Azərbaycan
   
   1 dekabr 1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov erməni kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib. Bundan iki gün öncə - noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xətrinə Zəngəzuru ermənilərə verdi. Əvəzində erməni tərəf Naxçıvan və Dağlıq Qarabağa iddialardan əl çəkəcəyini vəd etmişdi. Amma bu vədin ömrü çox çəkmədi.
   1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Azərbaycan SSR-in Əməkdar artisti Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. O, 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub. Kiçik pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi olub. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
   1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq İmanqulu oğlu Ağayev anadan olub.
   
   2 dekabr 1920 - Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında bağlanan Aleksandropol (Gümrü) sazişinə əsasən, erməni tərəf Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib. Lakin daşnaklar Gümrüdə Türkiyə ilə saziş imzalayanda Yerevanda hakimiyyəti itirmişdilər, orada sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (13 oktyabr 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçməyə məcbur oldu.
   2 dekabr 1929 - Tanınmış şair, pedaqoq, ədəbiyyatşünas, tarixçi, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848 - 1929) vəfat edib. Əslən Cənubi Azərbaycandan (Qaradağ xanlığı) idi, sonradan ailəsi Şuşaya gəlmiş və o, orada doğulmuşdu. Rus satirik şairi İ.A.Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub, A.O.Çernyayevski ilə birgə “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   2 dekabr 1930 - Şair, tənqidçi Şükür Xasay oğlu Xanlarov (1930 -10.5.2001) anadan olub.
   2 dekabr 1938 - Şair, publisist Zeynal Vəfa anadan olub.
   2 dekabr 1969 - Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyusif oğlu Əliyevin (1969- 1991) doğum günüdür.
   
   Dünya
   
   1 dekabr Dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
   1 dekabr 1935 - Məşhur Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen, əsl adı Allen Stewart Konigsberg) anadan olub.
   1 dekabr 1940 - Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.
   1 dekabr 1945 - Rusiyanın məşhur estrada artisti Gennadi Xazanovun doğum günüdür.
   1 dekabr 1945 - Amerikalı aktrisa və müğənni, prodüser, ssenarist Bett Midler (Bette Midler) anadan olub.
   1 dekabr 1952 - İngilis dramaturqu, rejissor, ssenarist Stiven Poliakoff (Stephen Poliakoff) anadan olub.
   1 dekabr 1966 -Amerika rejissoru və prodüseri, ssenarist, bəstəkar, məşhur “Şrek” cizgi filmlərinin müəllifi Endryu Adamson (Andrew Ralph Adamson) Yeni Zelandiyada doğulub.
   1 dekabr 1971 - İngilis əsilli Amerika aktrisası Emili Mortimer (Emily Mortimer) anadan olub.
   
   2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat, 1859 - 1891) anadan olub.
   2 dekabr 1923 - Yunan əsilli məşhur Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos, 1923 - 1977) anadan olub.
   2 dekabr 1946 - Tanınmış italyan modelyeri Canni Versaçe (Gianni Versace, 1946 - 1997) anadan olub.
   2 dekabr 1968 - Amerika aktrisası Lusi Lyu (Lucy Alexis Liu) anadan olub.
   2 dekabr 1978 - Kanadalı müğənni, aktrisa Nelli Furtadonun (Nelly Kim Furtado) doğum günüdür.
   2 dekabr 1981 - Amerikalı pop müğənnisi, aktrisa Britni Spirs (Britney Jean Spears) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan