Azərbaycan
   
   13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
   13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   
   14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925) anadan olub.
   14 fevral 1940 - Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova anadan olub.
   14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.
   14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.
   
   15 fevral 1886 - Maarifçi, pedaqoq Cavad Nəcəf oğlu Cuvarlı (Cuvarlinski, 1886-1963) anadan olub.
   15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909-7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.
   15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946-8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib. Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri”) - Ata, “Küçələrə su səpmişəm” - Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.
   15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə "Arşın mal alan" filmində Asya roluna çəkilməklə məşhurlaşıb. Uzun illər Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.
   
   Dünya
   
   13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
   13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, eyni zamanda rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
   13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
   13 fevral 1903 - Məşhur detektiv romanlar (komissar Meqre haqqında seraillar) müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.
   13 fevral 1950 - İngilis musiqiçisi Piter Qabriel (Peter Brian Gabriel) anadan olub.
   
   14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
   14 fevral 1813 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Darqomıjski (1813-1869) anadan olub.
   14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
   14 fevral 1936 - Məşhur polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.
   14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, dəfələrlə Kann kinofestivalının qalibi olub.
   
   15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.
   15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
   15 fevral 1873 - Rus-Amerika violonçelisti və dirijoru, Nyu-York rus simfonik orkestrinin qurucusu Modest İssakoviç Altşuler (1873-1963) anadan olub.
   15 fevral 1906 - Məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində yaralanaraq almanlara əsir düşüb (1942), Berlində Moabit hərbi həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
   15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.    

   16 fevral 1831 - Rus yazıçısı Nikolay Semyonoviç Leskov (1831-1895) anadan olub.
   16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan