Prezident İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə paytaxtda və şəhərətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri müzakirə olunub. Dövlət başçısı Bakının mədəniyyət müəssisələrində, UNESCO-nun dünya mədəni irs siyahısına salınmış İçərişəhərdə təmir-bərpa işlərinin aparıldığını nəzərə çatdırıb. Prezident inşası davam edən Heydər Əliyev Mərkəzinin dünyada bənzərsiz layihələrdən biri olduğunu deyib.
   Dövlət başçısı Bakıda və ətraf qəsəbələrdə mədəniyyət ocaqları və dini abidələrin təmir-bərpasının davam edəcəyini, yeni muzeylərin yaradılmasının zəruriliyini vurğulayıb: “Bakıda teatrlar, muzeylər əsaslı təmir edilir. “Qala” tarixi-etnoqrafiya qoruğu yaradılıb, bu, açıq səma altında nadir muzey mərkəzidir. Qobustan qoruğunda yeni muzeyin tikintisi layihəsi icra edilir. “Atəşgah” tarixi muzey mərkəzinin bərpası və yenidən qurulması layihəsi var. Nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi tikilir. Növbəti illərdə təmirə ehtiyacı olan bütün şəhər mədəniyyət ocaqları əsaslı təmir olunacaq”.