Azərbaycan
   
   23 noyabr 1923 - Yazıçı, şair Əmrah Əmrahov (1923-1988) anadan olub. Uzun illər "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib.
   23 noyabr 1927 - Tanınmış tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayır, 1972-87-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü, “Tarix məsələləri” jurnalının baş redaktorudur.
   23 noyabr 1936 - Ədəbiyyatşünas alim, professor, yazıçı-dramaturq Aqşin Əlisəttar oğlu Babayev anadan olub.
   23 noyabr 1945 - Bəstəkar Mobil Babayev anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə musiqi yazıb.
   23 noyabr 1948 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.
   23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   24 noyabr 1922 - Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922-2.12.2002) anadan olub. “Kölgələr sürünür” filmində (Cahan), “Sevil” film-operasında (Gülüş, mahnıların ifası) çəkilib.
   24 noyabr 1924 - Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
   24 noyabr 1934 - Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. Muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov rəhbərlik edirdi.
   24 noyabr 2001 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.
   
   25 noyabr 1901 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901-6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətlər göstərib. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
   25 noyabr 1918 - Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.
   25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub.
   25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə (İbrahim) və s. filmlərdə çəkilib.
   
   26 noyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. «Şöhrət» ordeni ilə (2006) təltif edilib.
   26 noyabr 1991 - Azərbaycanda ilk müstəqil telekanal - ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb.
   
   Dünya
   
   23 noyabr 1887 - İngilis aktyoru, qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.
   23 noyabr 1933 - Polyak bəstəkarı Kşiştof Pendereski (Krzysztof Penderecki) anadan olub.
   24 noyabr 1632 - Niderland filosofu, rasionalizmin tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
   24 noyabr 1888 - Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.
   24 noyabr 1934 - Alman əsilli Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.
   
   25 noyabr 1562 - Görkəmli ispan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
   25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
   25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.
   25 noyabr 1951 - Amerika yazıçısı, detektiv seriallar müəllifi Şarlin Harris (Charlaine Harris) anadan olub.
   
   26 noyabr Dünya İnformasiya Günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatizasiya Akademiyasının təşəbbüsü ilə qeyd edilir.
   26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
   26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa, 8 dəfə “Qremmi” mükafatı laureatı Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan