Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli alim Nəsrəddin Tusinin "Əxlaqi-nasiri" kitabını nəşr etdirib. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi məktəblərdə tədris olunan bu kitab latın qrafikası ilə yenidən nəşr olunub. Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Mütəfəkkir alimin anadan olmasının 800 illiyi ərəfəsində ümummilli lider 2000-ci il 13 iyun tarixli fərmanı ilə Nəsrəddin Tusinin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd edib.
   Ulu öndərin önəm verdiyi dahi şəxsiyyətin zəngin irsinə dərin ehtiram əlaməti olaraq nəşr edilən "Əxlaqi-nasiri" kitabında Nəsrəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı üslubu mümkün qədər qorunub saxlanılıb. Bu kitab Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər kolleksiyasını zənginləşdirib. Fond Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən və onun yaratdığı fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən bəhs edən müxtəlif dillərdə kitabları nəşr etməklə, dünya ictimaiyyətinə obyektiv informasiya çatdırmağa çalışır. Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrini dilimizə çevirərək nəşrinə dəstək verir. Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsrəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.