Yasin Maarifoğlu
   
   Bu vədə qəmdən
   
   Qalıb həsrətində bir gül nəfəsin,
   Bu sinəm nə qədər yansın, göynəsin?!
   Ürək ağrımasın, ürək neynəsin
   Aldıqca hər yeni bir zədə qəmdən.
   
   Çox gəzdim, heç nəyi əbəs görmədim,
   Üşüdüm, bir isti nəfəs görmədim.
   Mənə daha yaxın bir kəs görmədim
   Bu gidi qəhərdən, bu dədə qəmdən.
   
   Yasinəm, yalan yox sözümdə, gerçək,
   Ələndi üstümə dərd ətək-ətək.
   Ömürlük cəzaya məhkum olan tək,
   Olmadım heç zaman asudə qəmdən.
   
   
   Dinmədi
   
   Bir gözəldən xəbər aldım elini,
   Əlimi dostyana sıxdı, dinmədi.
   Dikib xeyli nəzərini üzümə,
   Mənalı-mənalı baxdı, dinmədi.
   
   Baxışından od götürüb alışdım,
   Xoş səsini eşitməyə alışdım.
   Bir az ordan, bir az burdan danışdım,
   Ürəyimin coşan vaxtı dinmədi.
   
   Dedim, ay qız, vurulmuşam mən sənə,
   Yenə də bir demədi ki, qəsdi nə.
   Sol döşümə, ürəyimin üstünə
   Öz əliylə bir gül taxdı, dinmədi.
   
   Nə qandısa, o, Yasinin sözündən,
   Sevinc yağdı, nur töküldü üzündən.
   Ayrılanda yanağına gözündən,
   İki damla yaş da axdı, dinmədi.
   
   
   Özünə məni
   
   Sevdin, mən də sevdim, sonra bəs nədən
   Bələdin oduna, közünə məni?
   Əvvəldən ayrılmaq fikrin vardısa,
   Niyə öyrədirdin özünə məni?
   
   De, indi neynəyim, kimə əl açım?
   Bu dərdin əlindən ha yana qaçım?
   Günbəgün çoxalıb nisgilim, acım,
   Sən həsrət qoyandan üzünə məni.
   
   Yasinəm, daşımı gör hara atdın,
   Bir gündə yaramı min yol qanatdın.
   Axırda hicranın oduna atdın,
   İnanıb yadların sözünə məni.
   
   
   Yüklədin, fələk
   
   Salıb uzaqlara doğmalarımdan,
   Məni yaman yerdə təklədin, fələk.
   Vüsal laylasından şələ bağladım,
   Sən həsrət yüküylə yüklədin, fələk.
   
   Dağ boyda qəlbimi quma döndərib,
   Ha əzdin, üyütdün, muma döndərib,
   İndi də sinəmi şuma döndərib,
   Dərd əkmək üçünmü ləklədin, fələk?
   Yasinəm, bəd yazıb alın yazımı,
   Qoydun gözlərimdə hər murazımı.
   Sənə nə etdim ki, könül sazımı
   Belə qəm üstündə köklədin, fələk?
   
   
   Yada məni
   
   Gözləməzdim, ay bivəfa,
   Atacaqsan oda məni.
   Verib dəyər-dəyməzinə,
   Satacaqsan yada məni.
   Nə biləydim bir gündə sən,
   Min bir dona girəcəksən.
   Of demədən verəcəksən,
   Dar ayaqda bada məni.
   
   Nur yerinə qəm çilədin,
   Atəş töküb, od ələdin.
   Taleyimi qərq elədin,
   Salıb eşqdən cüda məni.
   
   Mən Yasinin, bilə-bilə,
   Gəncliyini verdin yelə.
   Nə xeyri var indən belə,
   Lap salsan da yada məni.