Hamlet Xanızadə “Qətl günü” filmində müxtəlif zamanlarda yaşamış üç insanın faciəsini yaratdı: Şair, Sədi Əfəndi, Xəstə. Ancaq bu filmdə yaratdığı rollarını görmək ona nəsib olmadı. Ölüm səssiz-səmirsiz gəlib əvvəlcə onu, sonra filmin ssenari müəllifi Yusif Səmədoğlunu apardı. “Qətl günü” isə qaldı...
      
   O, heç nəyə məhəl qoymadan qıyqacı baxışları ilə kələ-kötür dünyanın tozlu-dumanlı, ağlı-qaralı, haqlı-nahaqlı yolları ilə yol gedirdi. Niyə belə tələsirdi, heç özü də bilmirdi. Bilmirdi ki, bu yollar onu “Qətl günü”nə aparır. Bəlkə də bilirdi... 49 il Allaha sarı boy atan bir insan “İblis”də İblisi, “Xəyyam”da Həsən Səbbahı, “Dəli yığıncağı”nda Molla Abbası, “Topal Teymur”da Teymuru dirildərək tamaşaçıların yaddaşında müxtəlif zamanda və məkanlarda yaşamış insanların obrazını canlandırırdı. Hamlet Xanızadə səhnədə xeyirlə şəri eyni məhəbbətlə yaradanda, iki dünyanı özündə birləşdirəndə, sənəti və sənətkarlığı ilə insanları heyrətləndirəndə nəhəng olurdu...
   
   Ölümündən 21 il keçsə də, o, teatr və televiziya tamaşalarında, kinoda yaratdığı rollarla insanların yaddaşındadır. Ömür-gün yoldaşı Nailə xanımın xatirələrində Hamlet Xanızadə belə yaşayır.
   
   Böyük sənətkarın böyük sevgisi
   
   Bizim yaşadığımız evlə üzbəüz Kamal Xudaverdiyev yaşayırdı. Biz eyvana çıxanda onları, onlar da bizi görürdülər. Hamletlə Kamal tələbə yoldaşı idilər. Bir gün onlarda bir-birimizi gördük. Sonralar küçədə tez-tez üz-üzə gələrdik. Bir dəfə necə oldusa məhəllə qızları ilə şəhərə çıxdıq. Kamalla Hamlet də bizimlə getdilər. Yavaş-yavaş tanış olduq. Sonralar bildik ki, analarımız bir yerdə işləyirlər. Hamletin anası bu məsələdən xəbər tutanda sevinib, deyib ki, Leyla xanıma (anama) böyük hörmətimiz var. Sonra elçilər gəldilər, dörd ay nişanlı qaldıq. Hamlet çox ciddi, hərəkətlərini ölçüb-biçən, dilli-dilavər bir oğlan idi. Nə isə, çox xoşuma gəlmişdi. O vaxtlar Hamletin aktyor olduğunu bilsəm də, teatrda heç bir rolunu görməmişdim. Ailə qurandan sonra məni hər tamaşasına aparırdı.
   Ciddi xasiyyəti vardı, yalanı, şit zarafatları sevmirdi. Ürəyiyumşaq, həddindən artıq qohumcanlı adam idi. Əslində Hamlet bütün insanları sevirdi. Bəlkə ona görə də qohum da, yad da onun xətrini istəyirdi. Həssas, emosional olduğu üçün daima narahat görünürdü. Həddən çox mütaliə edirdi. Özü də bütün elmlərdən xəbərdar idi. Yaxşı rəssamlığı da vardı. Hərdən pianinoda özü çalıb-oxuyar, ailədə mehribanlıq yaradardı. İmkan daxilində köməksizə əl tutardı. 

