Dərginin yeni sayı işıq üzü görüb
   
   Bədii tərcümə sahəsində Azərbaycan Bədii Tərcümə Mərkəzinin orqanı “Xəzər”in əvəzsiz rolu danılmazdır. Təsadüfi deyil ki, dərginin sayları qəzet-jurnal köşklərindən geri qayıtmır və bu, Azərbaycan Bədii Tərcümə Mərkəzinin direktoru, “Xəzər” dərgisinin baş redaktoru Afaq Məsud başda olmaqla, kollektivin uğuru olmaqla yanaşı, çağdaş mətbuatımız üçün az qala fenomenal bir göstəricidir.
   
   Dərginin son - 2008-ci il 4-cü sayı materialların seçilməsi və tərcümələrin bədii səviyyəsi etibarilə diqqəti cəlb edir. Dərginin bu sayının mündəricatında kimlər yoxdur? Şarl Bodler, Moris Meterlink, Arseni Tarkovski, Somerset Moem, Daniil Xarms, Selim Temo, İştvan Qall, Robert Minnullin, Dos Passos, Jorji Amadu. Tərcüməçilər də bu dəfə sanki xüsusi olaraq seçilib - Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif İbrahimoğlu, Yaşar, Əsəd Cahangir, Ülkər Nəsibbəyli, Rövşən Ramizoğlu...
   Dərginin bu sayındakı poeziya tərcümələrini xüsusi qeyd etməyə ehtiyac duyuram. Bu sırada öncə R.Rövşənin XIX əsrin məşhur fransız şairi, ilk simvolist, dünya poeziyasında modernizmin banisi sayılan, “Şər çiçəkləri” kitabına görə (1857) məhkəməyə çəkilən Ş.Bodlerdən tərcümələrindən danışmaq istərdik. O Bodler ki, yapon yazıçısı Akutaqava onun haqqında demişdi: “Heç bir adi insan ömrü Bodlerin bir misrasına dəyməz”. O Bodler ki, tərcüməçinin yazdığı qısa giriş sözündə dediyi kimi, “bu üsyankar şairin bir çox şeirləri təkcə yazıldığı dövrdə yox, elə indinin özündə də çoxlarına küfr kimi görünə bilər”.
   Çoxillik poetik yaradıcılıq və tərcümə təcrübəsi, geniş savad və istedadın birləşməsi R.Rövşənin çevirmələrinin uğurunun əsasında durur. Fransız şairindən “İblis duası”, “Saat”, “Gecə tövbəsi”, “Ey sevinc mələyi, dərd çəkmisənmi?..” (sonuncu sərbəst tərcümədir) şeirlərini çevirən R.Rövşənin tərcümələrində nə məntiqi-qrammatik, nə də bədiilik baxımından axsayan, ilişən bir məqama rast gəlmirsən. Sözlər sözləri, misralar misraları qovaraq fikrin, hissin arasıkəsilməz axınını yaradır:
   
   Sənin ilham pərin ölüsevəndi,
   Eşir qəbirləri goreşən kimi.
   Qopur, şeirlərin varaqdan qopur,
   Qopur neçə-neçə varaqdan qopur,
   Dünyanın canına daraşır indi
   İlanlar, əqrəblər daraşan kimi.
   Dünya zəhərlənir şeirlərindən
   Sən də arsız-arsız kefə baxırsan.
   Amma yuxun qaçır gecələr hərdən,
   Durub pəncərədən göyə baxırsan.
   (“Gecə tövbəsi”).
   
   Məncə, V.B. Odərin A.Tarkovskidən etdiyi tərcümələr R.Rövşənin tərcümələri qədət uğurlu deyil. A.Tarkovskinin məktublarının da tərcüməsi elə bir maraq doğurmur. Tərcüməçi Tarkovskinin şeirləri ilə həddindən artıq sərbəst davranır, onları həddindən artıq «vaqifləşdirir». Elə bil ki, Tarkovski yox, Vaqifin şeirlərini oxuyursan:
   
   Ən uca dağların ucalıqları,
   Canım sizin candan bütün canıyla,
   Elə bu can kimi
   Bütün boşluqları axıb doldurub
   Səs salır boşluqlar hər bir anıyla.
   (“Adamlar”)
   
   Bununla belə, dərginin son sayındakı tərcüməçilər sırasında V.B.Odər kimi ciddi imzanın görünməsinin özü maraqlı faktdır. Bundan başqa, tərcüməçinin Tarkovski ilə sovet dönəmində - 70-80-ci illərdə Peredelkinoda görüşlərinə dair xatirələri də oxucular üçün maraqlıdır. Ə.Cahangirin tatar şairi P.Minnullindən etdiyi tərcümələr isə təkcə dərginin bu sayının yox, ümumən son dönəm poetik tərcümələrimizin yaxşı nümunələrindən sayıla bilər. Dərgi tatar şairinin 30-a yaxın şeirini dərc edib. Lakin məsələ təkcə sayda deyil. Ən müxtəlif mövzulardakı şeirləri əhatə edən yüksək səviyyəli tərcümələr tatar şairinin yaradıcılığı haqqında ən ümumi təsəvvür yarada bilir. Amma bu tərcümələr bizi müasir tatar ədəbiyyatının ünlü isimlərindən biri ilə tanış etməklə qalmır, son dönəmlərdə əlaqələrimizin az qala kəsildiyi müasir tatar ədəbiyyatına ən azı pəncərə açır.
   Afaq Məsudun bu günlərdə “525-ci qəzet”ə müsahibəsində dediyi bir fikirlə tam razılaşmaq lazımdır ki, belə yüksək səviyyəli bədii tərcümələrdən ali məktəblərdə tərcümə işini öyrənən gənc mütəxəssislər üçün örnək kimi istifadə etmək olar. Tərcümə işinin ümumi səviyyəsinin sovet dönəmi ilə müqayisədə nisbətən aşağı düşdüyü bir vaxtda belə tərcümələrin əhəmiyyəti daha qabarıq nəzərə çarpır.
   Kamran Nəzirlinin Türkiyə şairi Selim Temodan etdiyi çevirmələr haqqında isə təəssüf ki, müsbət fikir demək çətindir:
   
