Mədəni irs sahəsində regional layihələr
Xalqımızın zəngin mədəni irsi qürur mənbəyimiz, bizi dünyaya tanıdan misilsiz sərvətdir. Çağdaş qloballaşma dövründə bu sərvətin qorunub saxlanılması, öyrənilməsi və lazımi səviyyədə təbliği xüsusi önəm kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan dövləti bu məsələyə mühüm diqqət ayırır, o cümlədən bölgələrimizdə tarixi-mədəni irsin tədqiqi, mühafizə və bərpası istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Bu baxımdan 2012-ci il mühüm tədbirlər, layihələrlə yadda qalıb.
İl ərzində Naxçıvan, Şəki, Şəmkir, Ağsu, Gəncədə keçirilən konfranslarda alimlər, müxtəlif ölkələrdən mütəxəssislər bir araya gəldilər.
Ağsuda mədəni irslə bağlı iki konfrans
Ötən il Ağsuda “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə (18 aprel) həsr olunmuş konfrans və arxeoloji tur təşkil edildi. Mədəniyyət və Turizm Nazirliyinin, Ağsu Rayon İcra Hakimiyyətinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda konfransda “Azərbaycanda erkən şəhər mədəniyyəti”, “Azərbaycanın Səlcuqlu çağı memarlığında kərpic bəzəyi”, “Son orta əsr şəhərlərində kərpic memarlığı” və s. mövzularda məruzələr dinlənildi, geniş təhlillər aparıldı.
Oktyabrın 2-də Ağsu daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Doqquz Eylül Universiteti, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi və “Miras” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransının iştirakçıları orta əsr Ağsu şəhər yerində aparılan qazıntılar, konservasiya işləri barədə məlumat aldılar, burada yaradılan komplekslə, “Orta əsr Ağsu şəhəri” sərgisi ilə tanış oldular. Konfransda Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivlərindən söhbət açıldı. Müxtəlif ölkələrdən alimlər, mütəxəssislər, memarlar orta əsr memarlığının öyrənilməsi istiqamətində maraqlı təşəbbüslərlə çıxış etdilər. Konfrans iştirakçılarına Azərbaycanın bu qədim şəhərinin tarixi, mədəni irsi, folkloru, mətbəxi ilə tanışlıq imkanı yaradıldı.
Abidələrin bərpası və
təyinatı üzrə istifadə
Abidələrin təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən il də müntəzəm olaraq tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və layihələndirmə işləri aparılıb. Şəki şəhərində yerləşən Şəkixanovların evində, Quba rayonunun Xınalıq kəndindəki Əbu-Müslim məscidində, Gəncədə “Şah Abbas” karvansarasında, Bərdədə “Allah-Allah” və Füzuli rayonunda “Şeyx Babı” türbələrində bərpa işləri davam etdirilib. Qəbələ rayonunun Nic kəndində “Bulun” və “Göyün” məbədlərinin, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindəki “Səlbir” qalasının, “Şabran şəhəri” tarix-mədəniyyət qoruğu abidələrinin bərpa-konservasiyası üzrə layihələr hazırlanıb. Bununla yanaşı, cari layihələr çərçivəsində abidələrin ətrafında möhkəmləndirmə işləri davam etdirildi, həmçinin abidələrə gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılıb.
İslam irsinin zəngin xəzinəsi
Mədəniyyət abidələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi mədəni irsin təbliği və qoruqların fəaliyyətinin təkmilləşdirilməsi baxımından qabaqcıl mexanizmlərin tətbiqinə yol açır. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ardıcıl iş aparılır. Şəki şəhəri “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun bu siyahıya daxil edilməsi üçün nominasiya faylı hazırlanır.
Ötən il bölgələrdə İslam tarixi və mədəniyyətini özündə əks etdirən abidələrimizin İSESCO-nun İslam irsi siyahısına daxil edilməsi üçün də hazırlıq işlərinə start verilib. Bu yöndə Bərdə şəhərindəki “Allah-Allah” və Füzuli rayonunda “Şeyx Babı” türbələri, Hacıqabul rayonundakı “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruqları ilə bağlı müzakirələr aparılır.
Bir sıra arxeoloji
abidələr aşkarlanıb
2012-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən ölkənin müxtəlif bölgələrində aparılmış ekspedisiyalar məhsuldar olub. “Şabran şəhəri” tarixi, “Çıraqqala” tarix-memarlıq, Xınalıq tarix-memarlıq və etnoqrafiya qoruqlarının ərazilərində aparılmış arxeoloji qazıntılar və elmi-tədqiqat işləri nəticəsində müxtəlif zamanlara aid kurqanlar, yaşayış yerləri aşkar edilib. Dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış qədim Şəmkir şəhər yerində aparılan tədqiqatlar bu ərazinin tarix-mədəniyyət qoruğu elan edilməsinə zərurət yaradıb, bunun üçün müvafiq sənədlər hazırlanıb.
Onu da qeyd edək ki, ötən ilin iyulunda Şəmkir rayonunda Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclasında bölgədəki tarixi abidələrin abadlaşdırılması, onların turizm məqsədilə istifadəsi məsələləri də geniş müzakirə olunub. İclasdan sonra nazir Əbülfəs Qarayev və kollegiya iştirakçıları qədim Şəmkir şəhərinin ərazisində və Şəmkir qalasında arxeoloji tədqiqatların gedişi ilə tanış olublar. Qalada aparılmış arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilib.
Hazırda Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. 2001-ci ilin dövlət reyestrinə əsaslanan bu məlumatın yenilənməsi üçün ölkə ərazisində yeni aşkar olunmuş abidələrin ilkin siyahısı hazırlanıb. 1725 abidənin qeyd olunduğu siyahı AMEA-nın müvafiq institutları ilə razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Bölgələrin mədəni irsi ilə
bağlı proqramlar
Azərbaycan Avropa Şurasının mədəni irs sahəsində həyata keçirdiyi “Avropa İrs Günləri”, “Avropa İrs Şəbəkəsi” və “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihələrdə fəal iştirak edir. Həmçinin bölgələrin mədəni irsi ilə bağlı proqramlar hazırlanır. Ötən dövrdə “2013-2016-cı illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə”, “2013-2017-ci illərdə Basqal Dövlət tarix-mədəniyyət qoruğunun inkişafı”, “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair” Dövlət Proqramlarının qəbul edilməsi istiqamətində müvafiq işlər görülüb. “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamına əsasən Şəki mədəni irsinin qorunması və bərpası ilə bağlı kollegiya iclası keçirilib, müvafiq qərarlar qəbul edilib.
Ceyhun Zərbəliyev