Azərbaycan
   
   30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən tərcümələr edib.
   
   1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Bakı Müsəlman Teatrının (1906) təşkilatçılarından biri olub. Kiçik pyeslər, vodevillər, musiqili komediyaların müəllifidir. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
   1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan televiziyası və radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
   1 dekabr 1946 - Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub. "Şahid qız" (1990), "Yuxu" (1994), "Özgə vaxt" (1996) filmlərinə musiqi yazıb.
   1 dekabr 2004 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933, Naxçıvan, Şahbuz rayonu Nursu kəndi - 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus dilindən ədəbi tərcümələr edib. “İstiqlal” ordeninə layiq görülüb (1995). Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s.
   
   2 dekabr 1929 - Şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848, Şuşa - 1929) vəfat edib. Rus satirik şairi İ.S.Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, A.O.Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   2 dekabr 1938 - Şair-publisist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub. Kitabları: "Mənim körpə çinarım", "Qəlbimin səsi", "Ömrün beşinci fəsli" və s.
   
   3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.
   3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında «Bakı bəyannaməsi» qəbul olunub.
   
   Dünya
   
   30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompyuter Avadanlıqları Assosiasiyası tərəfindən kompyuter virusları ilə mübarizə devizi altında təsis edilib.
   30 noyabr 1667 - Məşhur ingilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
   30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
   30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
   30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal” və s.
   
   1 dekabr dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
   1 dekabr 1935 - Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.
   
   2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
   2 dekabr 1888 - Məşhur türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən yaxud Silistrə” və s. 
   2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
   
   3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsinə əsasən, əlilliyi olan bütün insanların hüquqlarının qorunması məqsədilə təsis olunub.
   3 dekabr 1927 - Amerika müğənnisi və aktyoru Endi Uilyams (Andy Williams - Howard Andrew Williams) anadan olub.
   3 dekabr 1930 - Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.
   
   Hazırladı: Vüqar Orxan