Azərbaycan
   
   15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.
   15 mart 1893 - Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893- 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
   15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   15 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (1899-12.4.1969) Bakının Fatmayı kəndində anadan olub. “Görüş” filmində (Çayçı) çəkilib.
   15 mart 1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
   15 mart 1941 - Şair, tərcüməçi, nasir Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.
   
   16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
   
   17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   17 mart 1919 - Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Ərəblinski Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” Cəmiyyəti, "Nicat" Teatr Cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb.
   17 mart 1932 - Fəlsəfə elmləri doktoru Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufilik, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.
   18 mart 1916 - Şair Böyükağa Məmməd oğlu Qasımov (1916-29.8.1957) anadan olub.
   18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922-11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Nəsillər", "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
   18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. “Köç” romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
    19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Uzun illər muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidr, istedadlı qəzəlxan kimi tanınıb.
   19 mart 1920 - Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920-19.7.1976) anadan olub.
   19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
   19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.
   
   Dünya
   
   15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse , 1830-1914) anadan olub. Romanların (“Əsrin uşaqları”, “Cənnətdə” və s.), novella, pyes və poetik topluların müəllifidir.
   15 mart 1924 - Rus yazıçısı, ssenarist Yuri Vasilyeviç Bondarev anadan olub. Əsərləri: “Batalyonlar atəş istəyir”, “Qaynar qar”, “Sahil”, “Sükut” və s.
   15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”in istehsalı olan “26 Bakı komissarı” (Şaumyan), “Ulduzlar sönmür” (Nərimanov) filmlərində çəkilib.
   15 mart 1932 - Məşhur Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.
   15 mart 1937 - Tanınmış rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.
   15 mart 1943 - Kanada-Amerika rejissoru, aktyor, müstəqil kinonun tanınmış simalarından biri Devid Kronenberq (David Cronenberg) anadan olub.
   
   16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk “Nobel” mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
   16 mart 1859 - Rus fiziki, radionun ilk ixtiraçısı (7 may 1895) sayılan Aleksandr Stepanoviç Popov (1859-1906) anadan olub.
   16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayev (1884-1942) anadan olub. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.
   16 mart 1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.
   16 mart 1920 - SSRİ Xalq artisti, tanınmış rejissor Mixail Abramoviç Şveyser (1920-2000) anadan olub. Klassik rus ədəbiyyatı nümunələrini (“Dirilmə” - L.Tolstoy, “Ölü canlar” - N.Qoqol və s.) ekranlaşdırıb.
   16 mart 1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanflim”in istehsalı olan “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) flimlərində çəkilib.
   16 mart 1940 - Məşhur italyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.
   
   17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
   17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.
   17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri (“Çörək və tamaşa”, “Alman dili dərsi” və s.) 30-dan çox dilə tərcümə edilib.
   17 mart 1938 - Tatar-başqırd əsilli dünya şöhrətli balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.
   
   18 mart 1842 - Məşhur fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stephane Mallarme; 1842-1898) anadan olub.
   18 mart 1844 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
   18 mart 1913 - Fransız kinorejissoru Rene Kleman (Rene Clement, 1913-1996) anadan olub.
   18 mart 1932 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Con Apdayk (John Hoyer Updike) anadan olub.
   18 mart 1959 - Məşhur fransız rejissoru, ssenarist, prodüser Lük Besson (Luc Besson) anadan olub. “Onun adı Nikita idi”, “Leon”, “Janna D’Ark” və s. filmlərə quruluş verib.
   
   19 mart 1895 - Görkəmli Ukrayna şairi Maksim Faddeyeviç Rılski (1895-1964) anadan olub.
   19 mart 1926 - İtaliya kinorejissoru Valerio Zurlini (1926-1982) anadan olub.
   19 mart 1947 - Amerika aktrisası, “Emmi”, “Qızıl qlobus” mükafatlarının laureatı Qlenn Klouz (Glenn Close) anadan olub. Filmləri: “Ölümcül meyl”, “Təhlükəli əlaqələr”, “Prezident təyyarəsi” və s.
   19 mart 1949 - Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Valeri Leontyev anadan olub. Mənşəcə mansi (azsaylı Sibir xalqı) milliyyətindəndir.
   19 mart 1955 - Amerika kinoaktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s.
   
   Hazırladı: Vüqar Orxan