   Sözlüklər rənglərə bənzəyir, usta,
   bulaşdıqca duruluyor suları
   mən bir mavi yazmışdım izninlə
   sən bir yer üzü yaymıştın amma.
   
   Aydın deyil ki, niyə müəllif təkcə bu parçadakı “duruluyor”, “yaymıştın” kimi sözləri yox, bütün şeirlərdə Türkiyə türkcəsindəki sözləri olduğu kimi saxlayır: islıq, kesin, keçelim, fırınlar, çeleplər, faylara, sömürgə, idol, levha, ciyə, eskimeyen, aparıq, esrik, yontulmuş, ipil-ipil... Axı bu sözlərin bəzilərinin mənasını olduqca böyük əksəriyyət başa düşmür. Türkiyə türkcəsi üçün səciyyəvi olan bu sözlərin qaldığı mətni hətta uyğunlaşdırma belə adlandırmaq mümkün deyil.
    Dərginin bu sayının nəsr baxımından da bəxti gətirib. Hər şeydən əvvəl Yaşarın tərcüməsində ingilis yazıçısı S.Moemdən “Teatr” romanının adını qeyd etmək lazımdır. Nəzərə alsaq ki, S.Moem Azərbaycan dilinə az çevrilmiş müəllifdir, Yaşarın zəhmətinin nəticəsi daha aydın başa düşülər. Teatr adamlarının sənət və şəxsi həyatından bəhs edən roman ilk bir neçə səhifədəki müəyyən ilişən məqamları çıxmaq şərtilə maraqla oxunur. Amma təəssüf ki, dərgidə romanın kiçik bir hissəsi işıq üzü görüb. Bizcə, belə irihəcmli nəsr əsərlərini bütöv halda nəşr etmək daha yaxşı olardı. Dərgi özünün kitabxanası seriyasından xarici müəlliflərin hər hansı bir irihəcmli əsərini nəşr edib oxucuya çatdıra bilər.
    R.Ramizoğlunun macar yazıçısı İ.Qallın “Yazırıq - yaradırıq” (1982) kitabından seçilmiş “Kaff-ka” novellası modernist üslubda yazılıb. Novellanın qəhrəmanı - şöhrətpərəst, vəzifəpərəst, daim diqqət mərkəzində olmaq istəyən, eqoist, dünyadan dördəllə yapışan və hamıya düşmən kimi baxan qoca yazıçı ədəbi mühitimizdən yaxşı tanıdığımız bir çox simaları yada salır. Sən demə, macarlar da bizim yaşadığımız problemləri yaşayırmış. Uğurlu tərcümə vasitəsilə də söz deməyin mümkün olduğunu Rövşən sübut edir. Rövşən ümumən son illərdə oxuculara təqdim etdiyi əksər tərcümələrində üzərinə götürdüyü işin öhdəsindən bacarıqla gəldiyini təsdiqləyib. Yaşının nisbətən azlığına baxmayaraq, onun Amerika, rus, yapon yazıçılarından seçmə üsulu ilə etdiyi tərcümələrdən ibarət “Yeddi məhbusun hekayəsi” («Qanun», 2006) kitabı son illərin ən yaxşı bədii tərcümələrindən sayıla bilər. Tam məsuliyyətlə demək olar ki, Rövşənin simasında Azərbaycan bədii tərcüməsində kifayət qədər ciddi, professional bir kadr yetişməkdədir.
   Dərginin təqdim etdiyi uğurlu tərcümələr sırasında Ü.Nəsibbəylinin görkəmli Belçika yazıçısı, şair və dramaturqu Moris Meterlinkdən çevirmələri də var. Yazıçı-dramaturqun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən Ü.Nəsibbəyli “Xəzər”in oxucularına Belçika yazıçı-dramaturqunun iki pyesini təqdim edib - “Orda, içəridə” və “Korlar”.
   Ülkər xanımın dərginin bu sayındakı işi Meterlinklə məhdudlaşmır. O, məşhur Amerika yazıçısı Dos Passosun 1969-cu ildə “Paris Revyu” jurnalına verdiyi “Sovet İttifaqı ilə Qərbin keçdiyi yol bir-birinə bənzəyir” adlı müsahibəsinin orijinaldan tərcüməsinin də zəhmətini öz üzərinə götürüb. Amerikan yazıçılarının bir qisminin 20-30-cu illərdə sovet quruluşuna necə inamla yanaşdığını öyrənmək baxımından maraq doğuran müsahibədə Azərbaycanla bağlı fikirlər də özünə yer alıb.
    “Xəzər” dərgisi adıkeçən nümunələrlə yanaşı, bu sayında V.İbrahimoğlunun çevirməsində Daniil Xarmsın, İ.Əlfioğlunun çevirməsində J.Amadunun da yaradıcılığına yer ayırıb.
   
   Sabutay