydın dərk etməsi üçün xüsusi deyimlərdən istifadə edilir.

Həmidə Nizamiqızı