Azərbaycan
   
   5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
   5 oktyabr 1901 - Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi ilk müsəlman qızlar məktəbi açılıb. Maarifçi-yazar Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan məktəbin direktoru onun həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
   5 oktyabr 1928 - Tanınmış ədəbiyyatşünas Məsud Əlioğlu (1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.
   5 oktyabr 1935 - Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan artıq filmə, teatr tamaşalarına musiqi yazıb.
   5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   5 oktyabr 2002 - Kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (27.4.1951 - 2002) vəfat edib. Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb, xarici ölkələrdə ifaçılıq sənətimizi nümayiş etdirib.
   
   6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” filmlərində çəkilib.
   6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.
   7 oktyabr 1369 - Dahi Azərbaycan şairi, filosof Seyid Əli İmadəddin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Əsərlərini əsasən Azərbaycan dilində, qismən fars və ərəb dillərində yazıb. Hürufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində ruhanilərin fitvası ilə "dinsiz" elan edilərək edam olunub. Qəbri Hələbdədir.
   7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.
   
   7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.
   8 oktyabr 2009 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935, Biləsuvar, Ağalıkənd - 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və s. roman, povest və hekayələri ilə geniş oxucu rəğbəti qazanıb.

   Dünya
   
   5 oktyabr 1713 - Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.
   5 oktyabr 1936 - Çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın Prezidenti (1993-2003) olub.
   5 oktyabr 1943 - Rus aktrisası, SSRİ Xalq artisti İnna Çurikova anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Həmin o Münhauzen”, “Vassa” və s.
   5 oktyabr 1975 - İngilis kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Uinslet (Kate Elizabeth Winslet) anadan olub. Filmləri: “Titanik”, “Dəyişikliklər yolu”, “Oxucu”.
   
   6 oktyabr “Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günü”dür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.
   6 oktyabr 1900 - Gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
   6 oktyabr 1914 - Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin (qədim norveçlilər) köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub.
   6 oktyabr 1940 - Rusiyanın Xalq artisti Viktor Pavlov (1940-2006) anadan olub. Filmləri: “I əməliyyatı və başqa Şurikin macəraları”, “Görüş yerini dəyişmək olmaz” və s.
   
   7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 - 1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.
   7 oktyabr 1915 - Rus şairi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.
   
   8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter, (1848-1932) anadan olub.
   8 oktyabr 1892 - Məşhur rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.
   8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», “SİTA bəyan edir...”, “Ekspansiya”.
   8 oktyabr 1939 - Avstraliya kinoaktyoru Pol Hoqan (Paul Hogan) anadan olub. Məşhur filmi: “Timsah Dandi”.
   8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, “Oğurlanmış öpüşlər”, “Ailə ocağı”.
   
   Hazırladı: Vüqar Orxan