Bir neçə ay əvvəl Gənc Ədiblər Məktəbinin qonağı olan “Ulduz“ jurnalının baş redaktoru E.Hüseynbəyli dərginin dördüncü sayını bütövlükdə gənclərə ayıracağını demişdi. Artıq jurnal nəşr olunub. Jurnalın araya-ərsəyə gəlməsində Rəbiqə, Qismət, Cavid Zeynallı böyük zəhmət çəkdilər. Bütün dostlara təşəkkür edirəm. Gənclər haqqında Qulu Ağsəs jurnalın ilk səhifəsində yazdı, daha sonra “Ədalət” qəzetində onun ayrıca bir məqaləsi dərc olundu. Qeyd etməliyəm ki, Gənc Ədiblər Məktəbinin üzvlərinə “525-ci qəzet”, “Ədalət”, “Mədəniyyət” qəzetləri kifayət qədər cap olunmaq imkanı yaradır. Jurnalda əsərləri çap olunmuş şair və nasirlər haqqında eyni məqalə daxilində ətraflı danışmaq imkanı olmadığından yalnız nasirlər haqqında yazmaqla kifayətlənəcəm. Mən heç də özümü onlardan təcrübəli yazar hesab eləmir və təhlilimi tənqid kimi yox, dost sözü kimi qəbul edəcəklərinə inanıram.
   
