Azərbaycan
   
   27 yanvar 1806 - Görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyasının ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.
   27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912-7.9.1990) anadan olub.
   
   28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub, Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   28 yanvar 1923 - “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb.
   28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
   28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925-19.8.1977) anadan olub.
   28 yanvar 1944 - Aktyor, Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
   28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929-1980) vəfat edib.
   28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Uzun illər Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
   
   29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927-20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib, 1992-ci ildən bu tədris ocağına rəhbərlik edib.
   29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Qonşulaşma, qohumlaşma, kirvələşmə”, “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.
   
   30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
   30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936-4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
   30 yanvar 1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. Musiqili Komediya Teatrında çalışır. “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” filmlərində çəkilib.
   30 yanvar 1992 - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci ildən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Praqada (Çexiya) keçirilən toplantısında Azərbaycan bu təşkilata üzv qəbul olunub.
   30 yanvar 2006 - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanı ilə Mədəniyyət, Gənclər, İdman və Turizm nazirlikləri ləğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.
   
   31 yanvar 1879 - Məşhur satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879-3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur", "Bəsirət" və s. jurnallarda şeirləri dərc edilib, Milli teatr tariximizdə xidmətləri olub. 1907-ci ildə Bakıda təsis edilən “Səfa” cəmiyyətinin (1907-1918) yaradıcısı, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
   31 yanvar 1884 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.
   31 yanvar 1915 - Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye ((18)31.1.1915 - 2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
   31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924-26.2.1996) anadan olub.
   31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910- 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - V.Şekspir və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.
   
   Dünya
   
   27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırdılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
   27 yanvar 1775 - Görkəmli alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
   27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər” “Həyatın təfərrüatı” və s.
   27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”), “Snark ovu” yumoristik poemanın və s. müəllifidir.
   27 yanvar 1891 - Rus yazıçısı, şair, tərcüməçi İlya Erenburq (1891-1967) anadan olub. “Parisin süqutu”, “Tufan”, “Doqquzuncu val” və s. romanların müəllifidir.
   27 yanvar 1948 - Məşhur rus baletmeysteri Mixail Nikolayeviç Barışnikov anadan olub. 1974-cü ildən Kanadaya mühacirət edib, Amerika və dünya xoreoqrafiyasının inkişafına böyük təsir göstərib.
   
   28 yanvar 1853 - Rus filosofu, şair, ədəbiyyatşünas Vladimir Sergeyeviç Solovyov (1853-1900) anadan olub. Əsərləri: “Məhəbbətin mənası”, “Xeyirə bəraət” və s.
   28 yanvar 1853 - Məşhur kubalı inqilabçı yazıçı, bu ölkənin Milli qəhrəmanı Jose Marti (Jose Julian Marti Perez, 1853-1895) anadan olub.
   28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
   28 yanvar 1899 - Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze (1899-9.8.1966) anadan olub.
   28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.
   29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” pyesləri, “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” povestləri, “Buqələmun”, “Unter Prişibeyev”, “Qılaflı adam” hekayələri və s.
   29 yanvar 1866 - Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866-30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton”, “On dörd iyul” pyesləri və s.
   29 yanvar 1933 - Fransız müğənnisi, bəstəkar, aktyor Saşa Dastel (Sacha Distel, 1933-2004) anadan olub.
   
   30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.
   30 yanvar 1900 - Tanınmış rus-sovet bəstəkarı İsaak Osipoviç Dunayevski(1900-1955) anadan olub. 13 operetta və baletin, onlarla kinofilmə musiqinin, çoxsaylı populyar mahnının müəllifidir.
   30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923-19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.
   30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.
   30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub. Filmləri: “Söhbət”, “Supermen” və s.
   
   31 yanvar 1715 - Fransız materialist filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715-26.12.1771) anadan olub. Əsərləri: “Xoşbəxtlik”, “Ağıl haqqında” və s.
   31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, doqquz simfoniya, 600-dən çox mahnının müəllifidir.
   31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza, 1921-1959) anadan olub.
   31 yanvar 1924 - Məşhur gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
   31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1994) laureatı Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq”, Əziz keçmişə məktublar” və s.
   31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub. Filmləri: “Bu şirin söz - azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.
   31 yanvar 1987 - SSRİ Xalq artisti Veriko İvlianovna Ancaparidze (6.10.1900 -1987) vəfat edib. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində ana rolunda çəkilib.
   
   Hazırladı: Vüqar Orxan