Azərbaycan
   
   31 iyul 1954 - Tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Adana şəhərində Çukurova Universiteti Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Sarı gəlin” və s. filmlərdə, “Ordan-burdan”, “Yaşıl eynəkli adam”, “Ac həriflər” və s. televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, 2001-ci il avqustun 1-də Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Azərbaycanda latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.
   1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
   1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Həsənağa Hacağa oğlu Mustafayev (1896-22.4.1977) anadan olub.
   1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub. Klassik Azərbaycan nəsrinə dair tədqiqatların müəllifidir.
   1 avqust 1948 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator); “Güllələnmə təxirə salınır” (rejissor).
   1 avqust 1960 - Kinoşünas, rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə” (psixiatr), “Təxribat” (vəkil) filmlərində çəkilib.
   1 avqust 1961 - Bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916-1961) vəfat edib. Dünyaca məşhur "Cücələrim" (sözləri - Tofiq Mütəllibov), eləcə də "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
   
   2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda yaşayan fotoqraf və kinooperator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjet nümayiş etdirilib: “Bibiheybətdə neft fontanı yanğını”; “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”; “Qafqaz rəqsi”; “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü elan olunub.
   2 avqust 1955 - Tanınmış aktyor, Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində doğulub. 1978-ci ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, eləcə də bir sıra xarici ölkələrdə filmlərə çəkilib. Filmləri: “Park”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi” və s.
   2 avqust 1969 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907-1969) vəfat edib. Uzun illər Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
   2 avqust 2009 - Tanınmış aktyor, Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12. 1942 -2009) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Axırıncı aşırım», «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.
   
   Dünya
   
   31 iyul 1848 - Fransız bəstəkarı Robber Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
   31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
   31 iyul 1906 - Rus-sovet aktrisası, SSRİ Xalq artisti Vera Mareskaya (1906-1978) anadan olub.
   31 iyul 1914 - Dünya şöhrətli fransız (ispan əsilli) komik aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas” kinotrilogiyasında, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. filmlərlə məşhurlaşıb.
   31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu Si Si Ketç (C. C. Catch - Caroline Catherine Müller) anadan olub. Ötən əsrin 80-ci illərində Diter Bolenin («Modern Talking» qrupu) mahnıları ilə məşhurlaşıb.
   31 iyul 1965 - İngilis yazıçısı, Harri Potter haqqında məşhur kitabların müəllifi Coan Ketlin Roulinq (Joanne Kathleen Rowling) anadan olub.
   
   1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville, 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
   1 avqust 1923 - Məşhur rus-sovet televiziya aparıcısı və diktoru, SSRİ Xalq artisti Valentina Leontyeva (1923-2007) anadan olub.
   1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, məşhur detektiv romanların müəllifi Karter Braun (1923-1985) anadan olub.
   1 avqust 1942 - Məşhur italyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
   1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
   1 avqust 1965 - Amerika kinorejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.
   
   2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.
   2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
   2 avqust 1905 - Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.
   2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
   2 avqust 1939 - Amerika kinorejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. Məşhur qorxu filmlərinin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.
   
   Hazırladı: Vüqar Orxan