Azərbaycan
   
   24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan da Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.
   24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926 - 16.2.1986) anadan olub.
   
   25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova Gəncədə anadan olub.
   25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Şeirlərinə ("Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Payız gəldi" və s.) populyar mahnılar bəstələnib.
   25 avqust 1942 - Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942-26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir” və s.
   25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-12.8.1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Həyat bizi sınayır” (Arif), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. “İmtahan” (Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərini çəkib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   25 avqust 1945 - Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
   25 avqust 1960 - Əməkdar artist Abbas Əhməd oğlu Qəhrəmanov İrəvanda doğulub. Gənclər, Milli Dram teatrlarının səhnəsində, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. “Arxada qalmış gələcək”, “Ölüm növbəsi”, “Cavad xan”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
   
   26 avqust 1892 - Görkəmli yazar, jurnalist, ictimai-siyasi xadim Seyid Cəfər Pişəvəri (1882 - 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı şəkildə həlak olub.
   27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.
   27 avqust 1929 - Tanınmış aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Milli Dram Teatrında, Sumqayıt, Ağdam teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!...” və s.
   27 avqust 1937 - Ədəbiyyatşünas alim, professor, yazıçı, tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-fərat sahillərində” və s. kitabların müəllifidir.
    27 avqust 1942 - Görkəmli ərəbşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professoru, ərəb filologiyası kafedrasının müdiri, ilahiyyat fakültəsinin dekanıdır. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” - ümumilikdə 20-dən çox monoqrafiya, dərslik, tərcümə kitablarının müəllifidir.
   
   27 avqust 1998 - Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamın babasının babası”, “Bağ mövsümü” və s.
   
   28 avqust 1935 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.
   28 avqust 1953 - Tanınmış rejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri keçmiş SSRİ məkanında və beynəlxalq festivallarda mükafatlar qazanıb: “Musiqili xaş”, “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz” (Azərbaycan Dövlət mükafatı), “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çoxseriyalı sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidentidir. “Space” telekanalına (2006-cı ildən) rəhbərlik edir.
   
   29 avqust 1960 - Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.
   29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib.
   
   Dünya
   
   24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.
   24 avqust 1947 - Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Zəvvarlıq" və ya "Kahinin gündəliyi", "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Qalib tək qalır" və s. romanların müəllifidir.
   24 avqust 1948 - Fransız bəstəkarı, elektron musiqinin yaradıcılarından biri Jan-Mişel Jarr (Jean-Michel Andre Jarre) anadan olub.
   
   25 avqust 1900 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10.1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.
   25 avqust 1930 - Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza!” və s.
   25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmindəki roluna görə “Oskar” mükafatına layiq görülüb.
   
   26 avqust 1880 - İtalyan-polyak əsilli Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.
   26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.
   26 avqust 1941 - Fransız kinorejissoru Barbet Şröder (Barbet Schroeder) anadan olub. Filmləri: “Taleyin əks üzü”, “Tənha bəyaz qadın”, “Ölüm öpüşü” və s.
   
   27 avqust 1770 - Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
   27 avqust 1856 - Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” romanları, “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ şeirlər toplusu.
   27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Amerika faciəsi”, “Dahi” və s.
   
   28 avqust 1749 - Alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Göte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfifeniya”, “Torkvato Tasso” dramları və s.
   28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
   28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqatski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski ilə birgə məşhur fantastik əsərlərin müəllifidir: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.
   
   29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları.
   29 avqust 1903 - Məşhur Rusiya aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, “Azərbaycanfilm”də “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
   29 avqust 1915 - Dünya şöhrətli İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.
   29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958-2009) anadan olub. 13 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.
   
   Hazırladı: Vüqar Orxan