Azərbaycan
   
   8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4.1979) Şəkidə anadan olub. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Müasir Azərbaycan dilinin fonetikasına, üslubiyyatına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərsliklərinin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.
   
   9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə erməni Andronikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından qaçqın düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
   9 iyul 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları işçilərinin peşə bayramı günü elan edilib.
   9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.
   9 iyul 1936 - Yazıçı Şamo Arif (Arif Süleyman oğlu Rəhimov) anadan olub. İxtisasca geoloqdur. Əsərləri: “Qoşa çinar”, “Səhra”, “Mənim payız çiçəyim”, “Qınamayın məni” və s.
   9 iyul 1996 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 22.6.1924 - 9.7.1996) vəfat edib. Qubadlı rayonunun Qəzyan kəndində doğulan yazıçı xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   
   10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
   10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1898-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub. Epik-lirik poema səpkili hekayələri, əruz vəznində yazdığı qəzəlləri, qoşmaları və s. əsərləri ilə Göyçə ədəbi mühitinə yeni hava gətirib.
   10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-12.09.1979) anadan olub.
   10 iyul 1930 - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.
   10 iyul 1969 - Rəssam Cəbrayıl Əzimov (7.5.1926 - 1969) vəfat edib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Qızmar günəş altında”, “Görüş”, “Bəxtiyar” (Elbəy Rzaquliyevlə birgə), “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “İnsan məskən salır”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.
   11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib. 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq vəfat edib.
   11 iyul 1926 - Tanınmış tarixçi-alim Şövkət Əzizağa qızı Tağıyeva anadan olub.
   11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933, Şəki - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərin rejissorudur. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.
   
   Dünya
   
   8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr yazarlarının (Ezop, Fedra və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb. Lafontenin ”Qarğa və tülkü”, “Qurd və quzu”, “Qarışqa və cırcırama” və s. təmsilləri sonralar rus şairi İvan Krılov (1769-1844) tərəfindən təbdil və tərcümə edilərək təqdim olunub.
   8 iyul 1892 - İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.
   8 iyul 1908 - Rus aktyoru, SSRİ Xalq artisti Vladimir Belokurov (1908-1973) anadan olub. “Ölü canlar”, “Dirilmə”, “Zolaqlıların səfəri” və s. filmlərdə çəkilib.
   8 iyul 1938 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə» (Lukaşin), «İşdə məhəbbət macərası» (Novoselsev), «Qaraj» (Xvostov) və s. filmlərdə çəkilib.
   
   9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın banilərindən biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
   9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr”, “Övliya cüməsi nəğmələri” və s. kitabların müəllifidir.
   9 iyul 1933 - Rusiyanın Xalq artisti, kinorejissor Elem Klimov (1933-2003) anadan olub. Filmləri: “Get və bax”, “Aqoniya” və s.
   9 iyul 1944 - Amerikalı fantast-yazıçı Qlen Kuk (Glen Cook) anadan olub. Əsərləri: “Harretin sərgüzəştləri”, “Qara dəstənin salnaməsi” və s.
   
   10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (yeddi roman) müəllifidir.
   10 iyul 1905 - Rus-sovet yazıçısı, uşaqlar haqqında əsərlərin müəllifi Lev Kassil (1905-1970) anadan olub.
   10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub), “Sonuncu düym” və s.
   
   11 iyul 1934 - Məşhur italyan modelyeri Corco Armani (Giorgio Armani) anadan olub.
   11 iyul 1952 - Amerika aktyoru Stiven Lenq (Stephen Lang) anadan olub. Ceyms Kameronun “Avatar” filmində Maylz Kuortiç rolu ilə məşhurlaşıb.
   11 iyul 1960 - Azərbaycanlı əsilli tanınmış İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların (“Ağ şar”, Kann kinofestivalı, 1995; “Dairə”, Venesiya kinofestivalında “Qızıl şir” mükafatı, 2000; “Ofsayd”, Berlin kinofestivalında ikinci yer, 2006) qalibidir. 2010-cu ildə hökumət əleyhinə çıxışlarına görə həbs olunaraq 6 il həbsə məhkum edilib.
   11 iyul - Dünya əhali günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayı 5 milyard nəfəri keçib. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
   
  Hazırladı: Vüqar Orxan