   Gənc Ədiblər Məktəbinin ən çılğın üzvü olan Nahid çalışqan, maraqlı, bir qədər də tələskən nasirdir. Daim ədəbi saytlarda yeni hekayələrini oxuyuram. “Ulduz”un 4-cü sayında çap olunan üç hekayəsi (novellası) maraqlı idi. Amma iki mühüm və nəzərəçarpan problem var ki, onları qeyd etməliyəm. Birincisi, Nahid istər real, istərsə də romantik (bəzənsə sentimental) ruhlu hekayələrini sonda gözlənilməz sonluqla bitirməyə, oxucunu “azdırmağa”, bununla maraqlı görünməyə çalışır. Novellaya olan meyl əsərdəki bədii ruhu azaldır. Psixoloji qatlara enə bilmir. “Dəmir qapı” hekayəsi uğurlu dialoqlar üzərində qurulub, amma sonda məlum olur ki, səyahətə çıxmaq istəyən adam həbsxanadadır. Qeyd etdiyim mənfi cəhət Nahidin ideallarını “buxovlayır”, bu da hekayənin “alt qatı”nı uçurur. Hekayə adi fraqment təsiri bağışlayır. Ikincisi, dil problemidir ki, bu da biz gənclərin çoxunda özünü göstərir. Məsələn, “Biz öz arzularımıza uduzanlarıq” cümləsi “Biz öz arzularına uduzanlarıq” kimi olsa, daha effektli olar. Bu tipli misalların sayını artıra da bilərəm. Bununla yanaşı, Nahidin hekayələrində iki müsbət hal diqqətimi daha çox çəkdi. Birincisi, hekayələrin həcmi adətən çox kiçik, situastik olur. İkincisi, müxtəlif bədii texnikalardan istifadə edir. Məsələn, F.Kafkanın “Qəsr” romanında K. adlı obraz olduğu kimi, Nahid əsas qəhrəmanın adını T. qoyub. Milli nəsrimiz üçün yenilik saymaq olar. Birinci və ikinci novellalar yeni, ikinci isə qismən “çeynənmiş” bir bədii texnika ilə işlənib. Çünki istər milli, istərsə də dünya ədəbiyyatında sonluğu yuxu ilə bitən xeyli əsər var. Tələskənliyini və dil problemini yensə, Nahid yaxşı nasir olacaq...
   Zərdüşt Səksənaltının “Mahmudsuzluq” hekayəsi maraqlı konfliktlər, dolğun hadisələr üzərində qurulub. Digər hekayələri ilə müqayisədə burada dil problemi, demək olar ki, yoxdur. Bəyəndiyim əsas cəhət: obrazlar “öz dili” ilə danışır, yəni çoban alimlik eləmir. Məişət üslubunu bədii üslubda çox uğurla əridib. Bəyənmədiyim cəhətsə Zərdüştün qəzetçilik həyatının çətinliyindən, səriştəsiz baş redaktordan danışması, amma sonda hekayəni qəribə sonluqla - komik aspektdə tamamlamasıdır. Ə. Haqverdiyevin “Qiyamət” hekayəsində olduğu kimi, ciddi problemlərdən danışır, amma gülüşün “daxilində”. Nəticədə böyük ailə problemi çox primitiv, psixolji əsası olmayan bir formada öz həllini tapır. Dünya ədəbiyyatında A.Çexov, G.D.Mopassan, C.London və b. hekayə ustalarının əsərlərinə nəzər salanda görürsən ki, məzmun bədii detalla real və psixoloji aspektdə nəzərə çatdırılır. Amma bizim ədəbiyyatımızın məşhur hekayə ustaları sayılan C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Y. Çəmənzəminli və. b acınacaqlı, ağrılı hadisələri də kəskin gülüşün müşayiəti ilə veriblər. XX əsrin əvvəllində bu, təbii qarşılana bilərdi. Çünki dramaturgiyası XIX əsrdə yaranan xalq komediyaya həvəsli idi. Digər tərəfdənsə, bizim xalqımız lətifəyə həmişə meyilli olub. Molla Nəsrəddindən Hacı dayıya qədər...
   Orxan Muxtarlının hekayəsinin mövzusu və dili zəifdir. “Həyatın qanunu” hekayəsində Orxan dilin qrammatik qanunlarını pozur. Məsələn, sadə cümləyə baxaq: “Tanımadığımdır”. Bu tipli misalların sayını artırmaq da olar. Nasir qoyunun diliylə həyat-ölüm “fəlsəfəsini” açmağa çalışır. Amma hekayə Kanada yazıçısı Tomsonun alleqorik nəsr daxilində qoyduğu problemlər kimi sosioloji, yaxud psixoloji təsir bağışlamır. Çünki hər hansı təmsil nəsrdə faş olunur. Fəqət müəllif toxunduğu problemi qoyuna baxan insanın hissləri kimi versəydi, daha maraqlı ola bilərdi.
   Elbrus Ərudun iki hekayəsi - “Əhli və Ağabəyim” və “Qaz yumurtası” məndə heyrət hissi doğurdu. Bu gün dünya nəsrində bədii-texnika ilə ideallar arasında qarşıdurma yarandığı dövrdə Elbrus Ərud bu qədər sadəlövh ruhda, nağılvari nəsr yazır. Birinci hekayənin sonunda müəllifin təhkiyəsi ilə izahat verilir, sanki hekayə çox ağır məna yükünə malikdir. Bu cəhət sübut edir ki, Elbrus intellektual nəsrin effektindən, yazılma metodundan hələ kifayət qədər məlumatlı deyil.
   Cavid Zeynallının “Yazıçı və koko-kola” hekayəsi maraqlı dialoqlar üzərində qurulub. Obrazlar səmimi təsir bağışlayır, “öz dili” ilə danışırlar. Məsələn, “Cərə olsunlar, cəhənnəmə olsunlar, sən də qoşulmusan onlara”. Cavidin dilindəki şirinlik onu Ə. Əylisliyə bənzədir. Yaxşı haldır ki, Cavid hər iki hekayəsində (“Yazıçı və koko-kola”, “Səfər”) sosial problemlərə toxunub. Təəssüf ki, Cavidin hekayəsində müəmmalı qalan, insanı düşündürən tərəflər görünmür, hər şey gözgörəsi açıqlanır, hamısını oxucuyla bölüşür. Bu problem onun nəsrinin intellektuallıq səviyyəsini azaldır.
   Qaraqan artıq imzasını təsdiqləmiş, romanı cap olunmuş nasirdir. Birinci hekayəsi mənə “türk serialları”nın təsirini bağışladı. Sentimental, dramatik ruhda olan hekayə sonda novella tipli sonluqla bitir. Zərdüştün və Nahidin novella meyilləri Qaraqana (Bəlkə də biz gənclərin çoxuna) da sirayət edib. “Şeytanın duası” hekayəsi isə jurnalın ən maraqlı hekayələrindən biridir. “Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm, çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur”. Hekayədə şeytanın dili ilə insan və onun taleyi, cəmiyyətin eybəcərlikləri sadə və təsirli yolla oxucuya çatdırılır. Qaraqanın mistik ruhlu bu hekayəsi oxucuya qorxulu, dəhşətli yox, real təsir bağışlayır. Qaraqanın yaxşı nasir olacağına inanmaq olar.
   Ülviyyə Heydərova “Pəncərə” jurnalının müxbiri və “Notbook” povestinin müəllifi kimi, yəqin çoxlarınıza tanışdır. “Ana və uşaq” hekayəsi qısa həcmli, ancaq aktual mövzulu hekayədir. Süjetsiz hekayədə ana bətnində olan uşağın hissləri, abort olma qorxusu əks olunur. Fikrimcə, hekayə ana bətnində olan körpənin yox, artıq ölmüş körpənin dilindən verilsəydi, daha yaxşı və dramatik alınardı. Ülviyyə Heydərovanın hekayələrinin dili çox səlisdir. Mütaliə və təcrübə həmişə dada gəlir. “Xəzərin dostları” hekayəsi isə bir o qədər də maraqlı deyildi.
   Sevinc Mürvətqızı “525-ci qəzet”in əməkdaşıdır. Ülviyyə kimi, yəqin onun da imzası çoxlarına tanışdır. “Bağlı qapıların ardı” hekayəsini xanım yazarların çoxundan fərqli olaraq komplekssiz, əsl yazıçı kimi yazıb. Əsirlikdə olan həmvətənlərimizin taleyini maraqlı və təsirli yazıb. Xalqımızın bəzi qeyrətsiz oğullarınısa olduqca böyük cəsarətlə “yamanlayıb”. Süjet, ümumən mətnin strukturu çox maraqlı qurulub. Hekayəni oxuduqca publisistik dilin hakimiyyəti açıq şəkildə nəzərə çarpır. Hekayənin mənfi cəhəti isə siyasi və sosial məsələlərin ədəbiyyat yolu ilə realizə olunmasıdır. Sevinc məqsədini - hekayənin məzmununu oxucuya çatdırmaq üçün qeyri-real yolla problemi oxucuya “yedirdir”.
   
   P.S. Sonda bütün gənc yazarlara uğurlar diləyir, digər jurnal redaktorlarına da E.Hüseynbəyli kimi səxavətli olmağı arzulayıram.
   
   Fərid Hüseyn