Ötən həftə Azərbaycanın dahi sənətkarı Üzeyir Hacıbəyovun ev-muzeyində yazıçı- publisist Mustafa Çəmənlinin “Leyli və Məcnun- 100 il səhnədə” adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycanın xalq artistləri, xalq şairləri, millət vəkilləri və bir çox görkəmli sənətkarların iştirak etdiyi tədbiri yazıçı-dramaturq Əli Əmirli açıq elan etdi. Daha sonra danışmaq üçün söz Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənliyə verildi.    

   V.Bəhmənli kitabın əhəmiyyətindən söz açdı: “Bu kitabın ən birinci yaranma səbəbi prezidentimiz cənab İlham Əliyevin “Leyli və Məcnun” əsərinin 100 illiyi ilə bağlı sərəncamıyla əlaqədardır. Mustafa Çəmənli bizə yazdığı kitabın çap olunması ilə bağlı müraciət etdikdə, məmnuniyyətlə razı olduq. Üzeyir Hacıbəylinin ölümsüzlüyünün sübutu olan bu kitabı çap etdirməmək günah olardı”.
    Musiqişünas Ramiz Zöhrabov “Leyli və Məcnun- 100 il səhnədə” kitabına elmi redaktorluq etməyindən çox məmnun olduğunu açıqladı: “Kitabın elmi redaktoru olsam da, əslində mənə elə də ağır bir iş düşmədi. Çünki kitab çox gözəl, səlis, maraqlı bir tərzdə, hər bir misra yüksək səviyyədə yazılmışdı. Həm də Mustafa özü muğamın tədqiqatçısı, musiqinin ən yaxşı təhlil edəni və o cümlədən də güclü redaktordur”.
    Xalq artisti, şöhrət ordenli Canəli Əkbərov Üzeyir Hacıbəylini “Milli musiqimizin peyğəmbəri” adlandıraraq, bizim Üzeyirin mənəvi övladları olduğumuzu, Füzulinin söz dünyasının, Üzeyir musiqisinin isə bizim mənəvi güzgümüz olduğunu vurğuladı: “Biz gedəcəyik, amma bu kitab qalacaq və gələcək nəsillərə mənəvi sərvətimiz kimi çatacaq”.
    Sonda Mustafa Çəmənli kitabla bağlı öz ürək sözlərini bildirdi: “Bu kitabı ərsəyə gətirənə qədər mənim döymədiyim qapı, baş vurmadığım arxiv qalmayıb. Arxivlər bir yana, kitabda elə şəkillər var ki, mən onları ayrı- ayrı sənətkarların evlərindən, qohumlarıgildən tapıb ortaya çıxarmışam. Niyyətim başqa müəlliflərin üzərinə kölgə salmaq deyil. Amma düzü, bu gün birinin təvəllüdünü hərə bir cür yazır. Mən belə səhvlərə yol verməmək üçün bir şeyi 1 yerdən deyil, 2- 3 yerdən araşdırıb dəqiq öyrəndikdən sonra yazmışam. Bu kitabın ortaya çıxmasına qədərki yolda mənə yardımçı olan insanları, təşəkkür edəcəyim kəsləri sayıb qurtara bilmədiyimdən, ümumən hamıya dərin minnətdarlığımı bildirirəm”.
   
   Könül NƏCƏFOVA