Səhnəmizin ilk, sənətimizin ömürlük Məcnunu Hüseynqulu Sarabski
   
   O, 1879-cu il martın 20-də - Novruz bayramı axşamı - Bakıda doğulub. İlk Azərbaycan teatr tamaşasından (“Lənkəran Xanının vəziri”) 6 il sonra, ilk Şərq operasından (“Leyli və Məcnun”) 29 il əvvəl.
   Gələcək korifeyin doğulduğu həmin günün ictimai-siyasi, maddi-mədəni mənzərəsi haqda burada söz deməyin yeri olmasa da, xatircəmliklə təsəvvür edə bilərik ki, o zamanlar da Novruz bayramı bu çağımızdakı kimi, lap elə qəzetimizin bu sayında əks olunan sayaq - ümummilli səpki-sevgidə qutlanırmış...

   
   Və belə də bir təsəvvür: əgər Hüseynqulu özündən əvvəl doğulmuşumuza - milli teatrımıza dəlicəsinə vurulmasaymış, özündən sonra yaradılmışımız - ilk operamız - uzun müddət əslkar, doğal, fitri Məcnunsuz qalarmış.
   Düzdür, o vaxt artıq ölkənin mədəniyyət təsərrüfatında sənət “səpin-əkin”i başlamışdı, professional cücərtilər də yaranmaqda idi. Ancaq o “dəvə-dəllək”, “çərxi-fələk” çağları indiki dövrlə - hər şeyin rels üstdə olduğu, “artist” mübtədasının önlüyünə “xalq”, “əməkdar” təyini yazılan bu asan dövrümüzlə müqayisə etmək müqayisəyəgəlməz yanlışlıq olardı. Əks-təsəvvürlülərə ərz etmək istərdim ki, Hüseynqulu Sarabskinin təkrarsız lirik-tenor səsi Allah vergisi, özünün kompleks-bütövü isə o dəlisov dövrdə “qurd ağzı bağlayan” canlı dua, sənət bəxt-taleyi idi. Bəs necə, dünənədək üzünü Allah yoluna tutub, minarələrdə münacat çəkən bir bəndə bu gün ağzını şeytan səmtə əyib “sur”i-ariya zarıyır!
   Məncə, başqa heç kəs bu sənətin “əlifba-banilik” rolunu nə onun kimi oynaya, nə o sayaq konservativ-“qıcqırmativ” cəmiyyətə qəbul etdirə bilərdi. Bu gün kim belə bir zəmanət xəyalındadır ki, o cəncəl-cəngəllik, namus-“qiryət” zəmanəsində əli “pişto”lu, beli xəncərli qoçuların da yaralı yeri, yuxa mətləbi olan məcnunluğun ilk təqdimatını belə bir yanğılı səs, ustad mizan, abır-həyalı düzən, yaraşıq-yapışıqlı görkəm sahibi yox, bir başqası (məlum əxlaq “razborka”çılarının təbirincə - “mütrüb”!) etmiş olsaydı, necə qarşılanar, nə pəstahlar törənə bilərdi? Şəxsən mənim bir qədər “panikyor” təsəvvürümcə, səhnədəki tərəflər (Nofəl - İbn Salam) arasındakı bədii qılınclaşma salondakı ehtimali-sənədli xəncər-qəmələşmənin yanında toya (sonra da, təbii ki... yasa) getməli olardı...
   
