Dursun Musayeva,
   Müşfiqabad qəsəbə Mədəniyyət Evinin metodisti
   

   

   Gəncliyin səsi
      
   Mən gəncliyəm!
   Qüdrətimə tunc qayalar baş əyib.
   Keşməkeşli cığırlarda neçə dəfə
   ayağıma daş dəyib.
   Dönməmişəm öz yolumdan
   vuruşmuşam zaman-zaman.
   Əsrləri inadımla döyə-döyə
   yumruğumla yol açmışam
   gələcəyə.
   
   
   Mən gəncliyəm!
   Saf məhəbbət, sevgi olub qanadım.
   Zaman haqqın tərəzisi
   Pərsəngində neçə yaxşı,
   neçə yaman sanadım.
   Dünya köhnə dəyirmandı
   get-gəlində dönə-dönə sınandım,
   Mən insanlar arasında
   qardaşlığa, məhəbbətə inandım.
   
   Mən gəncliyəm!
   Sevdiyim gün doğulmuşam,
   Halal qandan doğru, düzgün doğulmuşam,
   Mən dünyanı sevmək üçün doğulmuşam.
   Sərhədsizdi məhəbbətim
   Dili, dini, irqi yoxdur.
   Bir Allahın bəndəsiyik,
   insanıqsa fərqi yoxdur.
   
   
   Mən gəncliyəm!
   Bu dünyanı məhəbbətə çağırıram.
   Boğur ərzi siyasətin dumanları,
   Mən dünyanı ədalətə çağırıram,
   həqiqətə çağırıram.
   Millətləri bir-birinə vuranlara,
   Qana həris, pula düşkün tiranlara,
   İkiüzlü, ikibaşlı ilanlara yox deyirəm!
   Yetər artıq, bir-birini qırdı bəşər
   Terrorlara, talanlara yox deyirəm!
   
   
   Mən gəncliyəm!
   Qoruyuram vətənimin sərhədini.
   Üz-üzəyəm, göz-gözəyəm düşmən ilə.
   Bir imzaya, əmrə bəndəm,
   Yaraqdayam, himə bəndəm
   Mənə yumruq göstərənə
   Bildirərəm öz həddini.
   
   
   Mən gəncliyəm!
   Odlar yurdu, Azərbaycan vətənim,
   Oğuz köküm, ulu Turan vətənim.
   Torpaqları sərhədindən soyulan,
   Damarımda kükrəyən qan - Vətənim
   Murov, Laçın, Qoşqar mənəm,
   Araz mənəm, Kür mənəm.
   Bunu bilsin, yağı düşmən,
   Torpağımdan bir qarış da
   Bir kimsəyə vermərəm!
   
   
   Mən gəncliyəm!
   Od nəfəsim əridəcək zülmətləri,
   Yer üzündə sülh olacaq,
   Gül açacaq insanlığın şah əsəri.
   Müharibə, terror sözü
   Lüğətlərdən silinəcək,
   Dünya üzü daha xoşbəxt,
   Daha məsud görünəcək.
   Bir dil ilə danışacaq bəşər o gün
   Sevgi dili, nəğmə dili -
   Daha doğru, daha düzgün.
   
   
   Mən gəncliyəm!
   Xəyanəti bəd şiş kimi, yara kimi
   Kəsib atmaq istəyirəm,
   Mən yaratmaq istəyirəm.
   Səhralarda ev tikirəm,
   Qayalardan yol çəkirəm,
   Ömrüm boyu haqq yolunda çalışmağa,
   Vətən üçün məşəl kimi alışmağa
   Qol çəkirəm, qol çəkirəm!