Azərbaycan
   
   5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Ü.Hacibəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
   5 yanvar 1887 - Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb. Məşhur tarzən Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.
   5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabındakı şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.
   5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927-12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, «Odlu ürək», «Ulduz karvanı», «Saçlar ağarsa da», «Məni qınamadın» və s. kitabların müəllifidir.
   5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
   5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.
   5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” filmində Qəqəni rolu ilə məşhurlaşıb. “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. "Yuğ" Teatrında çalışır.
   
   6 yanvar 1907 - Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli Xan Xoyski) və s. filmlərdə çəkilib.
   6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.
   6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.
   
   7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların, “Məmməd Səid Ordubadi” , “Ədəbi portretlər” və s. kitabların müəllifidir.
   8 yanvar 1920 - Azərbaycanın və SSRİ-nin Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib.
   
   9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvü Rəcəb (1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Stalin repressiyalarının qurbanı olub. 1938-ci ilin yanvarın 2-də güllələnib.
   9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
   9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. «İlham» Miniatür Teatrını yaradıb. “Qayınana” (İlqar), “Bəyin oğurlanması”,”Qızıl qaz” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Komediya Teatrında aktyor-rejissor işləyir.
   9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
   
   10 yanvar 1838 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838- 1.9.1924) anadan olub. Tağıyevin adı Azərbaycan tarixinə xalqın maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) onun köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları, Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıb.
   10 yanvar 1929 - Tanınmış dilçi alim, akademik Afad Məhəmməd oğlu Qurbanov (1929-2009) Qərbi Azərbaycanın Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.
   10 yanvar 1932 - Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abbasova (1932-12.2.2009) anadan olub. Üzeyir Hacıbəyli haqqında kitabların, “Cövdət Hacıyev”, “Rəşid Behbudov”, “Qurban Pirimov” və s. kitabçaların müəllifidir. 1977-1991-ci illərdə Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) rektoru olub.
   10 yanvar 1938 - Məşhur bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova anadan olub. ”Yanan laylalar” operası, populyar mahnılar (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.) və romansların müəllifidir.
   10 yanvar 1940 - Şairə, tərcüməçi Firuzə Nurəddin qızı Məmmədli Xaçmaz rayonunun Canaxır kəndində doğulub.
   10 yanvar 1948 - Əməkdar artist Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bicov kəndində anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1986-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. “Cavad xan” (Alban keşişi) filmində çəkilib.
   10 yanvar 1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub. 20 Yanvara həsr olunmuş “Şəhidlər” kitabının, sənədli və cizgi filmlərinin ssenari müəllifidir.
   10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953-28.11.2011) Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.
   10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, ssenarist , Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqi yazılıb.
   10 yanvar 1956 - Populyar müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.
   10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. 1939-cu ildən Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib.
   11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
   
   Dünya
   
   5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları,”Qoca qadının ziyarəti” pyesi və s.
   5 yanvar 1931 - Amerika aktyoru Robert Selden Düval (Robert Selden Duvall) anadan olub. Filmləri: “İncə mərhəmət” (“Oskar”, 1983), “Xaç atası”, “Apokalipsis bu gün” və s.
   5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub.Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s.
   
   6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann, 1822 - 1890) anadan olub.
   6 yanvar 1872 - Görkəmli rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.
   6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.
   6 yanvar 1911 - SSRİ Xalq artisti, aktyor Nikolay Afanasyeviç Kryuçkov (1911 - 1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.
   6 yanvar 1938 - Məşhur italyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s. 

  7 yanvar 1906 - Litva şairi və yazıçısı Antanas Ventslova (Antanas Venclova; 1906 -1971) anadan olub.
   7 yanvar 1911 - SSRİ Xalq artisti, aktrisa Mariya Vladimirovna Mironova 1911-1997) anadan olub. Filmləri: “Volqa-Volqa”, “Biz sizinlə haradasa görüşmüşük” və s. Məşhur aktyor Andrey Mironovun anasıdır.
   7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.
   7 yanvar 1964 -Amerika kinoaktyoru, rejissor və prodüser Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Sifətsiz”, “Mələklər şəhəri”, “Ölüm öpüşü”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s.
   
   8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins, 1824 - 1889) anadan olub. “Aylı daş”, “Ağpaltarlı qadın”, “Qanun və qadın” romanlarının müəllifidir.
   8 yanvar 1910 - Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.
   8 yanvar 1935 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor, “Rok-n-roll”un kralı Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub.
   8 yanvar 1941 - Britaniya aktyoru, ssenarist, prodüser, bəstəkar Qrehem Çepmen (Graham Arthur Chapma, 1941 - 1989) anadan olub.
   
   9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.
   9 yanvar 1890 - Görkəmli çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
   9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub.
   
   10 yanvar 1797 - Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Annette von Droste-Hülshoff; 1797 - 1848) anadan olub.
   10 yanvar 1827 - İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox; 1827 - 1902) anadan olub.
   10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. “I Pyotr”, “Aelita”, “Mühəndis Qarinin hiperboloidi” və s. romanların müəllifidir.
   10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.
   
   11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.
   11 yanvar 1920 - Rus rejissoru, ssenarist Vladimir Yakovleviç Venqerov (1920 - 1997) anadan olub. Filmləri: “İki kapitan”, “Kortik” və s.
   11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.
      
   Hazırladı: Vüqar Orxan