   Böyük gəlişin ilk notları
   
   Niyə ilk addımları yox, ilk notları? Çünki əslində, onsuz da səhnəyə bağlanıb aktyor olası bu böyük sənətkarı opera səmtə yönəldən başlıca amil məhz onun könlünü təlatümə gətirən musiqi notları olub. Elə məhz bu amil nəticəsində də, sənət-səhnə aləminin bir neçə sahəsində ciddi iz qoymuş Hüseynqulu Sarabski XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin ən parlaq şəxsiyyətləri sırasında xüsusi yer tutmuş, sağlığında fəxarətli nüfuz, mövqe, cismani yoxluğunda əbədi dəyər qazanmışdır.
   Onun adına bağlı böyük şöhrət yoluna qovuşan cığırlar isə cürbəcür uşaqlıq, yeniyetmə Hüseynqululuq məşəqqətləri daşımalı olub. Oxumaq həvəsi neçə illər arzu qınında qalıb. Kiçik yaşlarından ağır zəhmətə qatlaşıb, böyüklərin belə belini əyən fiziki işlərdən yapışıb. Bu çətinliklərdən bezikməsə də, yalnız cibləri dolu olan tay-tuşlarının istehzalarından utanıb-usanmasa da, yaş üstünə yaş gəldikcə ala bilmədiyi təhsil istəyi onu möhkəm sıxıb. Daşdan çıxardığı qəpik-quruşu dəftər-kitaba verib beyin-başını az-çox doldursa da, sənət-mədəniyyət inqilabçılığından susmaq bilməyən qəlbini sakitləşdirə bilməyib. Harda bir təhsilli adam, müəllim, ziyalı, qəzetçi, naşir görüb-tanıyırmışsa, bir yol tapıb ona yaxınlaşar, nə qədər üz verərmişlərsə, onları o qədər söhbətə tutarmış. Bəri başdan dəmirçi, daşyonan, fəhlə (son vaxtlar qırçı) olduğunu da bəyan edərmiş ki, o əlçatmaz, əlahəzrət həmsöhbətlər çox çək-çevirə salıb, ondan “liseyçi, yaxud “student“ umu-küsüsündə olmasınlar”. Sonra da gedib ev-eşikdə bir gizlinə çəkilər, “onlara oxşamaq şəbehi” çıxararmış.
   Mən bu müzare-mükəddər “mış-muş” “nağıl”ının bir azını onun özünün və özgələrin qələmə aldıqları xatirə kitabı və məqalələrdən, bir parasını isə müasirlərinin dilindən oxuyub-eşitmişəm. Onun öz xatirələrindən verdiyim aşağıdakı bircə cümlə isə bütün bu deyilənləri, məncə, bütövcə ehtiva edir: “Məhərrəmlik vaxtlarında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, el şənliklərində, toy-bayramlarda isə muğamlara, təsniflərə, mahnılara huş-guşla qulaq asar, diqqət yetirib öyrənərdim”.
   Bütün bunlar onun iyirmi bir yaşına qədər olanlardan fraqmental notlardır. 1902-ci il “hadisə”sinə - onun ilk rol oynamasına isə hələ qalırdı. O “hadisə” ki, himi 1891-ci ildə qoyulmuşdu. O vaxt Hüseynqulu ilk teatr tamaşasına baxmışdı. On iki yaşında ikən, həvəskarların “Sərgüzəşti-vəziri-Xani-Lənkəran” (M.F.Axundzadə) komediyası əsasında hazırladığı “Xan Sarabi” adlı o tamaşaya Hüseynqulu Rzayev kimi baxan bu yeniyetmə oradan “ürəyinin ən dərin guşəsində” “Sarabski” təxəllüsü ilə çıxmış, on bir il sonra isə bu adla ilk dəfə... və bütün ömrü uzunu səhnəyə qalxmışdır. Həmin ilk aktyorluq işi Nəriman Nərimanovun “Dilin bəlası” pyesindəki Rəsul obrazı idi ki, o kiçik rolun dadı sonralar çox böyük surətlər yaratmış Xalq artisti Hüseynqulu Sarabskinin damağından “heç vəqt” silinmir.
   Teatrı dəlicəsinə sevməsi, sənətə məcnunluqla can atması Hüseynqulunun öz “rolu” olmuşsa da, püxtələşib-peşəkarlaşıb məşhur Sarabski olmasında dövrün məşhurlarının - Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Rəhim bəy Məlikov və sonralar tərəf-müqabil olduğu Hüseyn Ərəblinski, Cahangir Zeynalov kimi həmkarlarının böyük dəstəkləri vardı. “Xan Sarabi” tamaşasına ilk baxışdan teatra, “Dilin bəlası”nda ilk oyunundan isə səhnəyə əbədi vurulan Sarabski bu iki “ilk məhəbbət”inə ömrünün sonunadək sadiq qaldı.
   
