Azərbaycan
   
   27 noyabr 1912 - Xalq artisti, aktyor İsa Həsən oğlu Musayev (1912-8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
   27 noyabr 1946 - Rejissor, ssenarist Akif Rüstəmov anadan olub. Bir sıra filmlərin (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissoru və rejissor assistentidir.
   
   28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852) Tiflisdə vəfat edib. 1840-cı ildən bu şəhərdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Alman şərqşünas-səyyahı Fridrix Bodenştedtlə tanış olub. Şair ona qəzəllərini hədiyyə edib. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.
   28 noyabr 1939 - Tanınmış bəstəkar, Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.
   29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi (1973-1992) olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Şəhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı olan «Heydər Əliyev» ordeni (2008), həmçinin “İstiqlal” ordeni (2008) ilə təltif olunub.
   29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi", "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
   29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrında işləyib. 1999-cu ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra filmlərdə (“Mənim ağ şəhərim”, “Əlavə təsir” və s.) çəkilib.
   
   Dünya
   
   27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib. Əsərləri: “Kameliyalı qadın”, “Diana de Lis”, “Yarıqaranlıq”, “Doktor Servan”, “Üç güclü kişi” və s.
   27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
   27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
   
   28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
   28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
   28 noyabr 1880 - Rus şairi Aleksandr Aleksandroviç Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
   28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
   
   29 noyabr 1911 - Rusiya kinooperatoru, rejissor, SSRİ Xalq artisti Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli ekran əsərlərinin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin (1953) müəllifidir. Azərbaycanın “Əməkdar incəsənət xadimi” adına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan