Azərbaycan
   
   4 dekabr 1950 - Tanınmış ədəbiyyatşünas, yazıçı, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) Bakıda anadan olub. Kitabları: “Gizli Dədə Qorqud”, “Ruh” (pyeslər), “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma” (roman), “Sehrbazlar dərəsi” (roman) və s. 2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur.
   4 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» (Zəhra xala), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
   
   5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
   5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam və teatr xadimi Sadıq Hüseyn oğlu Şərifzadə (1912-2.1.1986) Təbrizdə anadan olub.
   5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10. 1981) anadan olub. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarmı?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” (Zeynəb) filmlərində çəkilib.
   5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.
   5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.
   5 dekabr 1927 - Tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov Füzuli rayonunun Dədəli kəndində anadan olub. “Azərbaycanfilm”in direktoru, “Azərnəşr”, “Yazıçı” nəşriyyatlarının baş redaktoru olub. “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "İlk məhəbbət" (romanlar), "Qayaların göz yaşı" (povest), "Gülüstanda qətl" (pyes) və s. əsərlərin müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
   5 dekabr 1941 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə, Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda sürgündə dünyasını dəyişib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
   
   Dünya
   
   4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib.
   4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
   4 dekabr 1896 - Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
   4 dekabr 1922 - Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-tülpan”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.
   4 dekabr 2009 - Rus aktyoru SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” telefilmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.
   
   5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
   5 dekabr 1870 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere, 24.7.1802 - 1870) vəfat edib.
   5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. «Walt Disney Productions» şirkətinin qurucusudur, cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan