Azərbaycan
   
   17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir.
   17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
   17 aprel 1928 - Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928-22.1.2008) Sabirabad rayonunda doğulub. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
   17 aprel 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010) təsdiq olunub.
   
   18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
   18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Böyük müğənni Rəşid Behbudovun atasıdır. XX əsrin əvvəllərində Tiflisə köçüb, musiqi məclislərində fəal iştirak edib. Bakıda, Gəncədə Üzeyir Hacıbəylinin operalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasında çıxış edib. 30-cu illərdə bir müddət İrəvanda, sonra Qazaxda (həyat yoldaşı Firuzə Vəkilovanın yurdunda) yaşayıb, orada vəfat edib.
   18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897-8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   18 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası” (Seyidov), “Babək” (Azin), “Anlamaq istəyirəm” (Zeynal), “Gümüş gölün əfsanəsi” (Fərid) və s. filmlərdə çəkilib. Filmlərin dublyajında (səsləndirilməsində) fəal iştirak edir.
   18 aprel 1991 - Tanınmış şair və tərcüməçi Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Məsləkim-silahım”, “Ay gecikən məhəbbətim” və s.. Rus dilindən bədii tərcümələrin müəllifidir.
   18 aprel 2001 - Prezident Heydər Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib, Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə turizm sahəsinin idarəçiliyi Mədəniyyət və Turizm Nazirliyinə verilib.
   
   19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Bakının arxitekturasına gözəllik verən bir çox tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Musiqi Akademiyası və s.) müəllifidir.
   19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), Azərbaycanın musiqi tarixinə dair kitabların müəllifidir.
   19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920-5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», «Çətin yollar boyunca», o cümlədən uşaqlar üçün “Lalənin kitabı», «Ulduzlu papaq», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir. «Göyərçin» və «Azərbaycan qadını» jurnallarının redaktoru olub. “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Nəğməli könül” və s. pyesləri tamaşaya qoyulub. Türk və rus dillərindən tərcümələr edib.
   19 aprel 1949 - Bəstəkar Qalib Həsən oğlu Məmmədov anadan olub. “Sirlər xəzinəsi” baleti, oratoriya, simfonik və kamera musiqisi əsərlərinin müəllifidir. “Haray” filminə musiqi yazıb.
   19 aprel 1954 - Rejissor Rövşən Əziz oğlu Almuradlı anadan olub. Sumqayıt, Şəki, Mingəçevir teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "Yük" (1995), “Cavad xan” (2009) bədii filmlərinə quruluş verib.
   
   Dünya
   
   17 aprel 1894 - Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Sovet dövlətinin qurucusu Vladimir Leninin obrazının kinofilmlərdə ilk yaradıcısı olub. Moskvada Teatr Məktəbi onun adını daşıyır.
   17 aprel 1897 - Norveç bəstəkarı Harald Severud (Harald Severud; 1897-1992), anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
   17 aprel 1918 - Amerika aktyoru, “Oskar” mükafatları laueratı Uilyam (William) Holden (1918-1981) anadan olub. Filmləri: “Sabrina”, “Konslager-17” və s.
   17 aprel 1923 - İngilis rejissoru, “Oskar” laureatı Lindsey Anderson (Lindsay Gordon Anderson, 1923-1994) anadan olub. Filmləri: “Cümə axşamının uşaqları”, “Bu idman dünyası”, “Ey bəxtəvər” və s.
   17 aprel 1951 - Argentina-Britaniya aktrisası Oliviya Hassi (Olivia Hussey) Buenos Ayresdə doğulub. “Romeo və Cülyetta, “Nildə ölüm” və s. filmlərdə çəkilib.
   
   18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokkaçço” operalarının müəllifidir.
   18 aprel 1937 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Svetlana Nemolyayeva anadan olub. Məşhur filmləri: “Qaraj” (Quskovun arvadı), “İşdə məhəbbət macərası” (Olqa Rıjova) və s.
   18 aprel 1945 - Amerika fantast-yazıçısı Canet Kaqan (Janet Kagan - əsl soyadı Megson) anadan olub.
   18 aprel 1947 - Amerika aktyoru Ceyms Vuds (James Woods) anadan olub. Filmləri: “Kazino”, “Salvador”, “Dopinq” və s.
   
   19 aprel 1900 - Rus kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Ptuşko (1900-1973) anadan olub. “Ruslan və Lyudmila”, “Qızıl açar” və s. uşaq filmlərini çəkib.
   19 aprel 1900 - Məşhur ingilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.
   19 aprel 1911 - Rus-sovet yazıçısı Georgi Mokeyeviç Markov (1911-1991) anadan olub. Əsərləri: “Stroqovlar”, “Ata və oğul”, “Sibir” və s. romanlar.
   
   Hazırladı: Vüqar Orxan