İyunun 13-də böyük şair Səməd Vurğunun qızı, uzun illər şairin ev-muzeyinin direktoru olmuş Aybəniz Vəkilovanın vəfatının bir ili tamam olur. Aybəniz xanım insanların yaddaşında sadəliyi, nəcib, xeyirxah əməlləri ilə qalıb. Yəqin ki xatırlayırsınız, hələ sovet dönəmində çoxlarının uzaq durduğu mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma həyan olan, qayğılarını çəkən Aybəniz Vəkilova idi.
   
   Qızı Aygün xanım (indi S.Vurğunun ev-muzeyinə rəhbərlik edir) deyir ki, anam xeyirxah işlər görməkdən zövq alırdı, bundan mənəvi rahatlıq tapırdı: «Nə qədər mülayim, xanım xasiyyətləri vardısa, özünə, mənə qarşı bir o qədər tələbkar idi. Rəhbərlik etdiyi muzeyi, onun əşyalarını göz bəbəyi kimi qoruyardı, burada keçirdiyi tədbirləri yüksək səviyyədə təşkil edərdi. Səməd Vurğunla bağlı hər şey onun üçün əziz, müqəddəs idi. Babamın Şüvəlandakı bağını da diqqətdən kənarda qoymurdu, onun əkdiyi ağaclara su verməkdən həzz alırdı. Onda böyük enerji, həyat eşqi vardı, yumor hissi güclü idi, heç vaxt bədbinliyə qapılmazdı. Hətta ağır xəstə olanda belə gələcək planlarından danışırdı...”
   Aybəniz xanım 71 yaşında vəfat etdi. Ondan bir il əvvəl yubileyini keçirərkən özünə milli paltar tikdirib qonaqlarını bu geyimdə qarşılamışdı.
   A.Vəkilova: «Anam S.Vurğunun dünyadan tez köçməsilə barışa bilmirdi, həmişə həvəslə xatirələrini danışırdı... Özümü ovutmaq üçün oğlum Vurğunla birlikdə “Aybəniz” kitabını nəşr etdirmişəm. Kitaba S.Vurğunun qızına həsr etdiyi şeirlər, məktublar, bir poema, şairin başqa poemalarında ona ünvanlanmış parçalar, Aybəniz xanımın şəxsi arxivində saxlanan fotoşəkillər daxildir. Mən anamın yoxluğunu heç cür qəbul edə bilmirəm. Düşünürəm ki, anam harasa səfərə gedib, qayıdanda müzeydə, bağda gördüyüm bütün işlər barədə ona hesabat verəcəyəm. Üzündəki təbəssümdən nə dərəcədə razı qaldığı bilinəcək».
   A.Vəkilovanın yaxın rəfiqələri, uzun illər qəlb sirdaşları olmuş professor Sevda İbrahimova, Xalq artisti, baletmeyster Rəfiqə Axundova, Səfurə Həsənova və başqaları öz söhbətlərində onun gözəl insan, həyatsevər, xoş niyyətli, müdrik qadın olduğunu qeyd edir, ürəkdolusu xatirələr danışırlar. Aybəniz xanım onu tanıyanların xatirəsində həmişə işıqlı, saf qəlbli insan kimi qalacaq. Allah rəhmət eləsin.   

   İradə