Azərbaycan
   
   7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919-27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
   7 fevral 1965 - Azərbaycanın Milli Qəhrəmanı Nazim Qabil oğlu Quliyev (1965 - 9.3.1992) anadan olub.
   7 fevral 1975 - Azərbaycanın Milli Qəhrəmanı Nazim Abbas oğlu Babayev (1975 - 15.3.1995) anadan olub.
   7 fevral 1988 - Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov (1988-2010) Biləsuvar rayonunda doğulub.
   7 fevral 1991 - Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonların adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib. Qərara əsasən, Şaumyan (kənd) rayonunun ərazisi Goranboy rayonuna birləşdirilib. Parlamentin qərarı ilə həmçinin Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz adlandırılıb. Puşkin rayonun tarixi adı bərpa edilərək Biləsuvar adlandırılıb.
   
   8 fevral 1907 - Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
   8 fevral 1921 - Bakıda Azərbaycan qadınlarının birinci qurultayı (8-11 fevral 1921) işə başlayıb.
   
   9 fevral 1924 - Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdı. Sovetləşmədən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı. 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsbitlədi. 1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kv. km) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
   9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.
   9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
   10 fevral 1828 - Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.
   10 fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (10 (yeni təqvimlə 22).2.1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
   10 fevral 1925 - Şair, publisist Dirəfşi Məmmədəli oğlu Müzəffər anadan olub.
   10 fevral 1935 - Şair Bilal Əhməd oğlu Ənsərov anadan olub.
   10 fevral 1942 - Professor, AMEA-nın müxbir üzvü Rafiq Əziz oğlu Əliyev Ağdam rayonunun Novruzlu kəndində anadan olub. İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiqə həsr olunmuş çoxsaylı əsərlərin müəllifidir.
   
   Dünya
   
   7 fevral 1478 - İngilis mütəfəkkiri və yazıçısı, katolik din xadimi Tomas Mor (Thomas More, 1478-1535) anadan olub. Məşhur “Utopiya” əsərinin müəllifidir.
   7 fevral 1655 - Fransız dramaturqu Jan Fransua Renyar (Jean-François Regnard, 1655-1709) anadan olub.
   7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s. romanların müəllifidir.
   7 fevral 1870 - Rus filosofu, tarixçi, publisist, iqtisadçı Pyotr Bernqardoviç Struve (1870-1944) anadan olub.
   7 fevral 1870 - Avstriya psixoloqu, müasir psixiatriyanın banilərindən biri Alfred Adler (Alfred Adler, 1870-1937) anadan olub.
   7 fevral 1885 - Amerika yazıçısı, amerikalı yazıçılar arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
   7 fevral 1905 - Fransız yazıçısı və filosofu Pol Nizanın (Paul Nizan, 1905-1940) doğum günüdür.
   7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox pupulyar mahnların (Sezen Aksunun repertuarından “Sən ağlama” və s.) sözlərinin müəllifidir.
   7 fevral 1954 - Dünya şöhrətli alman müğənnisi, bəstəkar və prodüsser Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” duetinn üzvü, bəstəkar və estrada ulduzu C.C.Catch-in prodüseri kimi tanınıb.
   
   8 fevral 1577 - İngilis yazıçısı Robert Berton (Robert Burton, 1577-1640) anadan olub.
   8 fevral 1591 - İtalyan rəssamı Qverçino (əsl adı Covanni Françesko Barbieri, 1591- 1666) anadan olub.
   8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
   8 fevral 1834 - Rus kimyaçı alimi, kimyəvi elementlərin dövrü cədvəlinin yaradıcısı Dmitri İvanoviç Mendeleyevin (1834-1919) doğum günüdür.
   8 fevral 1878 - Yəhudi filosofu, sionizmin ideoloqu Martin Buber (1878-1965) anadan olub.
   8 fevral 1920 - Amerika aktrisası, 40-50-ci illərin kinoulduzu Lana Terner (Lana Turner, 1920-1995) anadan olub.
   8 fevral 1925 - Amerika aktyoru və rejissoru Cek Lemmon (Jack Lemmon, 1925 - 2001) anadan olub.
   8 fevral 1928 - Məşhur rus-sovet aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında baş rolun (Ştirlis) ifaçısı kimi şöhrət qazanıb.
   9 fevral 1441 - Məşhur özbək şairi və mütəffəkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai, 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
   9 fevral 1783 - Rus şairi, ədəbiyyatşünas Vasili Andreyeviç Jukovski (1783-1852) anadan olub.
   9 fevral 1846 - Alman ixtiraçısı, konstruktor Vilhelm Maybax (August Wilhelm Maybach, 1846-1929) anadan olub. İlk motosiklin, Qotlib Daymlerlə birlikdə ilk “Mersedes” avtomobilinin konstruktoru olub.
   9 fevral 1874 - Alman əsilli məşhur rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerholdun (Karl Kasimir Theodor Meyergold, 1874-1940) doğum günüdür. Stalin repressiyasının qurbanı olub.
   9 fevral 1881 - Böyük rus yazıçızı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11 noyabr (köhnə təqvimlə 30 oktyabr) 1821 - 9.2 (29.1.) 1881) vəfat edib.
   9 fevral 1885 - Avstriya bəstəkarı, musiqidə ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.
   9 fevral 1915 - Rus kinoaktyoru, SSRİ Xalq artisti Boris Fyodoroviç Andreyev (1915-1982) anadan olub.
   9 fevral 1945 - Amerika kinoaktrisası Mia Ferrou (Mia Farrow) anadan olub.
   
   10 fevral 1808 - Alman tarixçisi və filoloqu Georq Veber (1808-1888) anadan olub.
   10 fevral 1837 - Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6 iyun (köhnə təqvimlə 26 may) 1799 - 10.2. (29.1.) 1837) vəfat edib. Yanvarın 27-də (fevralın 8-də) dueldə ağır yaralanıb, 2 gün sonra dünyasını dəyişib.
   10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.
   10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr sənəti nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht, 1898-1956) anadan olub.
   10 fevral 1903 - Sovet bəstəkarı, SSRİ Xalq artisti Matvey İssakoviç Blanter (1903-1990) anadan olub. Məşhur “Katyuşa” mahnısının, “Futbol marşı”nın müəllifidir.
   10 fevral 1919 - Rus dramaturqu, kinossenaristi Aleksandr Moiseyeviç Volodin (1919-2001) anadan olub.
   10 fevral 1938 - Rus yazıçısı Georgi Aleksandroviç Vayner (1938-2009, Nyu-York) anadan olub. 1990-cı ildə Amerikaya mühacirət edib. Qardaşı Arkadi Vaynerlə birlikdə məşhur detektiv əsərlərin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan