Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu milli mentalitet və şüurumuzu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. 
   
   Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində məqsədyönlü işlər görülür.
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə həyata keçirdiyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, 2011-ci il üçün Şabran şəhəri “Əfsanələr Paytaxtı”, Lənkəran “Folklor Paytaxtı”, İsmayıllı şəhəri isə “Sənətkarlıq Paytaxtı” elan edilib. Bu münasibətlə martın 3-də Muzey Mərkəzində 2011-ci il üçün “Xalq Yaradıcılığı Paytaxtları”nın təqdimat mərasimi keçiriləcək. Sözügedən şəhərlərin “Xalq Yaradıcılığı Paytaxtları” elan olunması ilə əlaqədar il ərzində Şabran, Lənkəran və İsmayıllıda nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.