6 noyabr teleradio işçilərinin peşə bayramıdır

Bir anlıq düşünək ki, Radio insandır. Dünyaya gəlir, yetkinləşir, gəncləşir, ahıllaşır. Bu müddət ərzində zaman çox şeyi dəyişir, o da zamanın sürəti ilə ayaqlaşmağa çalışır. Amma bütün dəyişikliklərə baxmayaraq əsil insan kimi özünə, əqidəsinə sadiq qalır. Başqa sözlə desək, öz simasını qoruyub saxlaya bilir. Bu gün 89 yaşı tamam olan Azərbaycan Radiosu kimi.

Bu bir həqiqətdir ki, ötən illər ərzində radio sürətli inkişaf yolu keçib. Elmi-texniki tərəqqi radionun texniki inkişafına böyük təkan verib. Amma radio-televiziya fəaliyyəti üçün başlıca şərt olan ən mühüm amillər dəyişməz olaraq qalır. Bu ilk növbədə məlumatlandırma, maarifləndirmə və əyləndirmədir. Bu balansın əyləncə xarakterli verilişlərin xeyrinə kəskin şəkildə pozulması, əlbəttə, böyük fəsadlar törədə bilər. Bir çox hallarda törədir də. Bu xüsusda ən mühüm vəzifə proqram siyasətinin düzgün müəyyənləşməsidir.
Azərbaycan Radiosu bu baxımdan həmişə bir məktəb olub. Radionun proqram siyasətində cəmiyyətin demək olar ki, bütün yaş qruplarının maraqları nəzərə alınıb. Məsələn, bu gün Azərbaycan Radiosu ölkədə fəaliyyət göstərən digər radiolardan fərqli olaraq uşaq dünyasına son dərəcə böyük diqqətlə, həssaslıqla yanaşır. Bu verilişlər uşaq və yeniyetmələrin maariflənməsində, onların nitq mədəniyyətlərinin, dünya görüşlərinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Tez-tez kütləvi informasiya vasitələrində gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunması barədə fikirlər səslənir. Bu barədə şüar xarakterli çıxışlar, təbii ki, heç bir müsbət nəticə verməz. Amma tarixi təcrübə göstərir ki, sözlə musiqinin vəhdəti insan şüuruna güclü təsir imkanına malikdir. II Dünya müharibəsi illərində Üzeyir bəyin “Şəfqət bacısı” mahnısı radioda səslənərkən Azərbaycan qızlarında elə gözəl duyğular oyatmışdı ki, könüllü olaraq cəbhəyə yollanan qızların sayı günbəgün artmışdı.
Bu qəbil misalları çox çəkmək olar. Sözümün canı ondadır ki, bu gün teleradio yaradıcılığında proqram siyasətinin düzgün qurulması mühüm şərtdir. Bu məsələyə həm də azərbaycançılıq marağından yanaşmaq gərəkdir. Çünki bu gün istər dövlət büdcəsindən maliyyələşən, istərsə də özəl kanalların verilişləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılır, ölkəmiz haqqında təəssürat yaradır. Teleradio kanalları istər siyasi, istərsə də sosial məsələlərin hər birinə son dərəcə həssaslıqla, həm də məsuliyyətlə yanaşmalıdırlar.
Proqram siyasətinin özünə də elə bu baxımdan yanaşmaq gərəkdir. Hansı verilişin hansı gündə və hansı saatda verilməsi çox mühüm şərtdir. Bir zamanlar Azərbaycan Radiosunda həftəlik verilişlərin müzakirələri keçirilərdi. Bu müzakirələr çox maraqla dinlənilərdi. Çünki məruzəçilər peşəkar radiojurnalistlər idi. Öz işlərinə də olduqca məsuliyyətlə yanaşardılar. Hüseyn Mehrəliyev, Əhməd Xaspoladov, Ənvər Hacıyev, Mailə Muradxanlı, Fəridə Aslanbəyova, İntiqam Mehdizadə, Rafiq Savalan, Valid Sənani və adlarını çəkə bilmədiyim bir çoxlarının çıxışları adi məruzə yox, sözün əsl mənasında radio dərslər idi.