   Böyük sənətin dahilər üçbucağı
   
   On doqquzuncu əsrin qaynarlaşmaqda olan sonlarının bişirib-düşürdüyü Hüseynqulu iyirminci yüzilliyin alovlu ilk illərinə tam hazır idi. O, yeni əsrin sənət səs-sədasını bütün qəlbi, həssaslığı, sinirlərilə eşidirdi. Dövrün qələmçi və sözçülərinin cəmi-qənaətlərindən duyulurmuş ki, o, həmin yeni əsrin ilk onilliyində baş verəsi tamam yeni bir sənət hadisəsinin duyğuları ilə yaşayırmış. M.F.Axundzadə, N.B.Vəzirov, Ə.Haqverdiyev, Şekspir, Heyne, Şiller, Qoqol və başqa dramaturqların əsərlərinin tamaşalarında söz ifalarıyla oynaya-oynaya, sinəsində çağlayan sənət çeşməsinin gözünü açıb axar verəsi səs-nəğmə oyununa hədsiz bir muştaqlıqla nəfəs alırmış.
   Və bu da 1908-ci ilin soyuq yanvarı! Bir gün eşidir ki, özündən 6 yaş kiçik bir oğlan - 22 yaşlı Üzeyir onu bərk axtarır. Deməli, - özü də daxil - iki şərqli “uşaq” başlarını qoca dünyanın “irəliçi” Qərb başına qoşub, “səs-musiqi teatrosu - opera” yaratmalıdır. Bəs, səhnəyə quruca söz deməkçün də qadın buraxmayan bu xalq, “səs eləyəsi” arvad xeylağı - Leyli verəcəkmi?!
   “Dördbucaq” sonranın işi idi. Hələliksə, ilk milli sənət üçbucağı hazırdır: böyük Füzuli - Üzeyir bəy - Sarabski.
   O, bilirdi ki, Füzuli öz qüdrətli “Leyli və Məcnun” poeması ilə bu məşhur ümumqərb-ümumşərq əfsanəsini “aborigen”lərinin - ərəblərin əllərindən alıb. Eşitdiyinə görə, gənc Üzeyir bəy xalq-muğam musiqilərini öz fərdi rübabı ilə qovuşdurması yolu ilə dünya üzünə çıxarılası şərqdilli-qərbstilli bir möcüzə yaradıb. Və bütün varlığı ilə inanırdı ki, o özü də - uzun məşq və köməkdarlıqlar sayəsində bu yeni vulkanik-triqonometrik yaradılışın üçüncü - tamamlayıcı ocaq-bucağı ola biləcək.
   Beləliklə, Hüseynqulu Azərbaycanın ilk opera səhnəsinə, Azərbaycan isə dünyanın böyük sənət arenasına çıxır. Xarici informasiya vasitələrində yeni toponim və adlar yer alır: “Azərbaijan”, “opera” (?!), “Fizuli”, “Uzeir bek”, “Sarabsk” və s. Azərbaycanın mətbəə, dükan-bazar və dedi-qodu “mətbuat”larında isə aləm bir-birinə dəyir: “Gənc Üzeyir bəy qos-qoca bir məhəbbət dastanı yaratmışdır!” “Ağəz, eşitmisüz, iki cigəriyanmış camaatın qabağına çıxıb çığıra-çığıra bir-birinə qeyidir ki, bəs, mən səni sevirəm!” və sair...
   Hüseynqulu Sarabski həyatda az yaşamadı (66 il) və səhnələrimizdə az rollar oynamadı (300-ə yaxın). Onun Şeyx Sənanı (“Şeyx Sənan”), Kərəmi (“Əsli və Kərəm”), Sərvəri (“O olmasın, bu olsun”), Şah İsmayılı (“Şah İsmayıl”), Mərcan bəyi (“Ər və arvad”), Əsgəri (“Arşın mal alan”), Aşıq Qəribi (“Aşıq Qərib”) təkcə ilk ifaçılığı baxımından deyil, həm də təkrarsızlığı, bənzərsizliyilə də hər tamaşaçısının yaddaşında ömürlük yaşamış, dövri mətbuatın ən adlı qələmlərinə, “gəl-gəl” deyən səhifələrinə düşmüşdür.
   Tarixin obyektiv-subyektiv qaranlıqlarında çox görəv-görüntüləri, şəxsi və ya ictimailik nüansları gizlənsə də, Hüseynqulu Sarabskinin ecazkar ifa səsilə bərabər, hərdən digər fəaliyyət sədaları da eşidilir, tamaşaçıda kövrək hisslər doğuran surəti, hərəkətləri görsənir. Arxivlərdə uyuyan qədim bir filmdə - 1917-ci ildə lentə alınmış “Arşın mal alan”da o öz hərəkət və jestlərilə də sanki dünyanın ən uca, ən məlahətli səsi ilə oxuyur!..
   Dedik ki, Hüseynqulu qırx beş illik sənət ömründə çox dramatik, komik-komedik rollar oynayıb. Lakin o, iki ölməzin - Füzuli və Üzeyir bəyin Məcnununun təkrarsız səhnə yaradıcısı, möhürbəndi, avtoqrafı olaraq qalır. O əsərin ki, hər ilin bahar bayramında - Novruz ərəfəsində mütləq yad edilir - istər səhnələrdə, istər ekran-efirlərdə, hətta istedad, səs-avaz xonçalı evlərdə, məhəllələrdə...
   Deyirlər, Hüseynqulu Sarabskidən sonrakı bütün “Məcnun”lar bu əsərin üç yerində onun boğazı ilə zəngulə vurmağa çalışırlar. O məqamlardan biri də “Yandıraram dağı, daşı, ey zalim!..” yanğısıdır ki, müasirlərindən biri Hüseynqulunun bu sözlərindən sonra operanın daş-divarına baxar və məəttəl qalarmış ki, bu dam-daş niyə alışıb-yanmır?!.
   
   Tahir Abbaslı