  Etibarlı dostlar
   
   Hamletin həyatda dostları çox olsa da, Fuad Poladov, Hafiz Fətullayev, Mikayıl Mirzə, Yaşar Nuri, Flora Kərimova xətrini çox istədiyi dostlarından idi. Ancaq Hamlet ən çox Fuad Poladovla söhbət edərdi, onların söhbəti bitib-tükənməzdi. Hər il dünyasını dəyişdiyi gün və bir də Novruz bayramında dostları yığışıb qəbrini ziyarət edirlər. Olub ki, havalar pis keçib, nəsə bir iş çıxıb, onlar borana, qara baxmayaraq Hamletin ziyarətinə tələsiblər. Belə dostlara minnətdar olmaya bilərəm?
   
   Hamlet onlarla filmdə irili-xırdalı rollar yaratmışdı
   
   Hamlet hər şeydən razı idi. Sevdiyi rollar vardı, istəyirdi onları oynasın. Bəzi arzusuna çatdı, bəzi istədiyi rollar ürəyində qaldı.
   İşləməkdən yorulmurdu. Teatra gedirdi, radioda səs yazdırırdı, televiziyada dublyajda olurdu. Sonra kinostudiyaya keçdi. Söz gəzirdi ki, Hamlet teatrdan inciyib gedib. Ancaq belə deyildi, Hamlet onlarla filmdə çəkilmişdi. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum” və sairə. Epizodik rolları belə onun üçün olduqca əziz idi. Sonra yenə teatra qayıtdı. “Atabəylər”, “Fəryad”, “Dəli yığıncağı”nda oynadı. 1988-1989-cu illərdə Fuad Poladovla birlikdə maşın qəzasına düşdü. Çənəsi bərk əzilmişdi. Əməliyyatdan bir neçə gün sonra “Qətl günü” əsərini oxuyur, obrazla tanış olurdu. Rejissor demişdi ki, baş rola Hamletdən başqa heç kimi çəkməyəcəyəm. Hamlet o filmə çəkildi. Birinci hissənin dublyajı öz səsi ilə oldu. Ancaq ikinci hissəni dublyaj etmək ona nəsib olmadı. Fuad Poladov bu məsuliyyətli işi öz boynuna götürdü.
   “Qətl günü”nün çəkilişi dörd ay çəkdi. Sonra 20 Yanvar hadisəsi baş verdi. Hamlet sarsılmışdı. Hər gün Şəhidlər xiyabanına gedirdi. Bir gün işdə təzyiqi qalxır, həkimə gedir. Həkim məsləhət görür ki, evə qayıtsın. O isə dostları ilə Şəhidlər xiyabanına gedir. Bir də gördüm ki, Hamleti gətirdilər. Artıq beyninə qan sızmışdı. Xəstəxanaya götürdük. Fevralın 3-də səhər saat 6-ya 15 dəqiqə qalmış Hamlet bizi həmişəlik tərk etdi.
   
   Son arzu
   
   Hamlet kristal adam idi. Donə-dönə deyərdi ki, “məni orda-burda yox ha, kəndimizdə basdırarsınız, Bakının Şağan kəndində”. Doğma kəndi onun dünyada ən çox sevdiyi yer idi. Onu Fəxri xiyabanda dəfn etmək istəsələr də, arzusunu yerinə yetirdik. Başqa cür ola da bilməzdi. Hamletin yasına Dərbənddən Lənkərana kimi tanıdığımız, tanımadığımız adamlar gəlmişdilər...
   
   Hamletin ölümü də adi ölüm olmadı. Şəhidlərin məzarını ziyarət edə-edə haqsızlığa, ədalətsizliyə dözməyib özü də şəhid oldu. Görünür, Hamlet daxilən azad insan olduğuna görə azadlığın nə olduğunu bizdən yaxşı bilirdi.
   Ölümündən 21 il vaxt keçsə də bu dünyada ailəsi, övladları, yaxşı dostları, xoş xatirələri və bir də onun üçün həyatı qədər qiymətli olan rolları qaldı. O rolları ki, teatr və kino tariximizdə bu obrazları ancaq və ancaq Hamlet Xanızadə yarada bilərdi.
   
   Təranə Vahid