Azərbaycan Radiosunda bu gün də proqram cədvəlinə çox böyük diqqətlə yanaşılır. Radioda elə verilişlər var ki, 40 ildən artıqdır ki, eyni vaxtda səslənir. Eyni məramla səslənir. Məsələn, hər həftənin bazar günləri saat 14.00-də efirə çıxan “Muğam saatı”. Vaxtı ilə bu verilişin minlərlə pərəstişkarı var idi. Yəqin ki, bu gün də bu saatı gözləyənlər az deyil. Çünki radioda muğam dinləməyin bir ayrı özəllikləri var. Hər bazar günü saat 19.30-da səslənən ”Bulaq” verilişinin də elə bu qədər yaşı var. “Bulaq” adı gələndə Məhluqə Sadıxova ilə Səməndər Rzayev düşür yada. Hər ikisi qeyri-adi səsə, gözəl nitqə malik idilər. O ibrətamiz rəvayətlər, xalq deyimləri, bayatılar onların dilində bir az da şirinləşər elə bil sərin bulaq suyu kimi ürəklərə süzülərdi. “Bulaq” bu gün də hər bazar günü eyni saatda dinləyicilərinin görüşünə gəlir. Efir gününü və efir saatını dəyişməyən verilişlərdən biri də “Axşam görüşləridir”. Özü də Rafael Hüseynovun təqdimatında. Son dərəcə təqdirəlayiq haldır ki, Rafael Hüseynov 70-ci illərdən üzü bəri mikrofon qarşısındadır, bu gün də dinləyicilərlə ünsiyyətdədir.
Bütün bu deyilənlərdən bir daha bu nəticəyə gəlmək olur ki, Azərbaycan Radiosu bir məktəb olub. Elə bir məktəb ki, bu gün də öz töhfələrini verməkdədir. Sadəcə olaraq bu məktəbdən bəhrələnmək gərəkdir. Bu gün Azərbaycanda radio kanallarının hər birinin öz üslubu, özəllikləri var. Amma bir gerçəyi unutmaq olmaz ki, Azərbaycanda radio məktəbini yaradanlar olub. Onların qoyub getdikləri gözəl ənənələri davam etdirərək müasir tələblərə uyğun olaraq təkmilləşdirmək bugünkü teleradionun başlıca vəzifələrindən biri olmalıdır. İlk növbədə də dilimizin zəngin söz xəzinəsini qoruyub saxlamaq. Dilimizi sındırmamaq, əzməmək. Nitq mədəniyyətimizi necə varsa, gözəl bir şəkildə auditoriyaya təqdim etmək.
Bu xüsusda əlbəttə ki, aparıcı seçimində necə deyərlər, yüz ölçüb, bir biçmək gərəkdir. İstər radioda, istərsə də televiziyada aparıcı özünə heyrandırsa onun dediyi, danışığı tamaşaçı və dinləyici auditoriyasına çatmayacaq. İlk növbədə unutmamaq gərəkdir ki, istənilən bir veriliş zamanı hər bir aparıcı yalnız öz vəzifə borcunu yerinə yetirir və o an sadəcə olaraq çalışdığı kanalın təmsilçidir. Məsələn, Telli Pənahqızı veriliş apararkən heç vaxt deməzdi ki, siz bu verilişə mənim təqdimatımda baxırsınız. Onun nitq mədəniyyəti, zəngin dili, yüksək intellekti, söhbət açdığı mövzunun bütün incəliklərinə bələd olması sübut edirdi ki, bu Telli Pənahqızıdır.
Bildiyimiz kimi, uzun illər informasiya proqramları diktorlar tərəfindən təqdim olunardı. Azərbaycan televiziyasında xanım diktorlardan Tamilla Ələkbərova çox gözəl səs tembrinə, telegenik simaya malik idi, zövqlə geyinərdi. Amma tamaşaçının diqqətini geyim tərzi ilə deyil, gözəl nitq qabiliyyəti ilə cəlb edərdi. “Ailələr və talelər” proqramının aparıcısı Nailə Uluxanlı öz verilişinə elə ailələri dəvət edərdi ki, onlar hər kəsə və bütün cəmiyyətə bir nümunə olardılar. Mərhum jurnalist Heydər Zeynaloğlu Azərbaycan Radiosunda üçsaatlıq “Səhər” informasiya və musiqi proqramını apararkən özünü yalnız bircə dəfə təqdim edərdi. Bütün bunları deməkdə məqsədim odur ki, ekran və efir həm böyük məsuliyyət, həm də böyük təvazökarlıq tələb edir. Tamaşaçı və dinləyici isə bunu dünən də dəyərləndirməyi bacarırdı, bu gün də bacarır.
6 noyabr teleradio işçilərinin peşə bayramıdır. Amma müxtəlif peşə sahiblərindən fərqli olaraq teleradio işçiləri hər gün, hər saat iş başındadırlar. Bütün bayramlarda olduğu kimi öz bayramlarında da çalışırlar. Çalışırlar ki, ölkədə və dünyada baş verənlərlə tamaşaçı və dinləyici auditoriyasını tanış etsinlər. Çalışırlar ki, evdə ekran qarşısında oturanlara xoş saatlar bəxş etsinlər. Qoy, bu xoş saatlardan onların özlərinə də pay düşsün. Peşə bayramları mübarək olsun.

Zərxanım Əhmədli