XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri də Məmməd Səid Ordubadidir (1872-1950). O, gözəl nasir, istedadlı dramaturq, mahir jurnalist, publisist, şair və tərcüməçi olmaqla bərabər, həm də ədəbiyyatımızda tarixi roman janrının banisi kimi tanınıb...
   
   Ədəbiyyata yeniyetmə çağlarından maraq göstərir, ilk şeirlərini “Səid Ordubadi”, yəni “xoşbəxt ordubadlı” təxəllüsü ilə qələmə alır. Bu imza ilə də dövri mətbuatda tanınır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması Ordubadi yaradıcılığında yeni səhifələr açır. O, jurnalın əsas müəlliflərindən biri olur, felyetonları ilə geniş şöhrət qazanır. O, həmçinin “Tərəqqi”, “İrşad”, “Səda”, “Sədayi-həqq”, “İttihad”, “Tazə həyat” qəzetlərində, “Tuti”, “Babayi-Əmir” jurnallarında da çıxışlar edir. 1906-cı ildə “Qəflət”, “Vətən və hürriyyət” (1907) adlı şeirlər kitabı, “İki cocuğun Avropa səyahəti “(1908), “Bağı-şah, yaxud Tehran faciəsi” (1906), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) dramları, “Qanlı sənələr” (1908), “Nisvani islam” (1911) adlı publisistik kitabları işıq üzü görür.
   Sovet dövrü ədəbiyyatımızın ilk illərində o, siyasi-ictimai mövzularda ən çox yazan, hadisələrə aydın-açıq münasibət bildirən ədib, yeni quruluşun fəal təbliğatçısı kimi tanınıb. Hər gün dövri mətbuat səhifələrində məqalə və şeirlərlə çıxış edib. Onun bu dövr yaradıcılığında dram əsərləri də xüsusi yer tutur. “İşsizlər” pyesi “Tənqid-təbliğ” teatrının birinci açılış gecəsində oynanılıb.
   1941-ci ili iyunun 22-də faşist Almaniyası ilə müharibənin başlanması yazıçılar qarşısında yeni vəzifələr qoyur. Bu dövrdə Ordubadinin yaradıcılığı öz müasirliyi və aktuallığı ilə seçilir. Müharibə mövzusunda yazdığı “Cəbhədən məktub“ (1941) adlı ilk şeirində savaşa gedən əsgərin döyüşkən əhval-ruhiyyəsini təsvir edir.
   Tarixi mövzudan vətənpərvərlik məqsədilə istifadə edən yazıçı bir çox əsərlərini bu ideyaya həsr edir. “Maral” mənzum dramı bu baxımdan gözəl nümunə hesab olunur... Onun “Qara Məlik” (1941), “Camal” (1941), “Tarix və qələbə” (1942) və s. kimi oçerk-portretlərində xalqımızın tarixində ad çıxarmış qəhrəmanların vətənpərvərliyindən söz açılır.
   Yazıçının zəngin ədəbi irsi içərisində dünya ədəbiyyatından etdiyi tərcümələr də xüsusi yer tutur. Puşkinin “Baxçasaray fontanı”, “Boris Qodunov”, Bomarşenin “Sevilya bərbəri” və s. əsərlərin tərcüməsini buna misal göstərmək ola.
   Ordubadi ədəbi janrların, demək olar ki, hamısında yazıb-yaradıb. Amma o, romanları ilə daha çox tanınıb. Tarixi romanın banisi kimi yüksək sənətkarlıq bacarığını “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanı ilə nümayiş etdirib.
   İlk tarixi romanı olan “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən biri kimi ədibə böyük şöhrət gətirir. O, bu əsəri 20-ci illərin axırlarında yazmağa başlayır. Hissə-hissə 1933-1948-ci illərdə çap etdirir. Əsərin mövzusu 1906-1911-ci illərin İran inqilabı, Səttarxan hərəkatıdır. Ancaq buna baxmayaraq mövzunun davamını 1917-ci ilə qədər izləyir. Oxucu əsərdə yüzlərlə tarixi hadisə və qəhrəmanla tanış olur. Xüsusilə Səttarxan hərəkatının əsas mərhələləri, üsyançı kütlələrin nümayəndələri onun gözləri qarşısında canlanır. Ordubadi bu əsərində ta qədim zamanlardan üsyankarlığı və qəhrəmanlığı ilə tanınan Təbriz şəhərinin, Təbriz oğullarının əzəmətli ədəbi heykəlini yaradır.
   Ordubadi zəngin yaradıcılığı ilə xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edən sənətkar olub. Sonuncu tarixi romanı olan “Qılınc və qələm”i yazmağa hazırlaşarkən əsərin əsas qəhrəmanı - dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı böyük tədqiqat işləri aparır. Yazıçı hələ 20-30-cu illərdə dövri mətbuatda Nizami haqqında dəyərli məqalələrlə çıxış etmişdi.
   “Nizaminin dövrü və həyatı” (1939), “Böyük şairin yaşadığı mühit” (1947), “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) və s. məqalələr bu qəbildəndir.
   Bunlardan əlavə “Nizami” adlı opera mətni (1939) yazmışdı.
   “Qılınc və qələm” romanı 1946 (I kitab) və 1948-ci illərdə (II kitab) çapdan çıxır. Qısa müddətdə oxucuların rəğbətini qazanır. Sonrakı illərdə dəfələrə təkrar-təkrar çap olunur. 1965-ci ildə əsər İ.Peçenevinin tərcüməsində rus dilində çap olunur.
   Ordubadi romanda Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlərə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edir. Əsər xalqın mənəvi və fiziki gücünün rəmzi olaraq “Qılınc və qələm“ adlandırılıb. Romanda ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması iftixar hissi ilə qeyd olunur. Xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların köməyinə də gedir. Mübarizə, müharibə və üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlansa da, onun əsas məsləhətçisi Nizamidir. Böyük şairlə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur.
   Romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkir, Özbək surətləri baş qəhrəmanın siyasi-ictimai görüşlərində dövrün təsvirinə kömək edirsə, Səba xanım, Hüsaməddin və başqaları süjet xəttinin davamını təmin edir. Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra sonuncu Eldəniz hökmdarı Özbəyi Əlincə qalasına saldırır. Qalada iki qoca bir-birinə öz başlarına gələn sərgüzəştləri danışır. Onlardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütlüğ İnanc, digəri kiçik oğlu Özbəkdir... Tarixi hadisələrin çox maraqlı şəkildə təsvir olunduğu “Qılınc və qələm“ Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb.   

   Savalan Fərəcov