Bəşəriyyət tarixinin ən qanlı dövrü olan II Dünya müharibəsinin törətdiyi dəhşətlər uzun illər insanların yaddaşında silinməz izlər buraxıb. Amma qəribə səslənsə də, bu müharibədə öz xoşbəxtliyini tapan, ömürlük səadət qazanan insanlar da olub. Çex qızı Erika Hanpel və azərbaycanlı Əhəd Əliyevi ailə ocağında birləşdirən də həmin müharibə olmuşdu.
   
   Erika 1922-ci ildə Çexiyanın Usti şəhərində dünyaya göz açıb. Müharibə illərində Qızıl Aypara Cəmiyyətinin xətti ilə hospitalda tibb bacısı işləyib. O, bu illəri belə xatırlayır: «Atam çex, anam isə alman idi. Orta məktəbi 5-ci sinfə kimi oxumuşam. Müharibə başlayanda məktəbimizi bağladılar. On iki yaşım olanda bizi Qızıl Aypara Cəmiyyətinin nəzdində kurslara apardılar, yaralı əsgərlərə qulluq edirdik. Bir gün lazaretə gözlərinin hər ikisini itirmiş bir əsgər gətirdilər».
   Söhbətin bu yerində gözləri dolan Erika xanım dərindən köks ötürür və sözünə bir qədər ara verir. Sonra Əhədlə bağlı acılı-şirinli xatirələrini dilə gətirir: «Bizim ilk tanışlığımız belə başladı. Tezliklə əməllicə dostlaşdıq».
   Sonradan Erikaya məlum olur ki, Əhəd Vladivostokdan Çexiyanın Usti şəhərinə qədər uzun bir döyüş yolu keçib. Burada əsgər dostları ilə minaya düşüblər. Əhədin yoldaşları həlak olub, o isə gözlərini itirib.
   Müharibə sona çatırdı. Erika ilə Əhəd ailə həyatı qurmaq qərarına gəlirlər. Qızın anası əvvəlcə buna qarşı idi. 18 yaşlı qızının gözlərini itirmiş bir adamla uzaq ölkəyə getməsi ananı narahat etməyə bilməzdi. Lakin sonda bu izdivaca razılıq verir. Əhədlə Erika 1945-ci ilin iyulunda Naxçıvana gəlirlər və bir qədər sonra ailə qururlar.
   Çex qızının yad diyara öyrəşməsi o qədər də asan olmur. Erika qərara alır ki, Azərbaycan dilini öyrənsin: «Kitabxanadan jurnallar alıb hərfləri öyrənirdim. Nəhayət, mən bu dili öyrəndim».
   Onlar ailə qurduqdan sonra 22 il birlikdə yaşayırlar. Səməd, Səyyad və Fərhad adlı övladları dünyaya gəlir. Bütün bu illərdə Əhədə özü qulluq edir: «Əhəd qeyrətli kişi idi. 22 il birlikdə yaşadıq. Mən onu çox istəyirdim. 1970-ci ildə rəhmətə gedib, ancaq onu yaddan çıxara bilmirəm. Bilirsiniz necə alicənab insan idi? 35 ildir vəfat edib, amma yenə də onu xatırlayıram», - deyə Erika söhbətə davam edir.
   Uzun ayrılıqdan sonra Erika öz doğmalarını axtarmaq qərarına gəlir. Ona məlum olan təkcə bu idi ki, müharibədən sonra valideynləri və qohumları Çexiyadan Almaniyaya köçüblər. Erika Almaniya Federativ Respublikasına gedir. 1975-ci ildə doğmaları ilə görüşür. Bir ay Almaniyada qaldıqdan sonra yenidən Naxçıvana qayıdır.
   Erika həm də şəhid anasıdır. Ortancıl oğlu Sərdar 1992-ci ildə Sədərək uğrunda döyüşlərdə şəhid olub. Oğlundan söz düşəndə doluxsunan və gözləri yaşaran qadın bildirir ki, bu ağrı onun ürəyindən heç zaman getməyib: «Bir ana üçün bala həmişə əzizdir». Lakin bir təsəllisi var ki, oğlu vətən uğrunda şəhid olub.
   İndi böyük ailə-uşaq sahibi olan Erika xanım vaxtını nəvələri ilə keçirir. Özünün dediyi kimi, həyatda ən çox sevdiyi iş gül əkmək və kitab oxumaqdır. Naxçıvanda böyük gül bağçası var Erikanın. Əkdiyi qızıl güllərin hamısını Almaniyadan və Çexiyadan gətirib. Deyir, bu güllərin necə yetişdiyini və açdığını görəndə çox sevinirəm. Kitabxanası isə tanınmış Azərbaycan yazarlarının əsərləri ilə zəngindir.
   Acılı-şirinli xatirələrini danışdıqca, bütün yaşadıqlarını alın yazısı adlandıran Erikanın ara-sıra işlətdiyi bir ifadə də diqqətimizdən yayınmır: «Mən demirəm ki, niyə bura gəlmişəm? Mən taleyimdən razıyam».
   
   Mehparə